Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail hökuməti Qəzza zolağında atəşkəs rejiminə dair dialoqun mümkün bərpası və israilli girovların azad edilməsi ilə bağlı Qətər rəsmiləri ilə danışıqlar aparmaq üçün yüksək səviyyəli nümayəndə heyətini Dohaya göndərməyi düşünür.
Tezadlar.az bildirir ki, bu barədə Amerikanın “Axios” portalının müxbiri Barak Ravid mənbələrə istinadən məlumat verib.
Onun sözlərinə görə, İsrail nümayəndə heyəti Qətərə gələrsə, tərəflər anklavda döyüşləri dayandıracaq və Fələstinin radikal HƏMAS hərəkatının əlində qalan bütün girovları azad edəcək hərtərəfli sazişin hazırlanmasını müzakirə etməli olacaqlar.
Bundan əvvəl bildirilmişdi ki, avqustun 13-də HƏMAS nümayəndə heyəti Qahirədə Misir vasitəçiləri ilə Qəzza zolağında atəşkəsə nail olmaq yollarını müzakirə edəcək. Avqustun 12-də Misirin xarici işlər naziri Bədr Əbdül Ati bildirib ki, Qahirə HƏMAS və İsrail arasında vasitəçi kimi çıxış edən Doha və Vaşinqtonla koordinasiyada münaqişə tərəflərinin Qəzza zolağında 60 günlük atəşkəs təklifinə qayıtması üçün çalışır.
İyulun 27-də HƏMAS anklavın blokadasının davam etməsini nəzərə alaraq İsraillə danışıqların mənasız olduğunu bəyan edib. Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu radikalların atəşkəs təklifinə reaksiyası ilə əlaqədar iyulun 6-dan Qəzzada münaqişənin nizamlanması üzrə danışıqların aparıldığı Dohadan nümayəndə heyətinin geri çağırılması barədə göstəriş verib. Birləşmiş Ştatlar həmçinin “HƏMASın Qəzzada atəşkəsə nail olmaq istəyinin olmadığını açıq şəkildə göstərən son cavabından sonra” Dohadan danışıqlar aparanları geri çağırmaq qərarına gəlib. Öz növbəsində, Fələstin radikalları ABŞ prezidentinin xüsusi elçisi Steven Uitkoffun bu qiymətləndirməsi ilə razılaşmadıqlarını bildiriblər və digər vasitəçilərin guya “göstərilən cavabı bəyəndiklərini və onu konstruktiv adlandırdıqlarını” elan ediblər.
Keçən həftə İsrailin hərbi-siyasi kabineti Netanyahunun Qəzza şəhərinin bütün ərazisinə nəzarəti ələ keçirmək və Fələstin anklavında 2023-cü ilin oktyabr ayından davam edən əməliyyatı genişləndirmək barədə təklif etdiyi planı təsdiqləyib.
E.ŞİRİNOV