18 May 2026 / 17:12

HƏKİM-ŞAİR RAMİZ MÖVSÜM ŞAHMAR ƏKBƏRZADƏNİN BİR ŞEİRİNƏ NƏZİRƏ YAZDI

Şahmar ƏKBƏRZADƏ

“Qiymətli nə var ki, tər-təmiz addan,

Möhnətə tab gətir, əzaba qatlan,

Çox da bərk yapışma namərd həyatdan,

Vaxtında dünyadan köç, Əkbəroğlu!”

***

Ramiz MÖVSÜM

“Tanınmış şair qardaşım Şahmar Əkbərzadənin şerinə nəzirə”

Şahmar, niyə ah-vay eyləyir şerin?

Dəyişib yerləri xeyirlə şərin;

Tanrıya üz tutub, söylədiklərin

Sənə yaraşmayır heç, Əkbəroğlu!

 

Uyma fitnələrə, uyma fellərə,

Qanını qaraltma heç nəyə görə,

Özünü qarğıma havayı yerə,

Yaxşını yamandan seç, Əkbəroğlu!

 

Məni eşitginən; hardasan? – ayıl,

Sözündə kəsər var, başında ağıl,

Azğının vaxtında çarəsini qıl,

Yoxsa, sonra olar gec, Əkbəroğlu!

 

Ömrünü həsr etdin bir təmiz ada,

Hansı bir məclisdə olsan, harada…

Qayğı göstərilir sənə orada:

– Lap yuxarı başa keç, Əkbəroğlu!

 

Birdəfəlik son qoy, ələmə, dərdə!

Məskənin bu dünya olduğu yerdə, –

Dilinə gətirmə,  deməki bir də:

“Vaxtında dünyadan köç, Əkbəroğlu!”.

(XÜSUSİ OLARAQ “TƏZADLAR” ÜÇÜN)

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!