Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Milli Müdafiə Nazirliyi İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik raketin Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə elementləri tərəfindən zərərsizləşdirildiyini açıqladı.
Tezadlar.az xəbər verir ki, Milli Müdafiə Nazirliyi Türkiyə hava məkanında zərərsizləşdirilən ballistik raketlə bağlı açıqlama yayıb.
Məlumatda İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik raketin Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə elementləri tərəfindən zərərsizləşdirildiyi qeyd edilərək əlavə edilib:
“Raketin bəzi parçaları Qaziantepdə boş sahələrə düşüb. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Türkiyə mehriban qonşuluq münasibətlərinə və regional sabitliyə böyük əhəmiyyət verir. Bununla belə, bir daha vurğulayırıq ki, ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər hansı bir təhdidə qarşı bütün lazımi addımlar qətiyyətlə və tərəddüd etmədən atılacaq. Hər kəsə xatırladırıq ki, Türkiyənin bu mövzuda xəbərdarlıqlarına qulaq asmaq hər kəsin xeyrinədir.”
“Dövlətimizin təhlükəsizliklə bağlı iradəsi və qabiliyyəti ən yüksək səviyyədədir”
Kommunikasiya direktoru Bürhanəddin Duran sosial media hesabında Türkiyənin hava məkanında zərərsizləşdirilən sursatla bağlı açıqlama verib.
“İrandan atıldığı və ölkəmizə doğru yönəldiyi aşkarlanan ballistik raket Qaziantəpin Şahinbey rayonu səmasında NATO hava və raketdən müdafiə elementləri tərəfindən vaxtında zərərsizləşdirilib. Hadisədə heç bir itki və ya xəsarət alan olmayıb”, – Duran bildirib.
O, əlavə edib ki, hadisənin əvvəldən bütün qurumlar tərəfindən yaxından izlənildiyini və lazımi müdafiə və təhlükəsizlik tədbirlərinin dərhal həyata keçirildiyini bildirib.
Duran başda Milli Müdafiə Nazirliyi olmaqla, bütün müvafiq bölmələrin bu çərçivədə tam koordinasiyalı şəkildə hərəkət etdiyini vurğulayıb və bunları bildirib:
“Dövlətimizin Türkiyənin hava məkanını və sərhəd təhlükəsizliyini qorumaq iradəsi və qabiliyyəti ən yüksək səviyyədədir. Bölgədəki gərginliyin daha da artmasının və münaqişələrin daha geniş əraziyə yayılmasının qarşısını almaq çox vacibdir. Bütün tərəflərə, xüsusən də İrana regional təhlükəsizliyi təhlükə altına qoyan və mülki şəxsləri təhlükəyə atan hərəkətlərdən çəkinmək barədə xəbərdarlıq edirik.
Bu proses zamanı vətəndaşlarımızı və media qurumlarımızı panikaya və dezinformasiyaya səbəb ola biləcək təsdiqlənməmiş məzmuna qarşı həssas olmağa və yalnız rəsmi orqanlarımızın verdiyi açıqlamalara etibar etməyə çağırırıq.”
E.ŞİRİNOV