Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tbilisi–Bakı arasında sərnişin qatarları 6 illik fasilədən sonra bərpa olunur. Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb. Bildirilir ki, Tbilisi–Bakı arasında gündəlik sərnişin dəmir yolu nəqliyyatı 26 may tarixindən etibarən yenidən fəaliyyətə başlayacaq. Məlumata görə, qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıya səfəri çərçivəsində Azərbaycan tərəfi ilə imzalanmış İkitərəfli Koordinasiya Şurasının protokolu əsasında qəbul olunub.
Protokola əsasən, yeni Bakı–Tbilisi–Qars dəmir yolu hissəsi tam istifadəyə veriləcək. Sənədi Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar. Görüş zamanı tərəflər iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafındakı müsbət dinamikanı və Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının rolunu müzakirə ediblər. Gürcüstan tərəfi Komissiyanın növbəti iclasına yaxın gələcəkdə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib.
Bundan əlavə, regional və qlobal geosiyasi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, regionda davamlı inkişaf və sabitliyin təmin olunması üçün sülhün vacibliyi vurğulanıb. Tərəflər həmçinin Gürcüstan və Azərbaycanın birgə həyata keçirdiyi regional layihələrin əlaqələrin möhkəmlənməsindəki rolunu qeyd ediblər. Görüşdən sonra enerji və nəqliyyat sahələrini əhatə edən bir sıra sənədlər də imzalanıb. Bunlara iki ölkə arasında elektrik enerjisinin təchizatı və tranzitinin əsas şərtlərini müəyyən edən 20 illik hökumətlərarası saziş, eləcə də 2003-cü ildə imzalanmış Azərbaycandan qaz alqı-satqısı müqaviləsinin 20 il müddətinə uzadılması daxildir.
Sənədlərin imzalanma mərasimində Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Azərbaycan Prezidenti İlham Əliyev iştirak ediblər.