Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin yaradılması haqqında Əsasnamə bu gün imzalanacaq. Tezadlar.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov iyunun 19-da Bakıda keçirilən TDT ölkələri Məhkəmə Şuraları Sədrlərinin üçüncü iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu təşəbbüs ilk dəfə 2024-cü ilin may ayında İstanbulda keçirilən görüşdə irəli sürülüb və yüksək qiymətləndirilib. Sitat: “Bu gün həmin təşəbbüs konkret hüquqi əməkdaşlığımızın institutlaşması istiqamətində önəmli bir addımdır. Hesab edirəm ki, Əsasnamənin imzalanması ilə tərəfdaş dövlətlər arasında məhkəmə-hüquq sahəsində çoxtərəfli və davamlı əməkdaşlığın hüquqi əsası yaradılacaq. Bu çərçivədə birgə layihələrin icrası, elmi-tədris proqramlarının təşkili, hakimlərin etik və peşəkar hazırlığı, ortaq hüquqi tədqiqatların aparılması və davamlı təcrübə mübadiləsi üçün etibarlı bir platforma formalaşdırılacaq”.







