“Amerika Birləşmiş Ştatlarında kimin hakimiyyətdə olmasından asılı olmayaraq, istər Respublikaçılar Partiyası, istərsə də Demokratlar Partiyası hakimiyyətdə olsun, İrana münasibət eyni olaraq qalır. Çünki ABŞ-nin strategiyası İranda hakimiyyəti dəyişmək və öz maraqlarına uyğun bir hakimiyyət formalaşdırmaqdır. Vaşinqton bu məqsədini həyata keçirmək üçün müxtəlif vasitələrlə İrana təzyiqlər göstərir. Bu istiqamətdə dəfələrlə müxtəlif açıqlamalar verilib. İrana təzyiq göstərmək məqsədilə müxtəlif dövrlərdə fərqli bəhanələrdən istifadə olunub və ölkəyə qarşı təzyiq kampaniyaları həyata keçirilib. Sadəcə, indiki ABŞ hakimiyyəti, Donald Trampın prezidentliyi dövründə bu təzyiqlər daha radikal üsullarla həyata keçirildi. Daha doğrusu, hərbi əməliyyatların əsas məqsədi İranda hakimiyyəti dəyişmək idi və bunu açıq şəkildə bəyan etmişdilər. Lakin həyata keçirilən hərbi əməliyyatlar həm hərbi, həm də siyasi baxımdan fiaskoya uğradı. Nəticədə Tramp ciddi siyasi təzyiqlərlə üzləşdi. Bunun nəticəsi olaraq Konqresə keçirilən aralıq seçkilərində Respublikaçılar Partiyası həm Nümayəndələr Palatasında, həm də Senatda məğlubiyyətə uğradı. Təbii ki, Tramp administrasiyası İrana qarşı təzyiq kampaniyasını davam etdirmək niyyətindədir. Lakin əsas məsələ bu təzyiqlərin həyata keçirilməsi üçün Konqresdən dəstək alınıb-alınmayacağıdır. Hadisələrin gedişi göstərir ki, demokratlar bu təzyiq kampaniyasına dəstək vermək niyyətində deyillər. Trampın komandasında təmsil olunan ayrı-ayrı şəxslərə qarşı impiçment məsələsi gündəmə gətirilir. Hətta müdafiə nazirinin Konqresdə dinlənilməsi də müzakirə olunur”.
Bu fikirləri tezadlar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, Vaşinqtonun Tehranla bağlı planlarının daha geniş miqyas alacağı ehtimal edilir. Belə ki, “Dəmir Qapı” (Iron Gate) əməliyyatı vasitəsilə ABŞ-nin İranın hərbi-logistik imkanlarına zərbə vurmağa, eyni zamanda Moskva ilə Tehran arasında silah və hərbi texnika mübadiləsini məhdudlaşdırmağa çalışacağı bildirilir. Bu baxımdan, Xəzər dənizi üzərindən həyata keçirilən hərbi daşımaların dayandırılması da ABŞ-nin diqqətində olan məsələlərdən biri kimi qiymətləndirilir. Siyasi şərhçi qeyd edib ki, hadisələrin bu istiqamətdə inkişafı yaxın vaxtlarda Trampın özünün də siyasi məsuliyyətə cəlb olunması məsələsini gündəmə gətirə bilər.
“İranın Xəzər dənizində blokadaya alınması məsələsinə gəlincə, ABŞ-nin strateji məqsədi İranda hakimiyyəti dəyişmək, ölkəni işğal etmək və öz maraqlarına uyğun hakimiyyət qurduqdan sonra onu NATO blokuna daxil etməkdir. Çünki Birləşmiş Ştatların əsas hədəflərindən biri Xəzər hövzəsini NATO-nun təsir dairəsinə çevirmək və Rusiyanın cənub istiqamətindəki imkanlarını məhdudlaşdırmaqdır. ABŞ uzun müddətdir məhz bu strategiya üzərində siyasət həyata keçirir. Ukrayna vasitəsilə raket və dronlarla İranın Xəzər dənizindəki gəmilərinin, o cümlədən sərnişin gəmilərinin vurulması da bir növ eksperiment idi. Hesab edirəm ki, bu proses ABŞ-nin nəzarəti altında həyata keçirilir. Çünki Ukraynada aparılan hərbi əməliyyatların ABŞ ekspertləri tərəfindən idarə olunduğu barədə dəfələrlə dünya mətbuatında, xüsusilə də Rusiya mediasında məlumatlar yayılıb. Bildirilir ki, ABŞ-dan olan generalların, hərbçilərin və NATO ölkələrinin hərbi nümayəndələrinin iştirakı ilə Ukraynada böyük bir qərargah formalaşdırılıb. Bu qərargah hərbi əməliyyatların vahid mərkəzdən idarə olunmasına dəstək verir. Ümumilikdə, qeyd etdiyim kimi, ABŞ Xəzər hövzəsini hərbiləşdirmək istəyir və bunun İranda hakimiyyət dəyişikliyindən sonra reallaşdırılması mümkün ola bilər. Rusiya ilə İran arasında əməkdaşlığın qarşısını almağın mümkünlüyünə gəlincə, bunu real hesab etmirəm. Çünki İranın Rusiya ilə müxtəlif istiqamətlərdə – hava, dəniz və quru yolları vasitəsilə əlaqələr qurmaq imkanları var. Bu baxımdan hesab edirəm ki, ABŞ-nin İran-Rusiya əməkdaşlığının qarşısını almaq məqsədilə İran limanlarını vurmaq siyasəti fiaskoya uğraya bilər. Bununla yanaşı, belə addımlar Birləşmiş Ştatlar üçün də ciddi fəsadlar yarada bilər. ABŞ və İsrailin birlikdə həyata keçirdiyi hərbi əməliyyatlar, qeyd etdiyim kimi, həm hərbi, həm də siyasi müstəvidə uğursuzluqla nəticələndi. Nəticədə Respublikaçılar Partiyası ciddi məğlubiyyətə uğradı. Lakin buna baxmayaraq, ABŞ-nin İrana münasibətdə strategiyası hələ də dəyişməyib. Sadəcə, Tramp administrasiyası daha radikal addımlar atmaqla İrana təzyiq göstərmək və qarşıya qoyduğu məqsədlərə daha tez çatmaq istəyirdi. Ancaq buna nail ola bilmədi. Dolayısı ilə İranın Tramp administrasiyasına qarşı dirəniş göstərməsi və ABŞ prezidentinin təklif etdiyi sülh sazişini, daha doğrusu, atəşkəs razılaşmasını qəbul etməməsi Tramp üçün siyasi zərbə oldu. Bu vəziyyət demokratların mövqelərinin güclənməsinə şərait yaratdı. Beləliklə, İranın Tramp qarşısında geri çəkilməməsi demokratların siyasi baxımdan üstünlük əldə etməsinə səbəb oldu və nəticədə Tramp administrasiyasının xarici siyasət sahəsində imkanlarını müəyyən qədər məhdudlaşdıracaq. Demokratların məqsədi ABŞ prezidentinə qarşı impiçment məsələsini gündəmə gətirməklə Trampı hakimiyyətdən uzaqlaşdırmaq, növbədənkənar seçkilərdə qələbə qazanmaq və ümumilikdə Amerikanın siyasi strategiyasını yenidən istiqamətləndirməkdir. Lakin bu, ABŞ-nin İrana qarşı təzyiq siyasətinin yumşalacağı anlamına gəlmir. Ümumilikdə, dediyim kimi, istər Respublikaçılar, istərsə də Demokratlar hakimiyyətdə olsun, İrana qarşı təzyiqlər hər zaman mövcud olub. Demokratlar əsasən iqtisadi sanksiyalar vasitəsilə İranı dünya siyasi və iqtisadi sistemindən təcrid etmək taktikasını həyata keçirirdilər. Respublikaçılar, daha doğrusu, Tramp administrasiyası isə hərbi əməliyyatlara əl atmaqla bu strategiyanı daha sürətli həyata keçirmək niyyətində idi. Lakin nəticə etibarilə bu siyasət fiaskoya uğradı. Bunun əsas səbəblərindən biri İranın özünəməxsus müttəfiqlərinin olmasıdır. Həm Rusiya, həm də Çin İrana siyasi və mənəvi dəstək göstərməklə onun müqavimət imkanlarının zəifləməsinə imkan vermədilər. Bu əməkdaşlıq bundan sonra da davam edəcək. Çünki həm Rusiya, həm də Çin yaxşı anlayır ki, İranın məğlubiyyəti, xüsusilə də işğal olunması onların öz strateji maraqlarına ziddir. İran üzərindən həm Rusiyaya, həm də Çinə qarşı təzyiq mexanizmi formalaşdırıla bilər. Xüsusilə də Xəzər hövzəsinin hərbiləşdirilməsi, İranın işğal olunması və ABŞ-nin himayəsinə keçməsi regionda yeni geosiyasi vəziyyət yarada bilər. Belə olan halda İranın gələcəkdə NATO-ya yaxınlaşdırılması və ya alyansa daxil edilməsi yolu ilə Xəzər hövzəsinin NATO-nun təsir dairəsinə çevrilməsi mümkün ola bilər. Bu isə təbii ki, Rusiyanın strateji maraqlarına uyğun deyil. Eyni zamanda, regionda hərbi qüvvələr balansının pozulması deməkdir. Bu vəziyyət regionda daha ağır fəsadlara səbəb ola biləcək hərbi toqquşmalara gətirib çıxara bilər. Ona görə də hesab edirəm ki, ABŞ-nin İranla Rusiya arasında əməkdaşlığı məhdudlaşdırmaq, İran limanlarını vurmaq cəhdləri nəticə verməyəcək. Çünki İranın özünü müdafiə etmək hüququ var. İran özünü müdafiə etmək məqsədilə müxtəlif vasitələrdən istifadə edə bilər. Məsələn, Hörmüz boğazını bağlamaqla yanaşı, Fars körfəzindən keçən sualtı internet kabellərini vuraraq sıradan çıxarmaq da qlobal miqyasda ciddi nəticələrə səbəb ola bilər. Bu kabellər vasitəsilə çoxsaylı maliyyə və digər əməliyyatlar həyata keçirilir. Onların sıradan çıxarılması dünya iqtisadiyyatına ciddi təsir göstərə və qlobal xaosa səbəb ola bilər. Ona görə də İranın özünü müdafiə etmək üçün müxtəlif vasitələrə əl atmaq imkanları mövcuddur. ABŞ-nin Xəzər hövzəsindəki İran limanlarını vurmaq kimi addımları əks-təzyiqlərlə nəticələnə bilər. İranın da özünəməxsus təzyiq mexanizmlərindən istifadə etmək imkanları var. Bütün bunlar onu göstərir ki, İran hazırda Tramp administrasiyasına qarşı barışmaz mövqedən çıxış edir. Bu, ilk növbədə, ABŞ-nin İranın dini liderinin qətlə yetirilməsini hədəfləməsi və Trampın bu məsələni açıq şəkildə bəyan etməsi ilə bağlıdır. Tramp bunu hətta qürur hissi ilə dünya ictimaiyyətinə təqdim edib. Təbii ki, İran cəmiyyəti və siyasi hakimiyyəti bu hadisəni bağışlamayacaq. İranın ABŞ-a, xüsusilə də Trampa qarşı qisas mövqeyindən çıxış etməsi və müqavimət göstərməsi Vaşinqton üçün ciddi siyasi nəticələr doğura bilər. Bu baxımdan İran ABŞ-dan gələn təzyiqlərə adekvat cavab vermək imkanlarına malikdir. Belə cavablar isə dünyada yeni iqtisadi xaosa səbəb ola bilər. Hörmüz boğazının bağlanması bunun bariz nümunəsidir. Ona görə də ABŞ-nin İrana qarşı təzyiqləri davam etdirməsi yalnız iki ölkə arasındakı münasibətlərə deyil, bütövlükdə qlobal iqtisadi və siyasi sabitliyə də ciddi təsir göstərə bilər”







