Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Baş nazir İrakli Kobaxidze ABŞ konqresmeni Co Uilsonun ABŞ dövlət katibi Marko Rubioya ünvanladığı sualla bağlı suala sərt reaksiya verib. Tezadlar.az xəbər verir ki, Baş nazirin sözlərinə görə, ABŞ administrasiyası özü Çin və Rusiya ilə münasibətlərin inkişaf etdirilməsinin vacibliyindən danışır. “ABŞ administrasiyası özü bəyan edir ki, Çinlə münasibətləri dərinləşdirmək üçün hər şeyi edir və Rusiya ilə də münasibətlərin yaxşılaşdırılmasını istəyir. Belə olan halda Gürcüstanla İranın nə əlaqəsi var?” – deyə o qeyd edib. Kobaxidze, həmçinin Tbilisidə keçirilən XVI Regional Davamlı İnkişaf Forumunun açılışında İran səfirinin iştirak etməsi, Qərb ölkələrinin səfirlərinin isə görünməməsi ilə bağlı sualı da cavablandırıb. Onun sözlərinə görə, bu cür tədbirlərə Gürcüstanla diplomatik əlaqələri olan bütün ölkələrin səfirləri dəvət olunur: “Belə tədbirlər keçiriləndə dəvətlər bütün səfirlərə göndərilir. Kimin iştirak edib-etməməsi isə diplomatik korpus nümayəndələrinin öz qərarıdır”, – deyə Kobaxidze vurğulayıb. Baş nazir İran məsələsinin siyasiləşdirilməsini də tənqid edib və bu mövzuda çıxış edən Eka Giquauri və Co Uilsonun açıqlamalarını əsassız adlandırıb: “Onlar iddia edirdilər ki, guya Gürcüstan İrana qarşı sanksiyaların aşılmasına kömək edir. Halbuki İranla ticarət dövriyyəmiz çox məhduddur: ixracımızın cəmi 0,5 faizi, idxalımızın isə 1,5 faizi İranın payına düşür. Belə şəraitdə Gürcüstanın sanksiyaların pozulmasına yardım etdiyini söyləmək utancvericidir”, – deyə Kobaxidze bildirib.
Qeyd: Marko Rubio ABŞ Konqresində çıxışı zamanı Co Uilsonun Gürcüstanla bağlı sualını cavablandırarkən Vaşinqtonun Tbilisi ilə bağlı müəyyən narahatlıqlarının olduğunu, lakin Gürcüstan hökumətinin ABŞ-la münasibətləri yaxşılaşdırmaq istiqamətində addımlar atdığını qeyd edib.