12 Dekabr 2025 / 11:03

Həbsdə olan jurnalistlərin işi ilə bağlı prezidentə müraciət olundu

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri, beynəlxalq mükafatlar laureatı Arzu Abdullayeva “Meydan TV işi” üzrə həbsdə saxlanılan 12 jurnalistlə bağlı Prezident İlham Əliyevə müraciət edib. Tezadlar.az sosial media paylaşımlarına istinadla bildirir ki, A.Abdullayeva bu gün dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində başlayacaq proses ərəfəsində jurnalistlər barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. Abdullayeva bildirib ki, mövcud məlumatlara əsasən, jurnalistlərə qarşı irəli sürülən ittihamlar “onların hərəkətlərinin mahiyyəti ilə müqayisədə həddindən artıq ağır görünür və daha çox mümkün peşə və ya inzibati xarakterli pozuntulara aiddir”.
Müraciətdə bildirilib ki, həbsdə olan media nümayəndələrinin fəaliyyəti dövlətə qarşı yönəlməyib:
“Bu insanların heç birinin fəaliyyəti dövlətə qarşı yönəlmiş niyyət daşımayıb. Onların fəaliyyəti peşə borcları və fikir ifadəsi ilə bağlı olub ki, bu da jurnalist və vətəndaş fəallarının işinin təbii hissəsidir. Konstruktiv tənqid cəmiyyətlə dövlət arasında etimadı möhkəmləndirir və idarəetmənin təkmilləşməsinə kömək edir”.
Uzun illərdir həmin jurnalistlərin bir çoxunu şəxsən tanıdığını vurğulayan Arzu Abdullayeva yazıb ki, bu müddət ərzində onların Vətənə sevgisinə və ölkəyə xidmət etmək istəyinə dair heç vaxt şübhəsi olmayıb:
“Bu gün Azərbaycan fəal və uğurlu xarici siyasət həyata keçirir, ölkəmizin beynəlxalq nüfuzu güclənir. Lakin əvvəlki idarəçilik təcrübəsindən miras qalmış bəzi daxili praktika elementləri bəzən müasir dövlət kursuna uyğun olmayan mənfi assosiasiyalar yarada bilir”.
Bütün bunları nəzərə alaraq, hüquq müdafiəçisi Prezidentdən xahiş edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan cinayət işi üzrə ittiham olunan jurnalistlər barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin və onlar məhkəmə zalından azad olunsun:
“Bu qərar dövlətlə vətəndaş cəmiyyəti arasında yeni münasibətlərin başlanğıcını təmin edən güclü humanitar jest olar, cəmiyyətdə etimadı artırar, dövlətin nüfuzunu yüksəldər və Azərbaycan dövlətçiliyinin ən yaxşı ənənələrinə uyğun gələrdi”.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!