Həftəbecər

Oxunma sayı: 82

Bir saytın verdiyi məlumata görə, teleaparıcı Zümrüd Bədəlova qızı Ləman xanımla olan bir videosunu paylaşıb. Zümrüd xanım paylaşımına bu sözlərlə şərh yazıb: “Rəfiqəm, dostum, qızım, ailəm”.

P.S. Açıq-saçıq geyimləri ilə tanınan Zümrüd xanımı başa düşürük ki, bir müddətdən sonra ona əhəmiyyət verməyəcəklər. Onsuz da bir çox aparıcılar və müğənnilər öz yerlərinə artıq varislər hazırlayırlar. Gözəl bir qız olan Ləman xanım niyə də anasının yerini tutmasın? Aparıcılıq üçün də, maşallah, gözəl görünüşü var. Gələcəkdə geyim-geciminə də anası kimi fikir verər və olar əsl aparıcı. Uğurlar olsun, Zümrüd xanım.

***

Müğənni Rəqsanə İsmayılovanın müğənnilik edən qızı Aysun İsmayılova “Həmin Zaur” verilişində evli kişi ilə heç vaxt münasibət yaşamayacağını bildirərək deyib: “Ümumiyyətlə, qısqanc insanam və heç vaxt kiminsə yarına göz qoya bilmərəm. Çünki onu bölüşmək istəmərəm. İndiyə qədər belə bir şey yaşamamışam. Mən heç vaxt evli kişini qəbul etmərəm. Çünki mən ailə qadınıyam”.

P.S. Maraqlı açıqlamadır. Bildiyimiz kimi, anası Rəqsanə xanımın birinci ərindən Aysun və Yağmur adlı qızları olub. İkinci həyat yoldaşı Fazil Əmiraslanovdan isə üç övladı var. Amma adamın başının üstündə Allah var, Aysun anasına oxşamayıb. Hələ gənc olan Aysun artıq iki dəfə ərdə olub, uşaqları isə hələ yoxdur. Dediyimiz kimi, Aysun xanım hələ gəncdir və nə yaşı var ki? Belə gözəl müğənni niyə də evli kişi ilə münasibət qurmalıdır? Allah saxlamış düz deyir dayna… Bunu da unutmayaq ki, bəzi şou-əhli xanımlar üçün ərin biri qaydadır, ikisi cana faydadır, üç nəhsdir, dörd bəsdir, çıxdın beşə, vur on beşə. “Vopşey” ər nədir, say nədir?

***

Müğənni Nura Suri restoranların dələduzluğu barədə sosial şəbəkədə bir paylaşıb edib: “Restoranların art direktorları müğənni ilə danışıb, onun reklamını sosial media səhifələrində paylaşırlar. Amma çıxışdan bir gün əvvəl müştərinin olmadığını bildirərək, müğənnidən imtina edirlər. Halbuki, zal dolu olur. Diqqətli olun, behi əvvəldən alın”.

P.S. Həəə… Bu da, sən demə, dələduzluğun yeni növü imiş. Deməli restoranların art direktorları hansısa müğənnini bir neçə gün əvvəl reklam edir, o müğənninin də pərəstişkarları həmin restorana gəlirlər, amma restoran müdiri müğənniyə bir gün əvvəl deyir ki, müştəri yoxdur deyə, zəhmət çəkib restorana gəlməsin. Müdirə lazım idi ki, restoran müştəri ilə dolsun, onu da bacarıb. Daha müğənni nəyinə lazımdır ki, əlavə pul xərcləsin? Ara yerdə Nura Suri kimi müğənnilər də umsuq qalırlar. Belə yerdə deyiblər e, “yalançı tamahkarı aldadar”.

***

Müğənni Aygün Kazımova “Tarixin bir günü” verilişində Namiq Qaraçuxurludan danışarkən belə deyib: “Etiraf edirəm ki, aramızda yaşanan, baş verənlər, enerji, yaradıcı tandem, heç bir duet ortağımla yaşanmır. Namiqin mənim zarafatlarımdan xoşu gəlmir. Amma mən Namiqlə zarafat etməyi xoşlayıram”.

P.S. Allah sənin də xasiyyətini kəssin, Aygün xanım! Əlbəttə ki, Namiqin sənin zarafatlarından xoşu gəlməz dəə… Rəhmətliyin qızı, illər öncə Namiqlə bir neçə il zarafat etdin, bununla da yazığın bütün enerjisi getdi. Yazıq Namiq sənin o zarafatlarından, etdiklərindən bir dəri, bir sümük qalmışdı. Hələ indi-indi özünə gəlməyə başlayır. Aygün xanım, zarafatlardan xoşu gəlmirsə, o zarafalar onun bütün enerjisini çəkib aparırsa, nə olar, yazıqdır, etmə Namiqlə o zarafatları, bədbəxt eləmə o yazığı…

***

Dövlət Turizm Agentliyinin başı üzərində qara buludlar dolaşır. Agentliyin rəhbəri Fuad Nağıyev şiddətli töhmət alıb, Aparat rəhbəri Kənan Qasımov, turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov işdən çıxarılıblar. Agentliyin vəzifəsi bildirilməyən əməkdaşı Nicat Hüseynov isə həbs edilib.

P.S. Yəqin ki, həbs edilən bu Nicat Qasımovu “içəri” göndəriblər ki, Fuad Nağıyev, Kənan Qasımov, Məhəmməd Muradov və digərləri üçün rahat yer hazırlasın. Özləri də yaxşı bilirlər ki, Azərbaycan turizminin başına nə oyun açıblar. Bakıda və bölgələrdə otellərin bir günlük puluna Gürcüstanda və Türkiyədə bir həftə yeyib-içib, dincəlmək olur. İstirahət məkanlarında yeyib-içməyin kəllə-çarxa qalxan qiymətlərinin tüstüsü gələn turistlərin cibindən və təpələrindən çıxır. Ona görə həm yerli, həm də əcnəbi turistlər bizim gözəl, səfalı məkanlarımıza gəlmək istəmirlər. Bu isə ölkəmizə qarşı təxribat yox, əsl terrordur. Belə terror törədənlər isə, mütləq “içəridə” istirahət etməyi haqq ediblər.

***

SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmaylovun oğlu Orxan İsmayılzadə məhkəməyə verilib. Verilən məlumata görə, Fidan Abbasova adlı bir qız uzun illərdir qızı Nilin atasının məhz Orxan İsmayılzadə olduğunu sübut etməyə çalışır. Papasının gül balası Orxan da bundan boyun qaçırır, qızına özünün adını və soyadını vermək istəmir.

P.S. Oliqarx məmurların Orxan kimi belə balaları yetərincədir. Orxan kimi pullu oğulların aldadıb, bədbəxt etdiyi qızlaırın çoxsunun qorxudan səsləri çıxmır. Təmiz, namuslu qızların, pula olan ehtiyaclarından sui-istifadə edərək Orxanlar onların başlarına min bir oyun açırlar. Sonra da deyirik ki, əxlaqsız qızların sayı niyə getdikcə artır? Bu yerdə ustad şairimiz Nəriman Həsənzadənin hələ sovet dövründə böyük rezonans doğurmuş və başına çoxsaylı bəlalar gətirmiş “Kimin sualı var” poemasından bir parça yada düşür. Şair poemada tələbə yoldaşının onlara dərs deyən professor atasına müraciətlə belə deyir:

“Biz elə bildik üçüncü kursdan

Əmrlə qovdular sənin oğlunu.

Aldadıb-atdığı qızdan necə?

Xəbərin-ətərin olub-oldumu?

Yazıq qız necə də soldu, saraldı,

Özü uşaq ikən uşağa qaldı.

Yaxın qoymadınız ailənizə,

Bu bir ləkə olardı sizə.

Alim adamsınız, ona da yalnız,

Bir alim qızını almalıydınız.

Onun da arxası söykənsun dağa,

Getsin qabağa,

Sizə kiçik olsun,

Bizə də rəhbər.

Aldığı arvada,

Ərə gedənlər…”

İndi Orxan İsmayılzadə də yəqin ki, belə kasıb qızlara yox, imkanlı ailənin qızlarına arxalanmaq istəyirmiş, amma…

***

Xəbər verilir ki, mart ayının son 10 günündə 17 nəfər dəm qazından boğularaq dünyasını dəyişib.

P.S. Deməli, 17 ailənin Novruz Bayramı, necə deyərlər qara gəlib. Maraqlıdır ki, qış gələn kimi dəm qazı, yayda isə dəniz, neçə-neçə insan həyatına son qoyur. Orta və yaşlı insanlar yəqin yaxşı xatırlayırlar ki, bəyənmədiyimiz sovet dövründə dənizdə çox nadir halda kimsə batardı, dəm qazından ölüm faktı isə, şəxsən mənim yadıma gəlmir. Dəniz o dənizdir, amma niyə bu qədər adam yayda batır, hələ bunu bilən yoxdur. Qaz isə, bəli, o qaz deyil. Çünki sovet dövründə qazdan sızma olan kimi spesifik iy gəlirdi. O saat anlayırdın ki, evdə qaz iyi var. Dərhal qaçıb yaddan çıxmış və ya açıq qalaraq müəyyən səbəbdən sönmüş qazı bağlayırdın. İndi isə, qaz sızması zamanı heç bir iy hiss olunmur. Sadəcə qazın fışıltısı gəlir. Belə vəziyyətdə də çox qalsa, təbii ki, bədbəxt hadisə ola bilər. Dəfələrlə yazılıb, deyilib ki, qazdan iyin gəlməsi məqsədilə, ona lazım olan maddə vurulmur, emal edilmir. Niyə bu barədə mütəxəssislər susurlar? Onlar susduqca. hər il qışda neçə-neçə insan həyatını itirir. Bu özbaşınalığa nə vaxt son qoyulacaq?

***

Sabiq millət vəkili Nəsib Nəsibli mətbuata verdiyi müsahibədə İranın “narkotik müharibəsi”ndən danışarkən belə deyib: “Azərbaycan hökuməti ölkəyə bu qədər narkotikin necə keçirilməsini çox ciddi şəkildə düşünməlidir”.

P.S. Hörmətli Nəsib müəllim, Azərbaycan hökuməti bu barədə düşünməsə də, narkotacirlər çox ciddi şəkildə düşünürlər. Məhz bu ciddi düşüncənin nəticəsidir ki, ölkəmizdə narkomaniyaya ehtiyacı olan da, olmayan da “kayf” tutur. Məktəb şagirdlərindən tutmuş, müxtəlif peşə sahiblərinə qədər narkotikanın nə olduğunu yaxşı bilirlər. Hətta türmələrdə belə narkotikanın meydan suladığı barədə məlumatlar mətbuatda, saytlarda dolaşır. İndi kim çox ciddi düşünməlidir: hökumət, yoxsa narkotacirlər? Məşhur lətifədə deyildiyi kimi, “vallah mən buralı deyiləm”. Ona görə də bu suala mən cavab verə bilmərəm.

***

Xəbər verilir ki, müğənni sayılan Lətifə Soyuöz çəkələklərinə, çantasına və libasına 10 min manata qədər pul xərcləyib.

P.S. Bu, təbiidir. Adamın qiymətli sənəti olmayanda, qiymətli əyin-başı olmalıdır ki, diqqət mərkəzinə düşə bilsin, toya çağırsınlar.  Lətifə xanım da qiymətli bir sənət ortaya qoya bilməsə də, bahalı libaslar ortaya qoya bilib. Halaldır, mən ölüm.

ELÇİN

 

Xəbəri paylaş

17 Aprel