Hindistan Pakistanın hücumlarını dəf etmək üçün S-400-dən istifadə edib

Oxunma sayı: 233

Hindistan silahlı qüvvələri Pakistandan gələn hücumları dəf etmək üçün Rusiyanın S-400 “Triumf” zenit-raket komplekslərindən istifadə edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Həmçinin, nəşrin məlumatına görə, inteqrasiya olunmuş radar şəbəkəsi və komanda-nəzarət sistemləri tərəfindən izlənilən təhlükələrə qarşı mübarizə üçün yerli istehsal olan “Akaş” yer-hava raketləri, müxtəlif dron əleyhinə sistemlər və digər əks-tədbirlər yerləşdirilib.

Mənbələrin məlumatına görə, Hindistan Silahlı Qüvvələri Pakistanda hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün İsrailin “Harop” kəşfiyyat və hücum pilotsuz təyyarəsindən istifadə edib.

Ötən gecə Hindistanın Pakistanla sərhədində yerləşən müxtəlif bölgələrindən partlayışlar, səmada şimşəklər və sirenlər barədə xəbərlər daxil olub. Bir neçə şəhərdə təhlükəsizlik səbəbilə elektrik enerjisi kəsilib. Cammu və Kəşmirdə hərbi bazalara hücumlar baş verib. Hindistan ordusu hücumların uğurla dəf edildiyini bildirib.

Mayın 7-nə keçən gecə Hindistan Silahlı Qüvvələri Pakistan və Pakistanın nəzarətində olan Kəşmirdə terrorçuların yerləşdiyi 9 hədəfi vuraraq “Sindoor” əməliyyatına başlayıb. NDTV-nin mənbələrə istinadən verdiyi məlumata görə, 70-dən çox terrorçu öldürülüb, 60-dan çoxu yaralanıb. Pakistan Silahlı Qüvvələrinin məlumatına görə, zərbələr nəticəsində 26 nəfər ölüb, 46 nəfər yaralanıb. Bundan sonra Pakistan qisas alıb. Hindistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Pakistan qüvvələrinin Nəzarət Xətti boyunca atəşkəsi pozması nəticəsində Hindistan Birliyinin Cammu və Kəşmir ərazilərində 16 mülki şəxs həlak olub, 59 nəfər yaralanıb.

S-400 “Triumf” – Rusiyanın uzun və orta mənzilli zenit-raket kompleksidir. O, intensiv atəş və elektron əks tədbirlər şəraitində hava hücumu və kəşfiyyat vasitələrini və hər hansı digər hava hədəflərini məhv etmək üçün nəzərdə tutulmuşdur. Sistem 400 km-ə qədər məsafədə olan təyyarələri və qanadlı raketləri, 60 km-ə qədər məsafədə 4,8 km/s sürətlə uçan ballistik hədəfləri vurmağa, 30 km-ə qədər yüksəklikdəki hədəfləri məhv etməyə qadirdir. Hindistana 5 alay dəstinin S-400 “Triumf” sistemlərinin tədarükü üçün 5,43 milyard dollar dəyərində müqavilə Rusiya prezidenti Vladimir Putinin 2018-ci ilin oktyabrında respublikaya səfəri zamanı imzalanıb.

E.ŞİRİNOV

Xəbəri paylaş