21 Oktyabr 2025 / 09:21

İlin ilk altı ayında Rusiyada 105 nəfər dövlətə xəyanətdə təqsirli bilinib

İki təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilib

İlin birinci yarısında Rusiya məhkəmələri 105 rusiyalını dövlətə xəyanətdə, 11 əcnəbini isə casusluqda təqsirli bilib.

Tezadlar.az-n məlumatına görə, bu, TASS Ali Məhkəmənin Məhkəmə Departamentinin məhkəmə statistikasına istinadən xəbər verir.

İki müttəhim dövlətə xəyanətdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. Məhkum olunanlar arasında yaşı 14-17 arasında olan 5 azyaşlı da var. Ən böyük yaş qrupu 18-30 (44 nəfər) olub. Onların 27-si 31-40, 15-i 41-50, 11-i 51-60, ikisi 61-65, biri isə 66-dan yuxarıdır. Onların, demək olar ki, yarısı (41) ali, 27-si orta ixtisas, 26-sı isə orta ümumi təhsilli olub. Yarıdan çoxunun (55) daimi gəlir mənbəyi yoxdur. Məhkum olunanlar arasında 15 fəhlə, 3 dövlət və bələdiyyə işçisi, 8 tələbə, eyni sayda sahibkar, 6 hərbi qulluqçu, eyni sayda hüquqşünas və ya notarius da var.

Statistikaya görə, casusluqda təqsirli bilinərək həbs cəzasına məhkum edilmiş 11 əcnəbinin hamısı MDB ölkələrinin vətəndaşlarıdır. Onlardan 4-ü 18-30, 4-ü 31-40, 2-si 41-45 yaş arasındadır. Məhkum olunmuş şəxslərdən yalnız 3-ü ali, 7-si isə orta ixtisas və ya ümumi orta təhsillidir.

Daha əvvəl bildirilmişdi ki, 2024-cü ildə Rusiya Federasiyasında dövlətə xəyanətdə ittiham olunanların sayı təxminən dörd dəfə artıb: 145 nəfər, o cümlədən 23 nəfər casusluqda ittiham olunub.

Dövlətə xəyanət maddəsi, casusluq və ya dövlət sirri təşkil edən məlumatların açıqlanması ilə yanaşı, düşmən tərəfə qaçma və ya Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətdə maliyyə, maddi-texniki, məsləhət və ya digər yardımların göstərilməsini də əhatə edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!