Tezadlar.az İran İslam Respublikasının Bakıdakı Səfirliyinin müavini Əlirza Cəbbarinin son hərbi əməliyyatlarla bağlı məqaləsini təqdim edir:
“İranın legitim müdafiə müstəvisində güc nümayişi:
Son günlər ərzində bəşəriyyət bir daha ABŞ-ın təcavüzkar siyasəti və İsrailin ‘uşaq qatili’ obrazı ilə xarakterizə olunan şər koalisiyasının həqiqi simasına şahidlik etməkdədir. Bu iki qlobal təhdid mənbəyinin rəhbərlərinin insanlıq əleyhinə yönəlmiş cinayətkar davranışları, müasir sivilizasiya üçün rüsvayçı bir ləkədən başqa heç bir miras qoymamışdır. Trampın həm İranla nüvə danışıqları prosesində nümayiş etdirdiyi sistematik etibarsızlıq, həm də Netanyahunun diktəsinə boyun əyərək İran İslam Respublikasına hücum etməklə qlobal ictimai rəyə xəyanəti, ABŞ-ın hakim elitasındakı mənəvi-psixoloji aşınmanın və strateji qeyri-stabilliyin bariz təzahürüdür. Qız və oğlan ibtidai məktəbləri, idman kompleksləri, tibb müəssisələri və xəstəxanalar, habelə təcili yardım, polis və yanğınsöndürmə məntəqələri daxil olmaqla, onlarla mülki obyektin hədəfə alınması və çoxsaylı dinc sakinin qətlə yetirilməsi, bu iki cinayətkar rejimin İranın cəsur övladları ilə birbaşa hərbi qarşıdurmada aciz qaldıqlarının bariz sübutudur.
Prezident Trampın hakimiyyəti dövründə, zahirən ‘böyük’ görünən Amerikanın həqir və kiçik İsrailin ardınca gedərək İranın günahsız xalqına qarşı törətdiyi bu hərbi təcavüzlər, Amerika xalqı üçün ölkə tarixində silinməz bir utanc səhifəsi kimi həkk olunacaqdır.
Eyni zamanda, böyük İran xalqının öz legitim hüquqlarını bərpa etmək və ölkənin ərazi bütövlüyünü qorumaq naminə, ən müasir silahlarla təchiz olunmuş amansız ABŞ-İsrail koalisiyasına sarsıdıcı zərbələr endirən Silahlı Qüvvələrlə nümayiş etdirdiyi sarsılmaz monolit birlik və həmrəylik hər cür təqdirə layiqdir.
İran xalqı milli maraqların qorunması və ərazi bütövlüyünün təmini yolunda nümayiş etdirdiyi misilsiz rəşadətlə bəşər tarixində yeni bir şanlı səhifə yazdı. Bu qəhrəmanlıq salnaməsi, imperializmə qarşı dirəniş göstərən dünya millətləri üçün sarsılmaz bir iradə nümunəsi və əbədi yol xəritəsi olaraq qalacaqdır.
Əlirza Cəbbari”.
Müharibə isə davam edir…