Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə türk mediasında xəbər verilib.
Qeyd edilir ki, yeni qaydalara görə, icazəsiz Həcc ziyarətinə gedənləri təxminən 5 min dollar cərimə və 10 il ölkəyə giriş qadağası gözləyir.
Bildirilib ki, 44 gün davam edəcək yeni qaydalara görə, həcc icazəsi olmadan Məkkəyə və müqəddəs bölgələrə girməyə cəhd edənlər ağır cəzalara məruz qalacaq. Onlara 20 min riala qədər (təxminən 5 300 dollar) cərimə tətbiq olunacaq.Həcc ziyarətinə getmək istəyənlərə ziyarət vizası ilə kömək edənlər isə 100 min riala (təxminən 26 000 dollar) qədər cərimə olunacaqlar. Bundan əlavə, icazəsiz Həcc ziyarətinə cəhd edən əcnəbi ziyarətçilər deportasiya ediləcək və 10 il müddətinə ölkəyə girişi qadağan ediləcək. Ziyarət vizası sahiblərini daşıyan avtomobillərə də məhkəmə qərarı ilə həbs qoyulacağı bildirilir.
Qeyd edək ki, Həcc ziyarəti ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev KİV-ə açıqlamasında bildirib ki, Həccə getmək üçün əsas şərtlər odur ki, maddi durumu yüksək olmalı, həddi-buluğa çatmalıdır.
“Qurban bayramında insan Həcdə olmalı və qurbanı Məkkə yaxınlığında yerləşən Mina dağında kəsməlidir. Buna böyük Həcc deyilir. Kiçik Həcc isə Ümrə ziyarətinə deyilir. İnsan bu ibadəti yerinə yetirsə belə boynunda böyük Həcc qalır. Çünki ən vacibi böyük Həcc dediyimiz ziyarətdir”, – deyə o qeyd edib.