İndoneziyada Anak Krakatau vulkanının sentyabr ayındakı püskürməsindən sonra onun yaxınlığında adayabənzər iki yeni formasiya meydana gəlib.
Eyni zamanda, lava axınları və püskürən digər materiallar hesabına vulkanik adanın öz sahəsi təxminən 32,8 hektar genişlənib.
Püskürmə sentyabrın 4-dən 6-dək davam edərək təxminən 25 saat çəkib.
İndoneziyanın Geologiya Agentliyinin məlumatına görə, lava şimal-qərb, qərb və cənub-qərb istiqamətlərində axaraq adanın qərb hissəsinin formasını dəyişdirib.
Yeni formasiyalar vulkanın yaxınlığından keçən və sahil xəttindəki dəyişiklikləri fotoşəkillərlə qeydə alan dənizçilər və könüllülər tərəfindən müşahidə edilib.
Formasiyalardan biri sahildən təxminən 760 metr şimal-qərbdə, digəri isə təxminən 500 metr cənub-şərqdə yerləşir.
Adanın səthindəki dəyişikliklər, həmçinin avqustun 8-də və sentyabrın 20-də çəkilmiş “Copernicus Sentinel-2” təsvirlərində də əks olunub.
Yeni yaranan ərazinin sahəsi təxminən 200 000 kvadratmetr qiymətləndirilir.
Bununla belə, mütəxəssislər hələ ki, bu formasiyaların mənşəyini dəqiq müəyyən edə bilməyiblər.
Geologiya Agentliyi qeyd edir ki, peyk təsvirləri əsasında onların tərkibini müəyyən etmək və ya yeni vulkanik kanalların yaranması ilə əlaqəli olub-olmadıqlarını təsdiqləmək mümkün deyil.
Alimlər ən azı iki ehtimalı nəzərdən keçirirlər: adalar yeni sualtı maqma kanallarından yaranmış ola bilər və ya onlar köhnə Krakatau vulkanik kalderası daxilindəki dayaz sularda püskürən materialların toplanması nəticəsində əmələ gəlmiş ola bilər.
JASMİN







