Ukrayna Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluğu və Finlandiyanın hüquq-mühafizə orqanlarının sübutları əsasında Finlandiya məhkəməsi Ukraynada hərbi cinayətlər törətmiş Rusiya vətəndaşı Yan Petrovskini ömürlük həbs cəzasına məhkum edib.
Tezadlar.az Ukrayna DTX-nin saytına istinadla bildirir ki, hökmü Helsinki Rayon Məhkəməsinin sədri elan edib. DTX qeyd edir ki, bu, Finlandiya tarixində Rusiya vətəndaşının Ukraynaya qarşı hərbi cinayətlər törətməkdə təqsirli bilindiyi ilk haldır.İş materiallarına görə, Yan Petrovski (Vojislav Torden kimi də tanınır) 2014-cü ilin payızında Luqansk vilayətində 22 Ukrayna əsgərinin qətlində və Ukrayna Silahlı Qüvvələrinin daha dörd əsgərinin ağır yaralanmasında iştirak edib. Bundan sonra o ölən və işgəncəyə məruz qalan ukraynalı hərbçilərin cəsədləri fonunda şəkillər çəkdirib. Həmçinin o Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin 2-ci Ordu Korpusunun “Rusiç” təxribat və kəşfiyyat hücum qrupunun tərkibində olub. Petrovski düşmən qrupunun komandirinin müavini vəzifəsində olarkən isə Ukraynanın şərqində Antiterror Əməliyyatı Qüvvələrinə qarşı döyüşlərdə iştirak edib. 20 iyul 2023-cü ildə Finlandiya polisi Helsinki hava limanında onu saxlayıb. Sonra Finlandiya Milli Təhqiqat Bürosu Ukrayna DTX ilə birlikdə Petrovskinin hərbi cinayətləri ilə bağlı birgə araşdırmaya başlayıb. Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları finlandiyalı tərəfdaşlarına bu işin araşdırılmasında hərtərəfli yardım göstəriblər. Xüsusilə zərərçəkmişlər və şahidlərlə istintaq hərəkətləri həyata keçirib, əlavə məhkəmə-tibbi ekspertizalarına başlanılıb.
Beləliklə, Finlandiya məhkəməsində presedent baş verib, dünya ölkələri məhkəmələrinin hakimləri bu hökmü sensasiya kimi qarşılayıb.
A.Məmmədli