İsveçrənin Arqau kantonunun Aarau şəhərində keçirilən elektron musiqi festivalı zamanı silahlı insident baş verib.
Tezadlar.az xəbər verir ki, bu barədə bir neçə xarici media orqanı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. Məlumatda hadisə nəticəsində bir nəfərin öldüyü, beş nəfərin xəsarət aldığı qeyd olunub.
Atəş səsləri gecə saat 02:30 radələrində şəhərin Şaxen rayonundakı atçılıq meydanında təşkil olunan və təxminən 3500 nəfərin iştirak etdiyi “Aarauer Rave” texnofestivalı zamanı eşidilib. Hadisə yerindən yayılan görüntülərdə təxminən 10 atəş səsinin eşidildiyi bildirilir. Şahidlərin sözlərinə görə, bəzi iştirakçılar atəş səslərindən sonra DJ masasının altında gizləniblər.
İlk həyəcan siqnallarından dərhal sonra polis festival ərazisini mühasirəyə aldı. Xüsusi əməliyyat üçün yanğınsöndürmə və mülki müdafiə bölmələri, hərbi Super Puma helikopteri də cəlb edilib.
Hadisənin səbəbləri və atəş açan şəxs və ya şəxslərin kimliyi müəyyənləşdirilir.
ELBAR







