Gürcüstanın Kvemo Kartli Polis İdarəsinin Marneuli Rayon Şöbəsi əməkdaşları iki Azərbaycan vətəndaşını saxlayıb. Tezadlar.az Gürcüstan DİN-ə istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, 1966-cı il təvəllüdlü C.M və 1993-cü il təvəllüdlü M.M qabaqcadan əlbir olaraq külli miqdarda saxta pul mübadiləsi faktı ilə ittiham olunurlar. İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər “Qırmızı Körpü” gömrük-keçid məntəqəsinin yaxınlığında yerləşən valyutadəyişmə məntəqəsində 7 ədəd saxta 500 avroluq əskinası dəyişdiriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxta pulları sübut kimi götürüblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb. Qanunvericiliyə əsasən, bu əməlin cəzası 10 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutur.







