28 İyul 2025 / 10:33

Gürcüstan ABŞ-la əməkdaşlığa hazırdır və…

İyulun 25-də Gürcüstanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Tamar Taliaşvili ABŞ prezidenti Donald Trampa Ağ Evdə etimadnaməsini təqdim edib. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, mərasim çərçivəsində keçirilən görüşdə prezident Tramp yeni səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən prezident Mixeil Kavelashvili səfirin ABŞ prezidenti ilə görüşünü müsbət hadisə kimi dəyərləndirib və Gürcüstan tərəfinin münasibətlərin “yenidən yüklənməsinə” hazır olduğunu bildirib: “Sevindirici haldır ki, səfirimiz artıq ABŞ prezidentilə görüşüb və bizim mesajlarımızı çatdırıb. Biz münasibətlərin yenilənməsinə hazırıq və qarşı tərəfdən addımlar gözləyirik,” – deyə Kavelaşili bildirib. O, qeyd edib ki, münasibətlərin inkişafı üçün məsuliyyəti və təşəbbüsü ABŞ-ın hazırkı administrasiyası və Dövlət Departamenti üzərinə götürməlidir. Prezidentin sözlərinə görə, əvvəlki ABŞ administrasiyası ilə münasibətlərdə fərqli yanaşmalar mövcud olub və bu yanaşma yeni administrasiya ilə dəyişib: “Biz əvvəldən həmin dəyərlər və çağırışlar haqqında danışırdıq. Biz bu çağırışlarla mübarizə aparırdıq – ABŞ və ya Aİ ilə yox. O zaman onların yanaşması ikili standartlara əsaslanırdı və indi bunu yeni administrasiya da etiraf edir,” – deyə o əlavə edib. Kavelaşvili bildirib ki, ABŞ-dan gələn ittihamların arqumentsiz olduğunu və tez-tez “rusiyapərəstlik” ittihamının əsasız şəkildə səsləndirildiyini düşünür: “Bu gün biz tam səmimiyik, açıq şəkildə vətəndaşlarımıza hansı yolu seçdiyimizi deyirik. Əgər qarşılıqlı addımlar olmasa, biz mövqeyimizi dəyişməyəcəyik,” – deyə prezident vurğulayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!