İnqilab Keşikçiləri Korpusunun siyasi məsələlər üzrə komandir müavini briqada generalı Yedullah Cavani, ABŞ və müttəfiqləri İranın infrastrukturunu hədəf alsalar, İranın Hörmüz boğazı altındakı internet kabellərini məhv edə biləcəyi ilə hədələyib.
Tezadlar.az xəbər verir ki, İranın ərəb dilində nəşr olunan “Əl-Aləm” nəşrinə verdiyi müsahibədə briqada generalı Cavani ölkəsinin yeni məqsədlərini açıqlayıb.
ABŞ-nin bölgədən tamamilə çəkilməli olduğunu bildirən Cavani bölgədəki vəziyyətin heç vaxt müharibədən əvvəlki dövrə qayıtmayacağını söyləyib.
Cavani deyib: “ABŞ və müttəfiqlərinin böyük kapitalı var və əgər onlar bizim infrastrukturumuzu hədəf alsalar, İran bütün imkanlarından istifadə edəcək. İran Hörmüz boğazı altındakı internet kabellərini asanlıqla məhv edə bilər”.
İslam İnqilab Keşikçiləri Korpusunun sözçüsü briqada generalı Hüseyn Mühibbi də əvvəlki gün verdiyi açıqlamada Hörmüz boğazı altından keçən və qlobal internet və kommersiya məlumat axını təmin edən yeddi əsas kabelə hücuma işarə edib.
TeleGeography və Submarine Networks verilənlər bazalarına görə, Hörmüz boğazında və Fars körfəzi oxunda qlobal məlumat axınının 97 faizindən çoxunu daşıyan sualtı kabellər şəbəkəsində ən azı yeddi əsas sistem mövcuddur.
Hörmüz boğazının dəniz dibinə çəkilmiş vacib fiber optik xətlər təkcə Körfəz ölkələrinin internetə çıxışına deyil, həm də trilyonlarla dollar dəyərində neft və qaz ticarətinin maliyyə əməliyyatlarına və hərbi bazaların bəzi logistika məlumat şəbəkələrinə təsir göstərir.
ELBAR







