30 Yanvar 2026 / 03:19

Fidan Aİ-ni müdafiə qabiliyyətlərini artırmağa çağırdı

Avropa öz müdafiə qabiliyyətlərini artırmalıdır, əks halda, müxtəlif güclərdən və ağırlıq mərkəzlərindən asılı vəziyyətə düşmək riski ilə üzləşir.

Tezadlar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə”yə verdiyi müsahibədə bildirib.

“NATO, şübhəsiz ki, transatlantik icma üçün təhlükəsizlik əməkdaşlığının əsas çərçivəsi olaraq qalır və həm Avropanın, həm də ABŞ-ın maraqlarına xidmət edir. Lakin, ABŞ ilə Avropa arasında fikir ayrılığı yaranarsa, Avropa birtəhər müdafiə qabiliyyətlərini artırmalıdır”, – deyə Fidan vurğulayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı artıq müdafiə sənayesində tədbirlər görür, lakin bu, kifayət deyil. Nazir Böyük Britaniya, Türkiyə və əsas Avropa ölkələrinin yeni Avropa təhlükəsizlik sisteminin yaradılması ilə bağlı əsaslı müzakirələr aparmasının vacibliyini vurğulayıb.

“Əgər regionda kollektiv təhlükəsizlik qabiliyyətimiz yoxdursa, müxtəlif güclər və ağırlıq mərkəzləri ətrafında fırlanacağıq. Avropa öz güc mərkəzini yarada bilər. Əgər Böyük Britaniya, Türkiyə, Fransa, Almaniya və digər böyük Avropa ölkələri müstəqil qərarlar qəbul edə bilsələr, transatlantik ittifaqa, Çinə və ya Rusiyaya doğru meyl etmək məcburiyyətində qalmayacağıq”, – Fidan aydınlıq gətirib.

Əvvəllər Türkiyə Avropa ölkələrinin gələcək təhlükəsizlik strukturunu birgə müzakirə etməsini təklif etmişdi. Fidan qeyd edib ki, NATO hazırda effektiv fəaliyyət göstərə bilir və təhlükəsizlik əməkdaşlığı üçün əsas platforma olaraq qalır. Lakin, onun fikrincə, transatlantik icma daxilində “ciddi problemlərin” mövcudluğu alyansın strukturunda dəyişikliyə işarə edir.

Daha əvvəl Fransa Avropada təhlükəsizlik arxitekturası məsələlərini Rusiya ilə müzakirə etməyin zəruriliyini bildirmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!