15 Dekabr 2025 / 17:15

HƏFTƏBECƏR

Müğənni sayılan Elton Hüseynəliyev əvəzolunmaz sənətkarımız, milyonların sevimlisi Flora Kərimova haqqında belə bir qanacaqsızlıq edərək deyib: “Onun 500 mahnısından 100-ü “yağ-bal”, yerdə qalan 400-ü isə təkrardı”. Flora xanımın da cavabı çox gecikməyib: “Sənətim barədə danışmağa mənim tör-töküntülərimlə sənətkar olub, sizə örnəklik edənlərin səviyyəsinə çatanda haqqınız olacaq. Sənətimi müzakirə etmək üçün isə, sizin dilinizdə deyim, Elton o “100 qaymaq mahnıdan” yox, Qızıl Fondda 400 “dəxlisiz” dediyiniz ifalarımın birinin səviyyəsində tək sən yox, elə ustadların da daxil, oxuya bilsəniz, onda danışmağa haqqınız çatar”.

P.S. Ey gidi dünya, kəsək oturub, daşın gününə ağlayır”. Görün nə günə qalmışıq ki, qarğa oturub, bülbül haqqında fikir yürüdür. Belə yerdə Flora xanımın oxuduğu “Harda bir it varsa, gəlib qapar məni” mahnısı yada düşür. Adama deyərlər ki, ay Elton, axı sən hansı sənətin sahibisən ki, korifey sənətkarımız Flora xanım haqqında söz deməyə cəsarət edəsən? Belə fikirləşəndə Elton bəyi başa düşmək olar. Səs yox, sənət yox, gündəmdə də qala bilmir. Bəs gündəmə necə gəlsin ki, çörək qazana bilsin? Əşi, eybi yoxdur, Flora xanımın ürəyi yumşaqdır. O qədər ona belə Elton kimi dil uzadanlara çörək verib ki, biri də qoy olsun Elton bəy. Qoy Elton bəy Flora xanımın adını çəkib bir tikə çörəyini qazansın…

***

Ötən həftə Milli Məclisdə “2026-cı ilin dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib. Bütün sahələrə pul ayrıldığını bildirən maliyyə naziri Sahil Babayev bu büdcəni sosialyönümlü adlandırıb.
P.S.Pahoooo! Nə danışır ə bu nazir? O necə sosialyönümlü büdcədir ki, Qarabağ Veteranlarının aylıq təqaüd pulu bildir 80 manatdan o yana keçmir… Və bir manat da əlavə olunmadı. Bu 80 manat veteranlara 2019-cu ildə kommunal, nəqliyyat və rabitə xərcləri üçün ayrılmışdır. Ötən bu 6 il ərzində nəqliyyatda gediş haqqı 20 qəpikdən 60 qəpiyə qalxıb. İnternet o vaxt 10 manat idi, indi isə 25 manatdır. Kommunal xidmətlər də o vaxtdan bəri üç dəfədən çox artıb. İstilik pulunu isə gizli şəkildə, heç bir xəbərdarlıq edilmədən qeyri-yaşayış sahələri, eyvan, dəhliz, hamam, mətbəx də daxil olmaqla hesablayıblar. Belə olan surətdə, Vətən yolunda canını əsirgəməyən və diri şəhidlər olan veteranlara bu ögey münasibətin səbəbi nədir? Niyə o səksən manat bazara uyğun artırılmasın? Yoxsa, Sahil Babayev Ramiz Mehdiyevin kadrı kimi ermənilərə güllə atan veteranlardan qisas alır. Daha bu qədər də haqsızlıq olmaz axı?

***

Açıq-saçıq geyinənlərin kitabı bağlanacaq. Belə ki, bu günlərdə açıq-saçıq geyinənlərə qanunun dili ilə desək, “İnsan bədəninin mənəvi dəyərlərə uyğun olmayan formada göstərməsini qadağan edən qanun” Milli Məclisə təqdim edilib. Qanuna əsasən, açıq-saçıq geyinənlər 500 manatdan 1000 manata qədər cərimə olunacaqlar.
P.S. Belə yerdə deyiblər e, yandı qızın dədəsi. İndiyə qədər efirləri soyunub, lüt-ətcə bala olmaqla “bəzəyənlərin” meydanı daralacaq və abır-həyalı geyinməyə məcbur olacaqlar. Amma bu qanunun mənfi tərəfi də var. Belə ki, sponsorlar qanun qəbul ediləndən sonra müğənnilərin çöldə qoyduqları mallarına baxmamış bir manat da verməyəcəklər. Hamı bilir ki, indiki dövrdə müğənnilərin 90 faizi səsləri, sənətləri ilə yox, bədən əzalarını göstərməklə qabağa gedirdilər. İndi bundan da məhrum olacaqlar və baş-qulağımız bunların  əlindən dincələcək. Bu yerdə şair Səhlədar Hidayətoğlunun “Müğənni qız” şeirindən bir bənd yada düşür:
“Nələrdi yoluna səpilən sənin,
Nələrdi gözünə təpilən sənin,
Kimdir sənətinə tüpürən sənin,
Sən ver bədənindən bac, müğənni qız”.

Deməli, daha şou-müğənni qızlar bədənindən bac verməklə müğənni ola bilməyəcəklər. Bu, o deməkdir ki, efirlərimiz “dezinfeksiya” olunacaq və daha lütlənmişlərə rast gəlməyəcəyik.

***

ATƏT-in Minsk Qrupunun uzun illər faydasız olmasından bəhs olunan yazıya qəzetlərin birində belə bir başlıq qoyulub: “ATƏT özü Minsk Qrupunun 30 illik uğursuzluğuna heç bir qiymət vermədi – anormallıq…”
P.S. Əksinə, tam normaldır. Axı, ATƏT-in özü hansı səlahiyyət sahibidir və hansı bir müsbət fəaliyyətə imza atıb ki, onun bic doğulmuş Minsk qrupuna da hansısa qiymət versin? Azərbaycanda və Ermənistanda Minsk qrupunun 30 il ərzində yeyib-içməkdən başı açılıbmı ki, Qarabağ probleminin həlli ilə də məşğul olsunlar? Ona görə də ATƏT-in özü Minsk qrupu ləğv edilərkən heç bir qiymət verə bilmədi.

***

Məlumatlara görə, müğənni Almaz Saraylı oğlunun toyuna heç bir müğənni çağırmayıb.
P.S.Almaz Saraylıya halal olsun, mən ölüm. Görünür Almaz xanımın məclisi çox abırlı, həyalı bir məclis olub. Ona görə də abırlı olmayan müğənniləri haqlı olaraq öz məclisinə dəvət etməyib.

***

“Ramiz Mehdiyev işi” ilə əlaqədar AXCP sədri Əli Kərimlinin, onun məclis üzvü Məmməd İbrahim və bir çox üzvlərinin həbsi ciddi suallar doğurub.
P.S. Maraqlıdır, niyə bu kütləvi həbslər Ramiz Mehdiyevin əsas kadrları olan və yüksək vəzifə daşıyan akulalardan yox, kilkələrdən başladı?

***

Qəzetlərin birində N.Paşinyanın kilsəyə hücumundan bəhs edən yazıya belə başlıq qoyulub: “Paşinyanı kilsəyə və diasporaya qarşı yönəldən rəsmi Bakıdır”.
P.S. Rəhmətliyin oğlu, bəs necə olmalıdır? Əgər İrəvan qədim Azərbaycan torpağıdırsa, onda orada baş verənlərə biganə qala bilmərik axı. Bizim də bir nömrəli düşmənlərimiz erməni kilsəsi və diasporasıdır. “Düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə Paşinyana hər cürə kömək etməliyik ki, əsl düşmənlərimizi məhv eləsin. Onların məhvindən sonra N.Paşinyana bir az da dəstək versək, Xocalı qatilləri, həm də Nikol müəllimin real düşmənləri Köçəryanla, Sarkisyanı da tutub bizə verəcək. Hadisələr elə deyəsən, buna doğru gedir…

***

Müğənni Təranə Qumral əri Musa Musayevdən şikayətlənərək deyib: “Qonşu kişilərlə saatlarla nərd oynayırlar. 2 saat, 3 saat, 5 saat oynayır. Gəlib yeyir-içir, yenə çağırırlar aşağı. Bir gün o qonşuları rüsvay edəcəm. Bir də görürsən yığışıb getdilər ova. Gedib, qaşqaldaq, ördək vurub gətirirlər. O sevir narla bişirəndə. Ona o yeməyi heç kim bişirə bilmir. Ən yaxşı mən bişirirəm, yeyir”.
P.S. Ay Təranə xanım, bax, indi biz neyləyək? Müğənni var qaşqaldaq yeyir, müğənni də var ki, özü elə qaşqaldaqdır. Bəs belə müğənnilərin xanımları nə etsinlər? Hər gün belə qaşqaldaqlarla üz-üzə gəlməyə məcburdurlar axı. Belə çıxır ki, o xanımlar həmin müğənni qaşqaldağı narla bişirib yeməlidirlər? Allaha şükür ki, Musa Musayev özü qaşqaldaq deyil, özü qaşqaldaq yeyir. Təranə xanım, ay rəhmətliyin qızı, sən də çox dərinə getmə dəəə…
ELÇİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!