26 Mart 2019 / 11:02

Fikrət Yusifov, Fərhad Əliyev bir söz deyir, ABŞ isə başqa söz… -2

Fikrət Yusifov, Fərhad Əliyev bir söz deyir, ABŞ isə başqa söz…

Tarix: 6/1/2015

“Təzadlar” 10 il əvvəl baş vermiş məlum qalmaqallı hadisələrin əsas qəhrəmanlarının istintaqa verdiyi ifadəsini əldə edib…

Xatırladaq ki, 2005-ci ilin parlament seçkiləri ərəfəsində bir çox məşhurlar, o cümlədən iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı, “Azpetrol” şirkətlər qrupunun prezidenti Rafiq Əliyev, YAP-ın yaradıcılarından biri, səhiyyə naziri Əli İnsanov, Prezident Administrasiyasının təsərrüfat işləri müdiri Akif Muradverdiyev (ötən il yenidən həbs edildi), “Azərkimya” Dövlət Şirkətinin keçmiş prezidenti Fikrət Sadıqov, sabiq maliyyə naziri Fikrət Yusifov, Milli Elmlər Akademiyasının prezidenti Eldar Salayev və Nəsimi RPİ-nin rəis müavini İlqar Rəhimzadə həbs olundular… Məlum həbsləri Milli Təhlükəsizlik Nazirliyi həyata keçirmişdi. Nəhayət, bu həbslərin ardınca Baş Prokurorluq, Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri birgə rəsmi məlumat yaymışdı…

(Əvvəli ötən sayda)

Beləliklə, Azərbaycan MTN-nin, Respublika Prokurorluğu və DİN-in rəsmi arayışında daha sonra deyilir: “…İstintaq araşdırmaları göstərib ki, təqsirləndirilən şəxs qismində cəlb olunmuş Fikrət Yusifov Rəsul Quliyevin tapşırığı ilə “Azərkimya” Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqovla onun xidməti kabinetində görüşərək, Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi üçün maliyyə vəsaitlərinin gərəkli olduğunu bildirib. Bu təşəbbüsü dəstəkləyən Fikrət Sadıqov onunla mütəmadi olaraq görüşərək, ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul verib… Fikrət Yusifov ifadəsində pulun alınması barədə apardıqları telefon danışıqları zamanı konspirasiya məqsədi ilə müxtəlif kodlaşdırılmış sözlərdən istifadə etdiklərini göstərib. Əldə olunmuş razılığa əsasən, Fikrət Sadıqov sürücüsü Qəhrəman Qəhrəmanov vasitəsilə 2005-ci il oktyabrın 16-da “Flaqman” restoranında Fikrət Yusifova 10 min ABŞ dolları məbləğində pul çatdırıb. Şahid qismində istintaqa ifadə verən Fikrət Sadıqov bu məqsədlərlə hələ 2001-ci ildən başlayaraq, ayrı-ayrı vaxtlarda Fikrət Yusifova müxtəlif məbləğlərdə, cəmi 30 min ABŞ dolları pul verdiyini təsdiqləyib…”.

Fərhad Əliyev indiki hakimiyyətin sonuna az qaldığını Akif Muradverdiyevə niyə deyirmiş?

İstintaqın gedişatında, oktyabrın 22-də Prezidentin sabiq işlər müdiri Akif Muradverdiyev Baş prokurora ərizə ilə müraciət edərək, dövlət hakimiyyəti əleyhinə hazırlanan cinayətlə bağlı ona məlum olan faktları açıqlamaq istədiyini bildirib. Bu barədə Azərbaycan MTN-nin, Respublika Prokurorluğu və DİN-in rəsmi arayışda ətraflı bəhs olunur. Sitat: “Akif Muradverdiyev verdiyi ifadədə cari il oktyabr ayının 13-də sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin xidməti kabinetində görüşdüyünü və Fərhad Əliyevin indiki hakimiyyətin sonuna az qaldığını, özünün və Əli İnsanovun heç nədən qorxmadığını, bu baxımdan mövcud iqtidara qarşı fəaliyyətin gücləndirilməsinin vacibliyi barədə danışdığını qeyd edib. Bundan əlavə, cinayət işi üzrə təqsirləndirilən, habelə şübhəli şəxs və şahid qismində dindirilən şəxslərin hamısı Akif Muradverdiyevin anti-konstitusion hərəkətlərin hazırlanmasında yaxından iştirak etdiyini öz ifadələrində təsdiqləyiblər. Bu səbəbdən Akif Muradverdiyev 2005-ci il oktyabrın 24-də təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub və onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həmçinin törətdikləri əməllərə görə İlqar Rəhimzadə və Sabir Baxşəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar və məhkəmənin qərarı ilə onların haqqında həbs qətimkan tədbiri seçilib.

Dövlət çevrilişinə gedən yol…

2005-ci ilin noyabrın 1-də isə məlum dövləti cinayətlə əlaqədar olaraq AzTV-də Respublika Baş Prokurorluğunun, Milli təhlükəsizlik və Daxili işlər nazirliklərinin məlumatı əsasında hazırlanmış xüsusi buraxılış efirə verilmişdir. “Təzadlar” həmin verilişin mətnini oxuculara təqdim edir:
APARICI: Son vaxtlar ölkəmizdə baş verən ictimai-siyasi hadisələr hamının diqqət mərkəzindədir. 2005-ci il noyabrın 6-na təyin olunmuş parlament seçkiləri ərəfəsində demokratik dəyişikliklərə çağırış pərdəsi altında ölkədə vəziyyəti qəsdən gərginləşdirmək cəhdləri, həmin proseslərin məqsədyönlü şəkildə idarə olunması və qərəzli xarakter daşıması artıq hamıya bəllidir. Külli miqdarda maliyyə vəsaitini talamaqda, qulluq mənafeyi əleyhinə cinayətlər törətməkdə təqsirləndirilərək barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmiş və beynəlxalq axtarış elan olunmuş Rəsul Quliyev ədalət mühakiməsindən yayınmaq və antikonstitusion yolla hakimiyyətə gəlmək məqsədi ilə ölkədə bəzi tərəfdarlarının və müəyyən destruktiv qüvvələrin dəstəyinə arxalanaraq, parlament seçkiləri ərəfəsində daha da fəallaşmış, növbəti cinayətkar əməllərə əl atmışdır.
Rəsul Quliyev həbsinə imkan verilməməsi üçün bu işə geniş əhali kütləsini cəlb etmək, hakimiyyətin devrilməsində maraqlı olan şəxslərlə əlaqə yaratmaq və onların maliyyə imkanlarından istifadə etmək, silahlı müqavimətədək xüsusi hazırlıq işlərinin görülməsi tapşırığını vermişdir. Bundan başqa, qanunazidd hərəkətlərin qarşısının alınması zamanı hakimiyyətin zorla ələ keçirilməsi məqsədi ilə külli miqdarda maliyyə vəsaitinin ayrılması, onun iğtişaşa cəlb ediləcək qüvvələrə paylanmasına məsul əlaqələndirici şəxsin Azərbaycanın keçmiş maliyyə naziri Fikrət Yusifov olması müəyyən edilmiş və o, oktyabrın 16-da şübhəli şəxs qismində tutulmuş və məhkəmənin müvafiq qərarına əsasən həbs edilmişdir. Cinayət işinin istintaqı ilə əlaqədar Fikrət Yusifovun mənzilində aparılmış axtarış zamanı 100 min avro, 60 min ABŞ dolları götürülmüşdür.
Baş verən prosesləri diqqətlə izləyən, onun qarşılanmasına geniş əhali kütləsinin toplaşmadığını, tərəfdarlarının hüquqazidd əməllərinin qarşısının hakimiyyət orqanları tərəfindən qətiyyətlə alındığını və bununla da hakimiyyəti zorla ələ keçirmək planının iflasa uğradığını görən Rəsul Quliyev Bakıya gəlmək niyyətindən əl çəkir.
Respublikamıza geri dönmək niyyətinin baş tutmadığını görən Rəsul Quliyevin artıq əli hər şeydən üzülmüşdür. O, hakimiyyətin zorla ələ keçirilməsi, planlaşdırılan kütləvi iğtişaşlara cəhd ediləcək təxribatçı dəstələrin təşkili və bu işlərin maddi təminatı məsələlərində razılığa gəldiyi tərəfdaşlarından cidd-cəhdlə imtina etməyə başlayır.
2005-ci il oktyabrın 24-də Rəsul Quliyev telefon vasitəsilə verdiyi bəyanatda Fikrət Yusifova heç bir tapşırıq vermədiyini bildirməklə, özünün iç üzünü bir daha açdı. O, istəyi baş tutmayanda ən yaxın silahdaşlarından belə imtina etməklə riyakar xislətini əyani şəkildə sübut etdi. “Fikrət Yusifov vasitəsilə Fərhad Əliyevə, o cümlədən Əli İnsanova heç bir sifariş göndərməmişəm, qəti əminliklə bildirirəm ki, mən bu adama tapşırıq verməmişəm”.
İndi isə gəlin, Baş prokurora ərizə ilə müraciət edərək, Rəsul Quliyevin və onun tərəfdarlarının Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönəlmiş hazırlıq hərəkətləri barədə könüllü şəkildə məlumat verən Fikrət Yusifovun özünü dinləyək.
FİKRƏT YUSİFOV:
-Mən Yusifov Fikrət Hüseyn oğlu-2001-ci ilin iyun ayında Sankt-Peterburq şəhərində Maliyyə-İqtisad Universitetində doktoranturada oxuyarkən Rəsul Quliyev mənə Amerika Birləşmiş Ştatlarından telefon açıb hal-əhval tutdu. Hal-əhval tutandan sonra yaxın zamanlar içərisində Azərbaycana geriyə dönmək barədə qərarlı olduğunu bildirdi. Bununla əlaqədar olaraq, müəyyən problemlərin həllinin aktuallığını vurğuladı. O, mənimlə danışıq zamanı ilk növbədə bildirdi ki, onun dönüşü ilə bağlı müəyyən təşklilati məsələlərin həllinə ehtiyac vardır. Məndən soruşdu ki, Azərbaycana nə vaxt gedəcəksən? Mən ona dedim ki, hələ bilmirəm, yəqin yaxın günlər içərisində bu bilinəcəkdir. Bir həftədən sonra yenidən mənə zəng etdi. Artıq bu zaman mən bilirdim ki, yaxın on günün içərisində Azərbaycana dönəcəyəm. Mən ona bu barədə növbəti danışığımız zamanı dedim. Dedim ki, mən on günün içərisində Azərbaycana gedəcəyəm. O da mənə dedi ki, əgər belə olarsa, sən gedəndə orada bəzi adamlar var, mən onlardan xahiş edəcəyəm, sən onlarla görüşərsən və bu görüş zamanı mənim xahişlərimi onlara çatdırarsan. Belə də oldu…
MÜSTƏNTİQ:
-Bəs necə izah edə bilərsiniz ki, Rəsul Quliyev Azərbaycanda sizin kimi bir neçə keçmiş nazir olduğu halda, məhz sizə müraciət etdi. Bunun səbəbi nə idi?
FİKRƏT YUSİFOV:
-Doğrusu, bu sual məni də xeyli vaxt düşündürübdür ki, nəyə görə məhz məni seçibdir. Çünki onu bilirəm ki, çox adamlarla əlaqəsi var idi. Elə onun sifariş etdiyi adamların özləri ilə də müəyyən bir formada əlaqə saxlaya bilərdi, yaxud başqa adamlarla. Öz partiyasında nə qədər adam var, onlarla əlaqə saxlaya bilərdi.
Əvvəla, onu deyim ki, Rəsul Quliyev mən işləyən dövrdən məni tanıyırdı. Yəni mən nazir işləyəndə o, Milli Məclisin sədri idi. Bir neçə dəfə olmuşdu ki, müəyyən sahələrin maliyyələşməsi, müəyyən sahələrə vəsait açılması ilə əlaqədar mənə müraciətlər etmişdi. Bir neçə belə epizodlar olmuşdu. Ona görə o, hesab edirdi ki, bu məsələlərdə də, onun hakimiyyətə gəlişi ilə bağlı maliyyə problemlərinin həlli, maliyyə məsələlərində dəqiqliyin təmin olunması və bu işlərin dəqiq aparılması yəqin mənim tərəfimdən mümkündür. Ona görə mənə ümid edirdi. Eyni zamanda bilirdi ki, hakimiyyətə gəlişi ilə bağlı baş verəcək prosesləri, yəni onun düşündüyü prosesləri etibar edib mənə tapşıra bilər. Ona görə yəqin mənə bel bağlayırdı.
MüSTƏNTİQ:
-Hansı prosesləri?
FİKRƏT YUSİFOV:
-Yəni onunla bir neçə dəfə söhbət etdik. Dediyim kimi, gəlişində kütləviliyi təmin etmək və kütləviliyin fonunda hakimiyyət dəyişikliyi etmək. O, ilk növbədə, “Azərikimya” şirkətinin prezidenti Fikrət Sadıqovun adını çəkdi və dedi ki, onunla görüşərsən.
APARICI (AzTV-də yayımlanan bu məzmunlu verilişdə kadr arxasından deyilən tekst): “Rəsul Quliyevin tapşırığı ilə “Azərikimya” Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqovla onun xidməti kabinetində görüşən Fikrət Yusifov Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi üçün maliyyə vəsaitlərinin gərəkli olduğunu bildirir. Bu təşəbbüsü dəstəkləyən Fikrət Sadıqov onunla mütəmadi görüşərək, ayrı-ayrı vaxtlarda ona müxtəlif məbləğlərdə pul verir.
(Davamı var)
“Təzadlar”ın Araşdırma Qrupu

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!