Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Məlumatlara görə, Türkiyənin Şanlıurfa bölgəsində keçirilən bir toy mərasimində bəylə gəlin 100 nəfər yetim uşağı da toya dəvət ediblər. Qonaqlardan da xahiş olunub ki, bəylə gəlinə qızıl-zinət əşyaları almaq əvəzinə, yetim uşaqlara hədiyyələr alsınlar.
P.S. Çox gözəl və xeyirxah bir addımdır. Sual olunur: Bizdə də belə addım ata biləcək cəsarətli bəylə gəlin ola bilərmi? Əlbəttə, yox! Çünki bizdə xalqın yarıdan çoxu yetim günündədir. Bu qədər yetimi toya necə dəvət etsinlər axı?
***
Bu günlərdə aramsız yağan yağışlar şəhərin və ətraf qəsəbələrin bir çox yaşayış massivlərində əməlli-başlı çaylar, göllər yaratdı. Sakinlərin evlərinə və əşyalarına çox ciddi ziyan dəydi. Keşlə qəsəbəsinin bir hissəsinin suyun altında qalmasının günahkarı kimi isə, nə vaxtsa kollektorun üstündə tikilmiş iki mərtəbəli evi gördülər və həmin evi təcili söküb yerlə bir etdilər.
P.S. Bəs o kollektorun üstündə ev tikmək üçün sərəncama imza atan, onun layihəsini təsdiq edən yerli icra hakimiyyətinin memarlıq şöbəsinin cavabdehi, evi tikən zaman gəlib pullarını alıb gedən digər qurumların sahibləri niyə cəsalandırılmır? Bəs Zabratda, Binəqədidə, Müşfiqabadda, Masazırda, şəhərin mərkəzində yağışların yaratdığı göllərin günahkarı kimdir? Nə qədər ki, yollar çəkilərkən yağış sularının axıdılması üçün, avadanlıqlar baha olduğuna görəquraşdırmırlar ( Vaxtı ilə metronun 20 yanvar dairəsinə asfalt çəkilərkən, orada olan sabiq mer Hacıbala müəllimə verdiyim suala cavab olaraq, şəxsən bildirmişdi ki, o avadanlıqlar çox baha olduğu üçün quraşdırmırıq) və onun pulunu basıb yeyirlər, nə qədər ki, yağış və qara hazır olmayan qurum rəhbərləri cəzalandırılmayıb, onda yağış suları həmişə insanlara və yaşayış massivlərinə belə ziyan vurmaqda davam edəcək. Bu isə, təbii fəlakət yox, təbii məsuliyyətsizlikdir.

Baş nazir N.Paşinyan bu günlərdə seçki qabağı etdiyi çıxışında belə deyib: “Robert Köçəryan və Rusiya yönümlü qüvvələr hakimiyyətə gəlsə, sentyabr ayında “dəhşətli müharibə başlayacaq” və bu Ermənistan üçün fəlakətli nəticələr doğura bilər”.
P.S. Nikol Paşinyan çox ağıllı sözlər deyir. Bəli, Ermənistan bir də Azərbaycanla müharibəyə başlasa, bu dəfə Azərbaycan ordusu Ermənistanı tam nəzarətə götürəcək və kapitulyasiya aktı İrəvanda imzalanacaq. Bu bir. İkincisi isə,Robert Köçəryan, Serj Sarkisyan və digər Rusiya yönümlü qüvvələr artıq siyasi meyitlərdir. Ona görə də deyə bilərik ki, qəbristanlığa gedən ölü bir də geri qayıtmır.
***
Qəzetlərin birində ABŞ və İsrailin İranla müharibəsindən bəhs edən yazıya belə başlıq qoyulub: “Körfəz ölkələrinin ABŞ-a güvəni qırıldı”,
P.S. ABŞ prezidenti D.Tramp bu gün dediyi sözü səhəri gün danaraq, başqa söz deməklə, İranla bağlı verdiyi qərarları tez-tez dəyişməklə, nəinki körfəz ölkələrinin, hətta öz xalqının da güvənini qırıb. Ona görə də ABŞ-ın demək olar bütün ştatlarında güvəni qırılan xalq D.Trampın qələmini “qırmaq” üçün ayağa qalxıb.

Bu yaxınlarda bir çox şou əhli müğənnilərin efirə çıxmasına rəsmən qadağa qoyuldu və əhalidə artıq adı gələndə ikrah doğuran zaurların, Xoşqədəmin, Elgizin, Tolikin və digərlərinin ət tökən, abırsızlığı, həyasızlığı, pozğunluğu başlayan verilişləri də bağlandı.
P.S.Mən bu “Həftəbecər” rubrikasında 25 ilə yaxındır yazıram ki, bu abırsız şou əhlini efirlərdən qovmaq lazımdır. Hətta bir dəfə belə yazmışdım: “İşğal olunan Qarabağ torpaqlarını 15, 20, 30, 50 ilə geri qaytaracağıq. Amma bu abırsız və həyasız şou əhlinin gənclərimizin mənəviyyatına vurduqları zərbəni 100 ilə də sağalda bilməyəcəyik. Bəli, bu xalq düşmənləri olan bu şou əhli gənclər arasında pozğunluğu, abırsızlığı yaya bildilər. Nə yaxşı ki, əksər gənclərə təsir edə bilmədilər. Amma təsir edə bildikləri də xeyli oldu. İndi görək o gəncləri əvvəlki normal mənəviyyata qaytarmaq üçün bizə neçə illər lazım olacaq?
***
Müğənni Nadir Qafarzadə xanım müğənnilər üçün sponsor tapmağın asan olduğunu bildirərək, “Günə uğurla” verilişində belə deyib: “İllər əvvəl Nüşabə Ələsgərli ilə bir toya düşdük. Dedi ki, yaman idarəçiliyin var, amma reklamın yoxdur. Qazandığını reklama burax, sonra pul özü sənə gələcək. Məni ayıltdı”.
P.S. Ay alma yanaqlı, gül dodaqlı, maral gözlü Nadir Qafarzadə, indi neyləyək deyirsən? Almaz Ələsgərliyə qarğış edək ki, niyə səni ayıldıb, bizi bəlaya salıb?Çünki bizim də sənin o səviyyəsiz sənətindən, əttökən danışıqlarından gözlərimiz yağır, qulaqlarımız da “mazol” olub e… “mazol”…
***
Saytların birində xəbər verilir ki, bu yaxınlarda verilişi bağlanan Xoşqədəm Hidaqətqızı “İnstaqram” hesabında bir şəkil paylaşıb və orada açıq görünür ki, aparıcı bir dəri, bir sümük qalıb.
P.S. Eybi yox, illərdir Xoşqədəm səviyyəsiz verilişi ilə bizlərin ətini tökmüşdü. İndi də verilişi bağlanandan sonra xiffətdən özü ət tökərək arıqlayıb. Burada qəribə heç nə yoxdur. Xalqa vurduğu mənəvi zərbənin cəzasıdır, qoy çəksin.
***
Aparıcı Vüsalə Əlizadə sosial şəbəkələrdə bir görüntü paylaşıb ki, orada belə deyib: “Mənim indiki yaşımdakı gözəlliyim mənə ləzzət verir. Belə əməlli başlı ləzzət verir”. Bu sözləri bəzi izləyicilər bəyənib, bəziləri də tənqid ediblər.
P.S. Heyranına şükür, ya Rəbbim, 42 yaşına az qalmış Vüsalə xanım özü haqqında niyəbu qədər tərif yağdırır? Həə… Yadıma düşdü. İnsan ki, özünə belə vurulur və özünü belə tərifləyirsə, bu, məlum xəstəliyin simptomlarıdır. Nə qədər ki, iş-işdən keçməyib, nə qədər ki, simptomlar ağırlaşmayıb, Vüsalə xanım təcili olaraq, psixatora müraciət etməlidir. Yoxsa Vüsaləsiz biz özümüz dəli olarıq, mən ölüm.

Müğənni sayılan Ayan Babakişiyevaya ad günündə “Rolex” brendinə məxsus saat hədiyyə edilib. Həmin saatın da qiyməti, nə az, nə çox, düz 42 min dollar,yəni 71 min 400 manatdır.
P.S Əşi, vallah nəyə desəniz and içərəm ki, bu Ayanın 71 qramlıq sənəti yoxdur. Amma ona 71 min 400 manatlıq o saatı bağışlayan adam desən ki, şəhid övladının, qazinin və ya veteranın 3-4 min manatlıq təhsil haqqını ödə, inanın ki, deyəcək pulum yoxdur. Amma 71 qram sənəti, səsi olmayan Ayan Babakişiyevaya 71 min 400 manatlıq saat hədiyyə edə bilir. Rəhmətlik M.Ə.Sabirin məşhur şeiri bu yerdə yada düşür:
“Kim nə deyər bizdə olan qeyrətə,
Qeyrətimiz bəllidir hər millətə”.
ElÇİN