Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstan Xarici İşlər Nazirliyi Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən qəbul edilən Gürcüstanla bağlı hesabatı tənqid edib. Tezadlar.az xəbər verir ki, nazirliyin bəyanatında sənədin reallığı əks etdirmədiyi bildirilib. Qeyd olunur ki, hesabatın müəllifi litvalı deputat Rasa Yukneviçienedir və sənəd “faktların məqsədli şəkildə təhrif edilməsi, absurd ittihamlar və manipulyasiya üsulları ilə dezinformasiyanın yayılmasına xidmət edir”. Nazirlik hesab edir ki, bu cür yanaşma Avropa Parlamentinin nüfuzuna zərər vurur və Gürcüstan cəmiyyətində Avropa İttifaqı institutlarına olan etimadı sarsıdır. Bəyanatda həmçinin vurğulanır ki, Aİ institutlarının Gürcüstan dövlətinə, demokratik institutlara və dəyərlərə, o cümlədən Gürcü Pravoslav Kilsəsinə qarşı “məqsədli hücumlar” üçün istifadə edilməsi xüsusi narahatlıq doğurur və bu, dini hissələrin kobud şəkildə təhqir olunması kimi qiymətləndirilir.
XİN-in açıqlamasına görə, hesabat Gürcüstan cəmiyyətində qütbləşməni artırmaq, demokratik yolla seçilmiş hakimiyyətlə xalq arasında uçurum yaratmaq və radikal meylləri təşviq etmək cəhdi kimi dəyərləndirilir. Bundan əlavə, sənəddə Gürcüstan cəmiyyətinə qarşı “şantaj və təhdid” ifadələrinin qəbuledilməz olduğu vurğulanır və bunun ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirildiyi bildirilir. Nazirlik həmçinin qeyd edir ki, Gürcüstanın xarici siyasət prioritetlərinin və geosiyasi məsələlərin siyasiləşdirilməsi, eləcə də Avropa inteqrasiyası prosesinin “siyasi alətə çevrilməsi” yolverilməzdir. Sonda Gürcüstan tərəfi ölkənin Aİ ilə qarşılıqlı hörmət, etimad və ortaq dəyərlər əsasında əməkdaşlığa hazır olduğunu bir daha bəyan edib və Avropa institutlarından daha konstruktiv və ədalətli yanaşma gözlədiyini bildirib.
Xatırladaq ki, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi Gürcüstanla bağlı illik hesabatı qəbul edib. Hesabat layihəsində Avropa Parlamenti “demokratik geriləmə, artan repressiyalar, düşmən ritorika, dezinformasiya və təhdidlər fonunda Avropa və demokratik Gürcüstan uğrunda mübarizəni davam etdirən” gürcü xalqı ilə tam həmrəylik ifadə edir. Sənəddə qeyd olunur ki, Gürcü Arzusu hakimiyyəti ölkənin Avropa inteqrasiyası kursunu faktiki olaraq dəyişib.