Avropa Mətbuat Federasiyasının üzvü, jurnalist Asif Mərzili AYNA-nın Bakı şəhərində yol daraltmaları ucbatından yaratdığı süni tıxaclar və əsassız cərimələr barədə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova videomüraciət edb.
Jurnalist Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mövcud yolları daraldaraq əsassız olaraq parklamalar və velosiped zolaqları yaratması, bununla da süni tıxac və nəqliyyatın sərbəst hərəkətinə ciddi maneələr yaratmasını qeyd edərək nazirdən bu istiqamətdə tədbirlər görülməsi üçün aidiyyəti qurumlara göstəriş verməsini xahiş edir. «…Cənab nazir, neçə il əvvəl şəxsi avtomobilimlə Azərbaycandan Gürcüstana, oradan da Türkiyəyə getmişəm və 10-dan çox iri şəhərlərdə iki həftə qalaraq 2500 km məsafə qət edib yenidən Azərbaycana qayıtmışam, bir dəfə də olsun cərimə olunmamışam. Lakin Bakıda nə qədər qaydalara əməl etsəm belə, ayda 2-3 cərimə olunduğum barədə məlumat alıram. Bütün bunlar ona görədir ki, AYNA mövcud yolları daraldaraq özünə parklama, həmçinin harda gəldi əsassız olaraq velosiped zolaqları çəkməklə, bəzən də lazım olmayan ərazilərdə avtobus zolağı yaradaraq sürücüləri süni surətdə, məcburən hardasa cərimə təsiri altına düşməyə məcburk edir. Mən 31 ildir avtomobil idarə edirəm, deməli, getdikcə daha təcrübəli olmalıyam, qaydalara əməl etməliyəm, amma son bir neçə ildir nə qədər diqqətli olsam da, cərimlərlə üz-üzə qalıram. Sual olunur: necə olur ki, bu qədər sərt qayda və qanunlara, dəfələrlə artırılan cərimə məbləğlərinə baxmayaraq ölkədə hər il yol hərəkəti qaydalarının pozulması halları durmadan artır? Xüsusən də Bakı şəhərində. Deməli, problem sürücüdə yox, hərəkət etdiyimiz yollardadır. Belə başa düşmək olar ki, AYNA mütəxəssisləri paytaxt yollarını öz istəklərinə uyğun zolaqlara ayıranda Daxili İşlər Nazirliyinin aidiyyəti qurum mütəxəssisləri ilə məsləhətləşmələr aparmırlar. Belə olsaydı, onlar görərdilər ki, məsələn, 3 universitetin əsas giriş-çıxış qapılarının açıldığı üçzolaqlı M.Rahim küçəsini velosiped və parklamaya ayırıb sürücülərə cəmi bir zolaq saxlayanda bu küçədə tıxac qaçılmaz olacaq və s. Cərimələr isə DYP-nin kameraları və inspektorları tərəfindən yazıldığından hamı AYNA-nı deyil, bu qurumu günahkar bilir. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, 2024-cü ildə yol hərəkəti ilə bağlı 7 milyon 470min 078 inzibati xəta aşkar olunub, sürücülərə 245 milyon 649 min 8 manat inzibati cərimə tətbiq edilib. Bu göstərici ötən illərdəkindən xeyli çoxdur, arta-arta gedir. Məntiqlə isə, heç bir sürücü istəməz ki, ailə büdcəsinin bir hissəsi istəmədiyi halda cərimələrə qurban getsin.
Cənab nazir, sizə təqdim etdiyim videogörüntülər bir daha sübut edir ki, sürücülərə AYNA tərəfindən yaradılmış süni problemlərin bəhrəsi olan cərimələrdə əsl günahkar kimdir. Məsələn, Sabit Orucov küçəsində qısa məsafədə 4 aptek və “Bravo” marketi olduğu halda, AYNA 3 zolaqlı yolun birini parklama edib, digər zolaqda “Dayanma-durma” qadağan nişanlıdır, nəqliyyatın sıx olduğu bu küçədə vəziyyət kritikdir. Aptekə girib 1 manatlıq dərman alan isə DYP inspektorlarının 40-50 manatlıq cəriməsi ilə üz-üzə qalır”.
Jurnalist nazirdən bu istiqamətdə lazımi tədbirlər görülməsini və ona son iki həftədə tətbiq edilmiş bu tip əsassız cərimələrin ləğvini xahiş edir.
Videomüraciət təqdim olunur: