Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

1904-1910-cu illərdə milyonçu babamın vəsaiti ilə “Hacı Sultan Əli” məscidi inşa edilib, hansı ki, indiki “Nizami” metrosunun arxasında yerləşir. Məscidin memarı Zivər bəy Əhmədbəyov deyil, polşalı memar-mühəndis İosif Kasperoviç Ploşko olub.
Bunu “Təzadlar” qəzetinə verdiyi müsahibədə Bakı milyonçusu Hacı Sultan Əli Haşiminin nəticəsi Rəna Əliyeva (Haşimi) bildirib.
Araşdırmaçı jurnalist Yasəmən Məmmədli Rəna Əliyevaya (Haşimi) sənədlər arasında vaxtilə Türkiyənin azərbaycandakı səfirliyinə ünvanlamış olduğu müraciətin surətinə rast gəldiyini bildirib:
“Mən sənədləriniz arasında sizin vaxtilə Türkiyə səfirliyinə ünvanlamış müraciətinizin surətinə də rast gəldim. Müraciətdə bildirmisiniz ki, 1918-ci ildə erməni quldurların Bakıya hücumu zamanı onlara qarşı döyüşdə qəhrəmancasına həlak olmuş türk komandirin və digər gəncin nəşi ulu babanızın mərkəzdə yerləşən “Hacı Sultan Əli” məscidinin həyətində dəfn edilib. Lakin sovet hakimiyyəti qurulduqdan sonra həmin qəbirlər yoxa çıxıb. Bu ərizəniz səfirliyə yetişdimi, ümumiyyətlə, həmin hadisə necə baş verib?”
Rəna xanım bildirib ki, 1904-1910-cu illərdə milyonçu babamın vəsaiti ilə “Hacı Sultan Əli” məscidi inşa edilib, hansı ki, indiki “Nizami” metrosunun arxasında yerləşir: məscidin memarı polşalı memar-mühəndis İosif Kasperoviç Ploşko olub.
Jurnalist “Əslində, bəzi mənbələrdə həmin məscidin Azərbaycanın ilk memarı Zivər bəy Əhmədbəyov tərəfindən inşa edildiyi deyilir. Mən də başqa mənbədə “XIX-XX əsrin əvvəlləri Azərbaycanın şəhərsalma və memarlığı” kitabına əsasən həmin məscidin Ploşko tərəfindən layihələndirilməsi barədə ehtimala rast gəlmişəm…” deyib.
Milyonçunun nəticəsi vurğulayıb ki, ona məlumat akademik tərəfindən verilib:
“Ploşko ilə bağlı məlumatı mənə mərhum akademik, AMEA-nın həqiqi üzvü Şamil Fətullayev görüşümüz zamanı demişdi. 1918-ci ildə erməni daşnakların hücumu zamanı həmin məscidin yaxınlığında bir türk əsgəri və qonşuluqdan gənc bir oğlan şəhid olub”.
Y.Məmmədli : Mən gətirdiyiniz sənədlər içərisində İncəsənət Muzeyinin baş mütəxəssisi Nailə Rəhimovanın xatirəsinə rast gəldim. Nailə xanım həmin qətlə yetirilən azərbaycanlı gəncin Məşədi Rəfi Əhmədovun sonbeşik oğlu Paşa olduğunu qeyd edib. 31martda “Bayır şəhər”də müxtəlif ünvanlarda yaşayan oğlanlarına Novruz sovqatı göndərmək istəyən Məşədi Rəfinin ailəsi 18 yaşlı Paşanın əlinə bayram xonçası verib qardaşlarıgilə yola salırlar. Axşamın qaranlığında isə Paşa məscidin qarşısında erməni gülləsinə tuş gəlir”.
“Elədir, babam onları məscidin ərazisində dəfn etdirir. Sovet dövründə məsciddə müxtəlif təşkilatlar yerləşdirilib. Lakin Azərbaycan müstəqillik qazandıqdan sonra məscid əvvəlki kimi fəaliyyətini davam etdirib. Sonradan abadlaşdırmaq adı altında həmin qəbirləri olduğu yerdən götürüblər. Dediklərinə görə, yeni minarənin altında dəfn ediblər… Amma o zaman qəbrin üstündəki kitabədəki qeydlər qalıb. Mən onu tərcümə etdirdim. Orada bu sözlər yazılıb: “1918-ci ildə vəfat edib. Allah günahlarını bağışlasın”. Mən o zaman həmin qəbirlərin tapılması ilə bağlı müraciətlər etmişdim… Onu da əlavə edim ki, babam tikdirdiyi məscidlərdə minarə inşa etdirməyib. Hazırda mövcud olan minarə isə sonradan tikilib”, – Rəna Haşimi qeyd edib.
Y.Məmmədli: “Mən özüm də araşdırmışam və məlumata əsasən, minarənin tikintisi zamanı aparılan qazıntı işləri vaxtı onun alt hissəsində Qafqaz İslam Ordusunun Əhməd adlı əsgərinin məzarı tapılıb. Ehtimallara əsasən, əsgər 1918-ci ildə həmin dövrdə “Karamelni” deyilən ərazidə erməni daşnakları ilə döyüşdə həlak olub və mərhumun ruhuna hörmət əlaməti olaraq o, məscidin həyətində dəfn edilib. Tikinti işləri zamanı mərhumun nəşinin qalıqları toplanıb minarənin alt hissəsində yenidən dəfn olunub və kitabəsi divara həkk olunub. Və həmin məscid AR NK-nin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb”.
“Tərcümə etdirdiyim həmin kitabə təəssüflər olsun ki, qəbirlər sökülərkən məscidin tamamilə görünməyən və çox aşağı yerində yerləşdirilib. Mən o zaman buna etiraz etdim. Etirazımdan sonra, məscidin o zamankı rəhbərliyi kitabəni yerindən çıxarmağa cəhd edib. Hazırda kitabənin bir küncü sındırılmış vəziyyətdədir… Həmçinin sənədlərdə məscidin ölkə əhəmiyyətli olduğu qeyd edilsə də, təəssüf ki, giriş qapısına vurulmuş lövhədə yerli əhəmiyyətli memarlıq abidəsi kimi təqdim edilir. Bununla bağlı bir neçə il öncə Mədəniyyət Nazirliyinə rəsmi müraciət etmişəm. Hələ də nəticəsi yoxdur… “, – deyə Rəna Əliyeva Haşimi vurğulayıb.
Qeyd edək ki, Rəna xanın hazırda Türkiyədə yaşayır.
Daha ətraflı linkdə:Milyonçu Haşiminin nəticəsindən şok ittiham: “Babamın məktəbində küftəxana açıblar”
JASMİN