Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Italiya mətbuatında bu suala tez-tez rast gəlmək olar. Lakin ölkənin Milli Statistika İnstitutunun (ISTAT) hesabatına görə, vəziyyət hələki müsbətə doğru getmir. Məsələn, İtaliyanın http://www.lanostragazzetta.it/ portalı yazır ki, İtaliya boş mənzillərdə qocalaraq tənha insanların yaşadığı bir ölkəyə çevrilir. Bu gün Apennin dağlarında 9,5 milyon tək üzvlü ev təsərrüfatı qeydiyyata alınıb. Bu, ölkədəki bütün ailələrin üçdə birindən çoxu deməkdir.
Xatırladım ki, İtaliyada ən çox yayılmış yaşayış formasına çevrilən bu tənhalar sosial vahid kimi ailə deyil, məhz tək üzvlü ev təsərrüfatıdır. Cəmi bir əsr əvvəl tək ev təsərrüfatının payı cəmi 9 faizə çatırdı. İndi isə bu rəqəm 36 faizi keçib. Belə davam edərsə, 2043-cü ilə qədər tək yaşayan insanların sayı 10,7 milyonu keçəcək. Məsələyə ekspert və statistiklər də fərqli yanaşır. Vəziyyət İtaliyanın ən yüksək ömür uzunluğuna malik ölkələrdən biri olaraq qalması ilə daha da ağırlaşır. Təsəvvür edirsinizmi, İtaliyada kişilər orta hesabla 81,4 il, qadınlar isə 85,5 il yaşayırlar.
Müqayisə etsək, Azərbaycanda hazırda orta ömür 75.8-dir və o cümlədən kişilər üçün 73.3, qadınlar üçün isə 78.2 il deməkdir!
***
Qayıdıram əsas mövzumuza: bu rəqəmlərin arxasında başqa bir məsələ də var: 75 yaşdan yuxarı insanların demək olar ki, yarısı tək yaşayır və bunlar əsasən qadınlardır. Onların arasında təxminən bir milyon insan mütləq yoxsulluq içində yaşayır. Əksər yaşlı insanlar üçün tənhalıq seçim deyil, həyat şəraitinin nəticəsidir. İtaliya mediasından onu da öyrənmişəm ki, çoxları həyat yoldaşının ölməsi, uşaqları köçməsi və heç kimin ziyarət etməməsi səbəbindən tək qalırlar.
Amma mütəxəssislər izah edirlər ki, tənhalıq insanı yalnız sosial qarşılıqlı əlaqədən məhrum etmir, həm də onları xəstəliklərə, depressiyaya, maliyyə problemlərinə və sosial qayğılara qarşı həssas edir.
Müqayisə etsək, Azərbaycanda da tənha yaşayanlar var, amma bildiyim qədər, milli ənənələr sayəsində bu rəqəm çox aşağıdır. Bu da ondan irəli gəlir ki, övladlar valideynlərinin tək yaşamasına razı olmurlar, bunu özlərinə qarşı bir pis imic kimi qiymətləndirirlər.
Çalışın sağlam qalın və tənha yaşamağı düşünməyin.
Nərmin MƏNSİMLİ,
İtaliya, Parma şəhəri
(Xüsusi olaraq “Təzadlar” üçün)
