“Hələ də dövlət datası üzərində “özəl biznes” qurub başqalarına verməyənlər var…” – Osman Gündüz

Oxunma sayı: 279

ASAN xidmət”in “Publik data portalı” təqdim olundu. Agentliyin bu addımı vətəndaş iştirakçılığının təşviqi, hesabatlılıq, biznes və akademik mühit üçün faydalılıq baxımından çox təqdirəlayiq bir addımdır.

Görünən odur ki, ASAN öz sahəsi üzrə süni intellekt və data məsələlərinə, mövcud datadan daha səmərəli istifadə edilməsinə, konkret sahələr üzrə fayda verən süni intellekt həllərinin hazırlanmasına xeyli diqqət yetirib. Ortada konkret , işlək nümunələr var.

Ümid edirəm buradakı açıq data hələlik çox ” kasıb” olan “Açıq hökumət” portalına da inteqrasiya olunacaq.

TEZADLAR.AZ  xəbər verir ki, bunu Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial media hesabında bildirib.

O, iştirakçısı olduğu tədbirlə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, panelçilər maraqlı məlumatlar təqdim etsələr də, süni intellekt həllərinin tətbiqi ilə bağlı təcrübələrini bölüşsələr də, sektordakı əsas çağırışlar elə də qabardılmayıb.

“Tədbirin daha maraqlı hissəsi həm də “Dövlət idarəetməsində data əsaslı qərar qəbuletmə” mövzusunda panel müzakirələr oldu.  Bu sahədə bizdə müəyyən irəliləyişlər olsa da ciddi problemlər qalır.

Düzdür, panelçilər maraqlı məlumatlar təqdim etdilər, süni intellekt həllərinin tətbiqi ilə bağlı təcrübələri bölüşdülər, amma sektordakı əsas çağırışlar elə də qabardılmadı.

Hazırda ölkədə dövlətə məxsus nəhəng data formalaşıb. Amma ondan effektiv istifadə sahəsində ciddi problemlər var.

Konkret desək, bəzən açıq-aşkar görünür ki hansısa bir sahə üzrə absurd qərarlar var, amma dövlətin əlində olan data tam başqa bir qərar diqtə edir. Konkret bu sahədə pərakəndəlik daha çox gözə çarpır .

Sektor üzrə səlahiyyətli qurum olan İRİA-dan bu sahədə gözləntilər daha çoxdur.

Hələ də dövlətə məxsus datanın üzərində “oturub” heç kimə vermərəm deyənlər, bu datanın üzərində “özəl biznes” qurub başqalarına giriş verməyənlər, inteqrasiya etmək istəməyənlər, süni surətdə prosesi ləngidənlər yetərincədir.

Bəzi dövlət qurumlarında olan “çirkli data” isə bir başqa problemdir. Dövlət qurumları bu tip datanın dürüstləşdirilməsi və emaill üçün, inteqrasiya üçün istifadə olunacaq səviyyəyə gətirilməsi istiqamətində ciddi işlər görməlidir.

Son illərdə İRİA tərəfindən bu istiqamətdə bir xeyli işlər görülsə də, məhz bu amil bu sahənin inkişafına ciddi əngəl yaradır”, – deyə Osman Gündüz vurğulayıb.

JASMİN

 

Xəbəri paylaş

18 Aprel