İranın xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkədə ABŞ-ın İslam Respublikasının nüvə obyektlərinə hücumunun uzunmüddətli nəticələri ilə bağlı xəbərdarlıq edib.
Tezadlar.az-ın məlumatına görə, nazir vurğulayıb ki, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi “dinc nüvə obyektlərinə” zərbələr endirməklə beynəlxalq təşkilatın nizamnaməsini və beynəlxalq hüququ, habelə Nüvə Silahının Yayılmaması haqqında Müqaviləni kobud şəkildə pozub.
“Bu səhər baş verənlər dəhşətlidir və uzunmüddətli nəticələrə gətirib çıxaracaq”, – deyə Əraqçi bildirib.
O, həmçinin qeyd edib ki, BMT Nizamnaməsinə uyğun olaraq, İran öz suverenliyini və milli maraqlarını qorumaq üçün cavab vermək üçün qanuni hüququnu özündə saxlayır.
Xəbər verdiyimiz kimi, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranın Fordo, Natanz və İsfahan da daxil olmaqla üç nüvə obyektinə zərbələr endirib. Amerika lideri Donald Tramp bildirib ki, prezidentin əməliyyatın “əsas hədəfi” adlandırdığı Fordoya “tam bombalar” atılıb.
E.ŞİRİNOV