Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Artıq ikinci sezonda final bölümü yayımlanmış Türkiyə istehaslı olan “Kral kaybederse”ni qələmə alan psixiatr-yazıçı Gülseren Budayıcıoğlu mətbuatın suallarını cavablandırıb.

Tezadlar.az xəbər verir ki, yazıçı NTV kanalına müsahibəsində filmin baş qəhrəmanı Kənanın heç də təxəyyülün məhsulu olmadığını, 20 il boyunca yanına gəlib- gedən, hərdən 2 il, 3 il ona müraciət etməyən pasiyentinin həyat hekayəsi olduğunu açıqlayıb.
O, qeyd edib ki, bu illər ərzində Kənan həyatını, çəkdiyi iztirabları ona danışıb.
“Kənan narsist idi. Onun həyatında çoxlu sayda qadınlar olmuşdu. Həmişə istədiyini əldə etməyə adət etmiş biri olaraq gözləmədiyi halda qadın tərəfindən tərk edildikdən sonra sındı, incidi. Narsistlər kövrək olurlar, hər nə qədər güclü və uğurlu karyeraları olsa belə”.
O vurğulayıb ki, filmin sonunda olduğu kimi, doğrudan da bir gün tanımadığı bir şəxs ona kitabça gətirib verib, hansı ki, Kənan müflisləşərək kimsəsizlər evində yaşayan zaman həmin gündəlikdə yaşadığı həyatını yazıb.
Yazıçı hələ də Kənanı xatırlayarkən onun başına gələnlərə görə kövrəldiyini dilə gətirib.
Qeyd edək ki, “Kral kaybederse” serialının Azərbaycanda da xeyli sayda izləyicisi var. Filmin baş rolunu “Kənan”ı məşhur aktyor Halit Ergenc yüksək məharətlə ifa edib və tamaşaçıların rəğbətini qazana bilib. Serial uğurlu karyerası olan, cəmiyyətdə, iş aləmində böyük nüfuza sahib olan Kənan Baranın həyatından bəhs edir. Sıfırdan ən yüksək mərtəbəyədək yüksələn Kənan hər zaman özünə yüksək dəyər verən, başqalarının onu sevməsinə alışmış narsist bir kişi obrazıdır. O, qadınları yüksək mədəni davranışı, diqqəti, xarizması, geyimi, hətta gülüşü ilə özünə cəlb etməyə, istədiyi zaman həyat yoldaşına, sevgililərinə xəyanət etməyə, bir anada belə tərk etməyə alışmış bir eqoist xarakterə malikdir. Kənan kimsəni sevməz, onun üçün sevgi anlardan ibarətdir, hamı onu sevməyə məcburdur, hətta dostları belə onda səhv tapa bilməz. O, özünü “Kral” hesab edir. “Kral” isə həmişə uğur qazanmalıdır. Və nəhayət, bir gün “Kral”ı ətrafındakı hər kəs tərk edir. O psixiatrın (Gülseren) qəbuluna gedir. Lakin psixiatrın tövsiyələrini də eşitmir, onlara əməl etmir. Məsuliyyətsizliyindən bütün əmlakını, varidatını itirir və həyatının sonunu kimsəsizlər evində keçirmək məcburiyyətində qalır. Və burada səhvlərindən nəticə çıxarır. Oradakı insanlara dəstək olur, onların rəğbətini qazanır. Kənan Baran öz həyat hekayəsini qələmə alır və həmin kitabçanı o öldükdən sonra psixiatrına verirlər.
Xatırladaq ki, bu, “Kral kaybederse” Gülseren Budayıcıoğlunun qələmə aldığı əsər əsasında lentə alınmış ilk serial deyil. Onun əsərləri əsasında ”Kırmızı oda”, “Masumlar apartmanı”, “Camdakı qız”, “Çöp adam”, “Doğduğun ev kaderindir”, “İstanbullu gelin” kimi məşhur seriallar çəkilmişdir. Budayıcıoğlu bütün əsərlərində insan talelərindən, psixoloji durumu ağır olan şəxslərdən bəhs edir.
“Kral kaybederse” əsəri əsasında çəkilmiş serial isə bütün insanlara verilən bir həyat, ibrət dərsidir və hər kəs ondan nəsə öyrənə, götürə bilər.
JASMİN