Həftəbecər

Müğənni Nəfəs keçmiş həyat yoldaşından danışarkən “Bir gün” verilişində belə deyib: “Övladlarım keçmiş ərimlə məni barışdırmaq istəyirlər. Uşaqlarıma görə keçmiş həyat yoldaşımla normal münasibətimiz olub. Amma yenidən bir araya gəlmək fikrinə müsbət yanaşmıram”.

P.S. Ay Nəfəs xanım, çox doğru deyirsən, keçmiş qaldı keçmişdə. Sən Nəfəs xanıma bir sənət adamı kimi, hər dəfə yeni nəfəs lazımdır. Səhnə adamı, şou-əhli xanım, yeni nəfəs olmasa, nəfəs ala bilməz və səhnədə boğulub batar. Nəfəs xanım həmişə “sveji” nəfəs almalıdır ki, ilhamlanıb, yeni-yeni kliplər yaratsın. Şou-əhli xanımların nəfəsliyini bağlamaq olmaz.

***

Müğənni Təranə Qumral, müğənnilik edən qızı Qumral Musayeva ilə “Rəngarəng” verilişində  qonaq olublar. Studiyaya hər ikisi çox bahalı üst geyimində gəldiklərini bildirən Təranə xanım belə deyib: “Qızımla mənim üzərimdə olan xəz kürklər çox bahalıdır”.

P.S. Bu yerdə S.Vurğunun “Vaqif” pyesində Təlxəklə Qacarın səhnəsi yada düşür:

Qacar:

-Təlxək, kəmərimin qiymətidir bu.

-Təlxək:

-Şahım, məndə bilirəm bunu,

Kəmərdən qiymətli sizdə nə var ki?

İndi bu Təranə xanımın nə özünün, nə də qızı Qumralın heç bir səsi, sənəti olmadığından, belə demək olar: Təranə xanım, ana-bala əyninizdəki bahalı xəz kürklərdən başqa, sizdə qiymətli daha nə var ki?!

***

Müğənni Şəbnəm Tovuzlunun “Xəbər axşamı” verilişində qonaq olarkən 1 milyon manata ev almağından danışması sosial şəbəkələrdə təəccüblə qarşılanıb və geniş müzakirələrə səbəb olub.

P.S. Burada müzakirəyə və təəccübə səbəb olan nə var axı? Rəhmətliyin uşağı, Şəbnəm Tovuzlu həmişə deyib ki, onun sponsoru Həcidir. İndi nə deyirsiniz, Həcinin pulu yoxdur ki, Şəbnəmə 1 milyon manatlıq ev alsın? Həci müqəddəs adam olduğu üçün Allah ona həmişə yetirir. Adamın da sponsoru Həci olanda nəinki bahalı ev, hətta həmin evə gedib-gəlmək üçün “vertalyot”u da ola bilər. Nə qəribə insanlar var e, mən ölüm.

***

Bu günlərdə DİN rəsmi məlumat yaydı ki, son vaxtlar vətəndaşların şəxsi bank kartlarından 22.5 milyon manat pullar oğurlanıb.

P.S. Bəli, son vaxtlar əsasən “KapitalBank” və “Beynəlxalq Bank”da olan müştərilərin kartlarından külli miqdarda pullar oğurlanır. Banklar isə xaker hücumlarına görə cavabdeh olmadıqlarını deyirlər. Əlbəttə, bu münasibətə bişmiş toyuğun gülməyi gəlir. “Kəndxudanı gör, kəndi çap” prinsipi ilə yanaşsaq, bank əməkdaşlarının əli olmadan bu oğurluq baş verə bilməz. Xaker hücumlarını inkar etmirik. Xakerin bankla əlaqəsi olmasa, bu qədər pullar oğurlana bilməzdi. Yaxud, DİN-nin Kiber Cinayətlərə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları  indiyə qədər oğrulardan heç olmasa birini tapardı. Tapmayıblarsa, onda yaşasın bank və xakerlərin birgə qardaşlığı!!!

***

Ermənistanın sabiq prezidenti, Xocalı qatili Robert Köçəryan ötən həftə İrəvanda keçirdiyi mətbuat konfransında Qarabağdan könüllü gedən erməniləri geri qaytarmaqdan danışarkən belə deyib: “Ermənilərin Dağlıq Qarabağa qayıtması üçün yeganə mümkün görünən variant 9 noyabr 2020-ci il tarixli bəyanatdan yapışmaqdır”.

P.S.Ay sən öləsən, ac toyuq yuxusunda darı görən kimi, bu daşnak köpək oğlu da yuxusunda ermənilərin Qarabağa qayıtmağını görür. Adama deyərlər, a şərəfsiz, məgər qəbristanlığa gedən ölü bir də geri qayıda bilər? Amma sən də və sənin qardaşlığın Serj Sərkisyanla bir yerdə Xocalıda qırğın törədəndən sonra öz yurdunuz saydığınız Xankəndinə necə qayıda bilərsiniz? Amma ikiniz qayıtmalısınız… Dar ağacı sizi gözləyir. Çünki əlləriniz bizim xalqın qanına batıb. Amma qayıdarsınız. Özü də nəinki Xankəndinə, hətta Bakıya da gələ bilərsiniz. Bakıda DTX-nın zirzəmisində Araik, Ruben və başqa dostlarınız sizlərlə çay içmək üçün yaman darıxıblar. Onlara qovuşacağınız gün çox uzaqda deyil.

***

Kinorejissor Ayaz Salayev Azərbaycanda rusdilli məktəblərin bağlanmasının əleyhinə çıxaraq, azərbaycandilli məktəbləri bitirənləri aşağılayıb. Deyib ki, rus bölməsini qurtaranlar Azərbaycan bölməsini qurtaranlardan daha savadlı, daha səviyyəli olurlar.

P.S. Yazıq dilimiz, öz Vətənində az qala qaçqın, köçkünə dönüb. Sovet dövründə rus dili Azərbaycan dilini küncə sıxışdırmışdı. İndi isə ingilis dili hegemonluq edir. Biz rusdilli ola bilirik, ingilisdilli ola bilirik, moltanıdilli ola bilirik və s. Bəs görəsən nə vaxt öz kökümüzə qayıdıb, türkdilli olacağıq? Maraqlıdır ki, türkdilli dövlətlər sırasındayıq, amma türkdilli  ola bilmirik. Mərhum şairimiz Söhrab Tahir “Azərbaycan” poemasında dilimizin başına açılan oyunlar barədə belə yazıb:

Dil dedim, fəryadım qalxdı təpəmdən,

Qədim dövlət dilim, şeriyyət dilim.

Xalqım öz dilindən mahnı deyəndən,

Neçə yol dilindən dara çəkilib.

Allah sənə rəhmət eləsin şair! Elə bu gün də dilimizi dara çəkirlər…

***

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini diktator adlandıraraq deyib: “Bir düşünün, yüksək dərəcədə uğurlu komediya ustası Volodimir Zelenski qalib gələ bilməyəcəyi və heç vaxt başlamamalı olduğu müharibə üçün ABŞ-ı 350 milyard dollar xərcləməyə inandırdı”.

P.S. İnandıra bilibsə, deməli, Zelenski ABŞ baş bilənlərindən daha ağıllıdır. Bu, bir. İkincisi, aktyorluğa qalsa, ABŞ prezidentlərinin bir neçəsi aktyor və saksafon çalan olub. Elə Trampın özü də gəncliyində aktyor olub. Üçüncüsü, müharibəni Zelenski yox, Putin başlayıb və müstəqil dövlət olan Ukrayna ərazisinə hücum edib. Dördüncüsü isə, bu “uğurlu komediya ustası” BMT-nin tribunasında çıxış edərkən, ABŞ və bütün dünya onu ayaq üstə alqışlayırdı. İndi Zelenski “pıkka” oldu? Ona görə ki, Zelenski Trampın 500 milyard dollarlıq Ukrayna sərvətlərini istəməsinə, haqlı olaraq “yox” dedi? Putinlə saat yarımlıq telefon danışığından sonra Tramp Zelenskini və Avropanı bu müharibədə tək qoymaq istəyir. Bu da ABŞ-ın ikiüzlü siyasətinin bariz nümunəsidir. Bununla da vaxtilə sovet KQB-nin “verbovka” etdiyi və “Krasnov” ləqəbli Tramp Putinlə anlaşaraq, bir biznesmen kimi qazancını Rusiyadan almağı düşünür. Artıq Amerika xalqı yavaş-yavaş hiss edir ki, iki pisdən birini seçdikləri Tramp ikiüzlü və işğalçılıq niyyətli çıxışları ilə onları dünyada biyabır edir. Allah, müəyyən bir yerinin qırmızısı sifətinə çıxmış Trampa, bir azca da ağıl versin ki, ədalət prinsipini itirməsin.

***

Müğənni Afət Fərmanqızı “Tik-Tok” hesabında həmkarlarından kimisə nəzərdə tutaraq, belə deyib: “Hansısa bir kişi sərxoş olub, pulla müğənnini görüşə çağırıb, o da uşaq doğubsa, bu, əri demək deyil. Bunun adını araqdan yaranan ailə qoymaq olar. “Araq ər-arvadlığı”.

P.S. Mən bu Afət Fərmanqızının sənətini də, özünü də bəyənmirəm. Amma rəhmətliyin qızını bu sözlərinə görə alqışlayıram. İndiki şou-əhli xanımların ailə dedikləri nəsnəni çox dəqiq ifadə edib. Bəziləri, hətta uşağının atasının kim olduğunu belə bilmir. Məsələn, müğənni Səidə Dadaşova hələ 2015-ci ilin yayında bir sayta müsahibəsində, verilən suala cavab olaraq belə demişdi: “Uşağımın atası sürücüm Məhəmməd deyil. Övladımın atası hələ burada deyil. O, gələndə hər şeyə son qoyulacaq”. Adama deyərlər uşağının atası məlumdursa, niyə adını demirsən? Şou-əhlinin 90 faizi bu yolla “ailə” qurublar. Əvvəllər xanımın gizli görüşüb oynaşdığı  kişiyə “oynaş” deyirdilər, indi isə bu oynaş dönüb olub sevgili və belə sevgililərdən də uşaqlar dünyaya gəlir ki, bunun da adı, el dilində bicbaladır. Doğurdan da, elə belə ailələri elə “araq ər-arvadlığı” ailəsi adlandırmaq olar.

ELÇİN

 

Xəbəri paylaş

18 Mart