Əsas məzmuna keç

HİCAB PROBLEMİ MƏKTƏB VƏ AZADLIQ MÜSTƏVİSİNDƏ: İNANCIN SƏRHƏDLƏRİYLƏ TƏHSİLİN MISSİYASINA BAXIŞ

(Dünyəvi təhsil, dini etiqad, məktəbli forması və müasir cəmiyyətin mənəvi inkişafı haqqında düşüncələr…)

Üçüncü hissə

Təhsil müəssisələrində hicab məsələsi üzrəictimai müzakirələrin mahiyyətində dünyəvi dövlət, dünyəvi təhsil, dini inancın şəxsi həyatdakı yeri, uşağın seçimi ilə valideynin iradəsi arasındakısərhədlər, ümumiyyətcə müasirlik və inkişaf kimi mürəkkəb suallar dayanır.

Bədii ədəbiyyatda örtük həm geyim həm də rəmz kimi

Bəşəriyyətin bədii yaddaşında örtük, pərdə, niqab və hicab yalnız geyim elementi kimi deyil, həm də sirrin, utancaqlığın, məhrəmliyin, gizlədilən həqiqətin və bəzən də qadağanın rəmzi kimi yaşayır.

Şərq poeziyasında pərdə və hicab obrazları çox vaxt aşiq ilə məşuq arasında dayanan maneəni, insanla həqiqət arasındakı məsafəni, zahirlə batinin fərqini ifadə edir. Klassik Şərq ədəbiyyatında pərdə arxasındakı gözəlin təsviri ilə ilahi həqiqətin insan idrakı üçün əlçatmazlığı arasında bədii paralellər qurulur.

Təsəvvüf poeziyasında pərdə bəzən insanın həqiqəti görməsinə mane olan nəfsin, mənəvi korluğun və dünyəvi ehtirasların rəmzinə çevrilir. Burada söhbət qadının geyimindən daha çox, insanın daxili aləmini örtən maneələrdən gedir.

Azərbaycan ədəbiyyatında da zahiri görünüşlə daxili mahiyyət arasındakı ziddiyyət, insanın özünü necə təqdim etməsi və həqiqi xarakteri arasındakı məsafə mühüm mövzulardandır.

Məhəmməd Füzulinin eşq fəlsəfəsi, Nizami Gəncəvinin insan və cəmiyyət haqqında düşüncələri, klassik Şərq poeziyasının rəmzlər sistemi bu mövzulara daha geniş baxış üçün zəngin material verir. Ancaq həmin müəlliflərin əsərlərindəki hər bir pərdə və örtük obrazını birbaşa müasir hicab mübahisəsinə aid etmək düzgün olmaz. Bədii rəmzin mənası onun yarandığı mətn və kontekst daxilində açılmalıdır.

Dünya ədəbiyyatında da geyim və örtünmə müxtəlif mənalar daşıyır. Bəzən qadının sosial vəziyyətini göstərir, bəzən məhəbbətin qarşısındakı maneəyə çevrilir, bəzən isə insanın öz kimliyini qorumaq vasitəsi kimi təqdim edilir. Müxtəlif xalqların nağıl və əfsanələrində maska, pərdə və gizli sima obrazları insanın həqiqi mahiyyəti ilə zahiri görünüşü arasındakı münasibəti araşdırmağa imkan verir.

Folklorun bizə verdiyi əsas dərs budur: görünən hər şey həqiqətin özü deyil. İnsan haqqında mühakimə yürütmək üçün onun geyimindən əlavə, davranışını, sözünü, əməllərini və başqalarına münasibətini də öyrənmək lazımdır.

Poeziyada örtük bəzən gözəlliyi artıran sirrdir. Hər şeyi dərhal açıb göstərmək məcburiyyətində olmayan sənət insan təxəyyülünə yer saxlayır.

Beləliklə, şeirdə hicab bəzən gözəllik, elmdə isə metaforik mənada aradan qaldırılmalı olan idrak maneəsi ola bilər. Eyni sözün fərqli kontekstlərdə fərqli məna daşıması dilin və təfəkkürün zənginliyidir.

Burada incə bir fərq var. Bədii ədəbiyyat hicabın tərəfdarı və ya əleyhdarı olmaq məcburiyyətində deyil. Onun vəzifəsi insanı, cəmiyyəti, ziddiyyətləri və gizli motivləri açmaqdır.

Elmdə və şüurda hicab

Hicabın fəlsəfi mənasını yalnız dini geyim müstəvisində araşdırmaqla kifayətlənmək olmaz. “Hicab” anlayışını metaforik mənada götürsək, onun həyatın başqa sahələrində də qarşılığını görərik.

İnsanın şüurunda görünməz pərdələr mövcuddur. Bəzən bu pərdələri xurafat, bəzən qorxu, bəzən cəhalət, bəzən də fanatizm yaradır. İnsan bildiyi həqiqətlərə belə şübhə ilə yanaşmağı bacarmayanda, öz fikrini yeganə doğru hesab edəndə həmin pərdələrin arxasında qalır.

Elmin mahiyyəti isə bu pərdələri aradan qaldırmaqdır. Elm sual verməyi, müşahidə aparmağı, fərziyyələri yoxlamağı, səhvləri etiraf etməyi və yeni biliklərə açıq olmağı tələb edir. Elmdə naməlum olanın sirr olaraq qalması son məqsəd deyil; onu araşdırmaq, mümkün qədər anlamaq və izah etmək əsas məqsəddir

Elmi düşüncədə insanın dini inancı ilə elmi fəaliyyəti arasında avtomatik ziddiyyət yoxdur. Dindar alim də elmi tədqiqat apara, dərin kəşflər edə, cəmiyyətin inkişafına töhfə verə bilər. Əsas şərt elmi nəticələrin şəxsi inancdan asılı olmayaraq, sübutlar və yoxlanıla bilən metodlarla əsaslandırılmasıdır.

Lakin hər hansı dini və ya dünyəvi ideyanın tənqiddən kənarda saxlanılması elmin mahiyyətinə uyğun gəlmir. Elm heç bir insanın, ideologiyanın və ya institutun toxunulmazlığını özünün əsas prinsipi hesab edə bilməz.

Ancaq burada da ehtiyatlı olmaq lazımdır: dini geyim seçimini cəhalətlə eyniləşdirmək olmaz. Baş örtüyü taxan insan elmi düşüncəyə sahib ola bilər; taxmayan insan isə xurafatın təsiri altında qala bilər. Əsas məsələ insanın başında nə daşıması deyil, beynində hansı fikirləri formalaşdırması, hansı sualları verməsi və hansı dəlillərlə düşünməsidir.

Hicab və müasirlik: keçmişə hörmət, gələcəyə məsuliyyət

Müasirlik yalnız geyim tərzi, texnologiya, şəhər həyatı və ya Qərb mədəniyyətinə bənzəmək demək deyil. Müasirlik, ilk növbədə, insanın hüquqlarına hörmət, elmi təfəkkür, hüququn aliliyi, gender bərabərliyi, ictimai məsuliyyət və dəyişən dünyaya uyğunlaşmaq bacarığıdır.

Baş örtüyü taxan qadın müasir cəmiyyətin fəal üzvü, alim, müəllim, mühəndis, həkim və ya dövlət qulluqçusu ola bilər. Onun geyimi bu imkanları avtomatik şəkildə inkar etmir.

Eyni zamanda, müasir cəmiyyət dini ənənələrin adından irəli sürülən hər bir tələbə sorğusuz tabe olmağa da məcbur deyil. Ənənə mühüm mənəvi sərvətdir, lakin onun konkret tətbiqi insan hüquqları, ictimai maraqlar və müasir həyatın tələbləri ilə uzlaşdırılmalıdır.

Məsələn, təhlükəsizlik, şəxsiyyətin müəyyənləşdirilməsi, gigiyena və peşə fəaliyyəti ilə bağlı geyim tələbləri konkret şəraitdən asılı olaraq əsaslandırıla bilər. Lakin bu tələblər ümumi şüarlara deyil, aydın meyarlara, qanuna və zərurət prinsipinə söykənməlidir.

Müasirlik nə keçmişi kor-koranə rədd etməkdir, nə də keçmişin bütün qaydalarını dəyişməz həqiqət kimi qorumaqdır. Müasirlik irsi anlamaq, onun dəyərli tərəflərini saxlamaq, zərərli tətbiqlərini isə müzakirə və islahat yolu ilə aradan qaldırmaq bacarığıdır.

Biz texnologiyanı inkişaf etdirmək, süni intellektdən istifadə etmək, rəqəmsal iqtisadiyyatı qurmaq, rəqabətqabiliyyətli elm və təhsil sistemi yaratmaq istəyiriksə, şagirdlərdə tənqidi düşüncəni, müstəqil qərarverməni və yeniliklərə açıq münasibəti də inkişaf etdirməliyik.

Gələcəyin cəmiyyətini yalnız geyim qaydaları ilə deyil, təhsilin keyfiyyəti, elmin səviyyəsi, insanların mənəvi məsuliyyəti və dövlət institutlarının səmərəliliyi ilə qurmaq mümkündür.

Dövlət, siyasi partiyalar və QHT-lər: kim nəyi müdafiə edir?

Hicab məsələsi ictimai müzakirəyə çıxanda dövlətin, siyasi partiyaların, dini qurumların və qeyri-hökumət təşkilatlarının mövqeləri də önəm qazanır.

Dövlətin vəzifəsi cəmiyyətdəki müxtəlif qrupların hüquqlarını qorumaq, qanunların icrasını təmin etmək, dünyəvi təhsil prinsipini həyata keçirmək və mübahisələrin hüquqi çərçivədə həllinə şərait yaratmaqdır.

Gördüyümüz kimi, Dövlətimiz bu məsələdə dini fanatizmin təzyiqinə boyun əymir, vətəndaşların vicdan azadlığını əsassız məhdudlaşdırmır.

Qaydalar aydın, ardıcıl, hüquqi baxımdan əsaslandırılmış və hamıya bərabər tətbiq olunan formadadır.

Siyasi partiyalar da dini həssaslıqlardan qısa müddətli siyasi dividendlər qazanmaq üçün istifadə etməməlidirlər. Bir tərəfdən, dini dəyərləri müdafiə etdiyini bəyan edən qüvvələr insanların inancını siyasi itaət vasitəsinə çevirməməlidir. Digər tərəfdən, dünyəviliyi müdafiə edənlər də dindar insanları gerilik və ya cəhalətlə eyniləşdirməməlidirlər.

QHT-lərin, hüquq müdafiəçilərinin, təhsil ekspertlərinin və dini icmaların da öz məsuliyyəti var. Onlar müzakirəyə faktlar, hüquqi təhlillər, müqayisəli təcrübə və konstruktiv təkliflərlə töhfə verməlidirlər və verirlər də.

İctimai müzakirənin keyfiyyəti isə tərəflərin nə qədər sərt danışması ilə deyil, problemin həllinə nə qədər real töhfə verməsi ilə ölçülür.

Dini inancdan siyasi məqsədlərlə istifadə edilməsi ehtimalını araşdırmaq lazımdır, amma bunu sübut olunmamış ittihamlara çevirmək olmaz. Eyni qaydada, dünyəvilik prinsipinin müdafiəsi adı altında ayrı-seçkiliyə yol verilməsi ehtimalı da hüquqi və ictimai nəzarətdən kənarda qalmamalıdır.

Hicab, mədəniyyət və inkişaf: cəmiyyətin tərəqqisi nə ilə ölçülür?

Mədəniyyət yalnız musiqi, ədəbiyyat, memarlıq və milli geyimlərdən ibarət deyil. Mədəniyyət həm də insanın başqasına münasibəti, fərqli fikrə dözümlülüyü, ictimai davranışı və öz hüquqlarını başqalarının hüquqları ilə uzlaşdırmaq bacarığıdır.

İnkişaf etmiş cəmiyyətin əsas göstəricilərindən biri müxtəlif həyat tərzlərinə və dünyagörüşlərinə sahib insanların bir-birinin hüquqlarını qoruyaraq yaşaya bilməsidir.

Amma tolerantlıq hər bir məsələdə prinsipsiz qalmaq demək deyil. Cəmiyyət müəyyən ümumi qaydalara ehtiyac duyur. Təhsil müəssisəsinin geyim qaydaları da bu ümumi qaydaların bir hissəsi olabilər. Əsas məsələ onların məqsədi, məzmunu, tətbiqi və insan hüquqları ilə uyğunluğudur.

Mən ölkəmizin elmi, iqtisadi və mədəni inkişafını hər şeydən üstün tuturam. Bu inkişaf üçün məktəblərimizdə keyfiyyətli tədris, güclü müəllim korpusu, müasir laboratoriyalar, rəqəmsal texnologiyalar, tənqidi düşüncə və sağlam mənəvi mühit lazımdır.

Şagirdin diqqəti dərsdən yayınmamalı, məktəb ailələrin sosial və dini münaqişələrinin meydanına çevrilməməlidir. Ancaq bunun yolu mübahisəli məsələləri görməzdən gəlmək deyil; onları əvvəlcədən düşünülmüş, hüquqi baxımdan əsaslandırılmış və pedaqoji cəhətdən düzgün qaydalarla tənzimləməkdir.

Mədəni inkişaf insanın zahiri görünüşünü vahid qəlibə salmaqla bitmir. O, insanın düşüncəsini, biliyini, dünyagörüşünü və məsuliyyət hissini inkişaf etdirməyi tələb edir.

Yaşlı insanın hicabı ilə məktəblinin hicabı eyni məsələ deyil

Cəmiyyətimizdə hicab məsələsinə münasibət bildirərkən yaşlı qadınların dini geyim seçimi ilə məktəbli qızların geyimini fərqləndirmək vacibdir.

Yaşlı insanın uzun illər ərzində formalaşmış dini inancı, şəxsi həyat təcrübəsi və geyim seçimi olabilər. Onun seçiminə hörmət etmək, onu təhqir və ayrı-seçkilikdən qorumaq lazımdır.

Məktəbli isə təhsil müəssisəsinin qaydalarına tabe olan, eyni zamanda hüquqları xüsusi müdafiə tələb edən uşaqdır. Onun geyimi məsələsi yalnız dini ənənə və şəxsi seçim müstəvisində deyil, təhsil hüququ, yaş xüsusiyyətləri, valideyn məsuliyyəti və məktəbin ümumi qaydaları kontekstində də araşdırılmalıdır.

Bununla belə, uşağın yaşını əsas gətirərək onun fikrini tamamilə nəzərə almamaq da doğru deyil. Uşağın düşüncəsi və iradəsi yaşına, yetkinlik səviyyəsinə uyğun şəkildə dinlənilməlidir.

Ən təhlükəli yanaşma uşağı böyüklərin ideoloji mübarizəsinin simvoluna çevirməkdir. Hicablı məktəbli bir siyasi mövqenin, hicabsız məktəbli isə əks mövqenin təbliğat vasitəsi olmamalıdır.

Uşaqların ehtiyacı qarşıdurma deyil, təhsildir. Onların gələcəyinə xidmət edən qərarlar isə emosional təzyiq altında deyil, hüquq, pedaqogika və sağlam düşüncə əsasında verilməlidir.

Bəs, çıxış yolu nədir?

Hicab məsələsini yalnız “icazə verilsin” və ya “qadağan edilsin” qarşıdurmasına endirmək problemin bütün tərəflərini nəzərə almamaq deməkdir.

Azərbaycanın dünyəvi təhsil prinsipi və məktəbli forması siyasəti aydın olmalıdır. Bununla yanaşı, qaydaların hazırlanması və tətbiqi zamanı vicdan azadlığı, təhsil hüququ, uşağın üstün mənafeyi və ayrı-seçkiliyin yolverilməzliyi də nəzərə alınmalıdır.

Aşağıdakı istiqamətləri məqsədəuyğun hesab etmək olar:

• Birinci: məktəbli formasının vahid prinsipləri və tətbiq mexanizmləri aydın şəkildə müəyyənləşdirilməlidir. Qaydalar məktəb rəhbərliyinin subyektiv qərarlarından asılı qalmamalıdır.
• İkinci: keçid prosesi mərhələli aparılmalıdır. Valideynlərə, müəllimlərə və şagirdlərə izahat verilməli, əsaslandırılmış təkliflər dinlənilməli və tətbiqdə ortaya çıxan çətinliklər nəzərə alınmalıdır.
• Üçüncü: hicab məsələsinə dair hüquqi qeyri-müəyyənlik varsa, səlahiyyətli dövlət qurumları bunu aydınlaşdırmalıdır. İctimaiyyətə yalnız şifahi göstərişlər və ziddiyyətli izahlar deyil, hüquqi əsasları müəyyən olan qaydalar təqdim edilməlidir.
• Dördüncü: heç bir uşaq təhqir edilməməli, alçaldılmamalı və dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmamalıdır. Məktəbin məqsədi uşağı təhsildən uzaqlaşdırmaq deyil, onun təhsil almasını təmin etməkdir.
• Beşinci: valideynlərlə məktəb arasında dialoq gücləndirilməlidir. Qaydalara əməl olunması tələb edilərkən ailələrin narahatlıqları dinlənilməli, mümkün hüquqi və pedaqoji həll yolları araşdırılmalıdır.
• Altıncı: dini maarifləndirmə ilə elmi təhsilin bir-birinə qarşı qoyulmasına yol verilməməlidir. Uşaqlar həm milli-mənəvi dəyərləri, həm də müasir elmin nailiyyətlərini öyrənməli, dini inancın və dünyəvi hüququn cəmiyyətdəki rolunu anlamağa hazırlanmalıdırlar.
• Yeddinci: siyasi partiyalar və ictimai təşkilatlar məsələni qarşıdurma yaratmaq vasitəsinə çevirmək əvəzinə, hüquqi və sosial həll yollarının tapılmasına kömək etməlidirlər.

Bu prinsiplərdən çıxış edərək həm dünyəvi təhsilin əsaslarını qorumaq, həm də insan hüquqlarınahörmət etmək mümkündür.

Son söz əvəzi: mənəvi azadlıq və elmin işığı

Mən Allaha inanan, İslamın mənəvi dəyərlərinə hörmətlə yanaşan insanları cəmiyyətimizin ayrılmaz hissəsi hesab edirəm. Dini inancın insanı mərhəmətə, ədalətə, dürüstlüyə, ailə dəyərlərinə və xeyirxahlığa yönəltməsini müsbət sayıram.

Amma ifratçılığı, fanatizmi, dini şüarlarla insanların hüquqlarının məhdudlaşdırılmasını və inancın siyasi alətə çevrilməsini qəbul etmirəm.

Mən dünyəvi təhsilin tərəfdarıyam. Məktəbdə ümumi geyim qaydalarının olmasını vacib sayıram. Eyni zamanda, bu qaydaların tətbiqində tələskənliyin, izahsız sərtliyin və uşağın təhsil hüququnu təhlükəyə atan yanaşmaların düzgün olmadığını düşünürəm.

Bizim məqsədimiz kiminsə başındakı örtüyə görə onun qarşısına sədd çəkmək deyil, hər bir uşağın qarşısında elmə, biliyə, azad düşüncəyə və gələcəyə aparan yollar açmaq olmalıdır.

Məktəbdə şagirdin ağlı inkişaf etdirilməlidir. Onun geyimi ilə yanaşı, dünyagörüşü də formalaşmalıdır. O, yalnız qaydalara əməl etməyi deyil, qaydaların niyə mövcud olduğunu anlamağı da öyrənməlidir.

Əgər biz gələcəyin güclü Azərbaycanını qurmaq istəyiriksə, uşaqlarımızı nə fanatizmin, nə də cəhalətin əsiri etməliyik. Onları elmə, mədəniyyətə, vətənə, insanlığa və məsuliyyətli vətəndaşlığa hazırlamalıyıq.

Mənim üçün əsas meyar budur: qərarlar insanın ləyaqətini qorumalı, təhsilin keyfiyyətini yüksəltməli, cəmiyyətin birliyini möhkəmləndirməli və dövlətin inkişafına xidmət etməlidit.

İnanc insanın vicdanını zənginləşdirməli, təhsil onun ağlını işıqlandırmalı, dövlət isə hər ikisinin azad və hüquqa uyğun şəkildə mövcud ola biləcəyi ədalətli mühit yaratmalıdır.

Çünki nə hicabın özü insanın bütün mənəvi dünyasını müəyyənləşdirir, nə də hicabsızlıq avtomatik olaraq azad düşüncənin göstəricisidir.

İnsanı insan edən onun ağlı, vicdanı, əməlləri və başqalarının hüquqlarına münasibətidir.

Məktəbin əsas vəzifəsi də məhz belə insan yetişdirməkdir: inancı varsa, başqasının inancına hörmət edən; inancı yoxdursa, başqasının seçim azadlığını tanıyan; elmi biliklərə yiyələnən, müstəqil düşünən, ifratçılıqdan uzaq duran və öz ölkəsinin inkişafına töhfə verən insan.

Gələcəyimiz geyimlər üzərində bitib-tükənməyən mübahisələrdən deyil, elm, mədəniyyət, azad düşüncə, hüquq və insan ləyaqəti üzərində qurulan təhsildən asılıdır.

Əlövsət Qaraca ƏLİYEV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…