12 Noyabr 2025 / 07:29

Gürcüstanın və Türkiyənin müdafiə nazirləri C-130 təyyarəsinin qəzasını müzakirə ediblər

Gürcüstan baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani və Türkiyənin milli müdafiə naziri Yaşar Güler Gürcüstan ərazisi üzərində qəzaya uğrayan Türkiyə hərbi nəqliyyat təyyarəsinin qəzası ilə bağlı söhbət ediblər.

Tezadlar.az bildirir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat verib.

Məlumatda deyilir: “Müdafiə naziri və baş nazirin müavini İrakli Çikovani Türkiyənin müdafiə naziri Yaşar Gülerlə danışıb. Telefon danışığı zamanı Çikovani Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı dərin hüznlə başsağlığı verib”.

Qeyd edək ki, 11 noyabrda Türkiyə Müdafiə Nazirliyi Azərbaycandan yola düşən 20 türk hərbçisini daşıyan Türkiyə hərbi C-130 təyyarəsinin Gürcüstanda qəzaya uğradığını bildirib. Gürcüstan tərəfinin məlumatına görə, təyyarə Gürcüstan hava məkanına daxil olduqdan bir neçə dəqiqə sonra qəza siqnalı göndərmədən radarlardan itib, bundan sonra agentlik axtarış-xilasetmə əməliyyatına başlayıb. Hərbi nəqliyyat təyyarəsi Gürcüstan-Azərbaycan sərhədindən təxminən 5 kilometr aralıda, Siqnaqi bələdiyyəsində qəzaya uğrayıb. Gürcüstan Daxili İşlər Nazirliyi ölümlə nəticələnən təhlükəsizlik və ya hava nəqliyyatı qaydalarının pozulması maddəsi ilə cinayət işi açıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!