23 Aprel 2025 / 13:44

Habitoskopiyanın kriminalistikadakı rolu

Cinayətkarları aşkar etmək və cinayətlərin üzərini açmaq üçün kriminalistikada bir çox metodlardan geniş istifadə olunur. Bu metodlardan biri də habitoskopiyadır.

Ümumiyyətlə habitoskopiya nədir və o kriminalistikada hansı rola malikdir? Bu suallara cavab tapmaq üçün “Təzadlar” olaraq Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət ünvanladıq, əldə etdiyimiz məlumatları ümumiləşdirilmiş şəkildə oxuculara təqdim edirik.

Habitoskopiya – bir şəxsin zahiri əlamətləri əsasında onun şəxsiyyətini müəyyən etmək və cinayətkarları aşkar etmək üçün istifadə olunan kriminalistik metoddur.

İnsanın zahiri əlamətlərindən cinayətkarların şəxsiyyətini eyniləşdirmək üçün, onları axtarmaq və tutmaq lazım gəldiyi zaman geniş istifadə olunur. Zahiri əlamətlər dedikdə, insanın fiziki görünüşü və davranışlarından yaranan məlumatlar nəzərdə tutulur.

Zahiri əlamətlər iki qrupa bölünür:

  • Anatomik – insan bədəninin anatomik xüsusiyyətlərini xarakterizə edən əlamətlər. Məsələn, üzü, boyu, çəkisi, əl izləri və s.
  • Funksional-dinamik – yalnız hərəkət zamanı meydana çıxan əlamətlər. Məsələn, müəyyən bir şəkildə gəzilməsi, danışma tərzi, jestlər və s.

Bundan əlavə, köməkçi zahiri əlamətlər olaraq, bir şəxsin geyimi, daşıdığı əşyalar, aksessuarlar kimi xüsusiyyətlər də nəzərdən keçirilə bilər. Bu cür məlumatlar, xüsusən şübhəli şəxsləri tanımağa və ya cinayət yerində tapılan izləri analiz etməyə kömək edir. Habitoskopiya, kriminalistikada vacib bir vasitə olaraq, cinayətlərin açılmasında və cinayətkarların müəyyən edilməsində mühüm rol oynayır.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!