…MEDİA- nın qəzetlərlə bağlı son qərarının müzakirəsi davam edərkən, 33 ildir fasiləsiz olaraq bu mətbəxin içində olan şəxs kimi deyim ki, İsveçrədə, İtaliyada, Türkiyədə olan xüsusi müxbirlərimizdən, Ukraynada, İranda, Almaniyada və Rusiyada, Qazaxıstanda olan fəxri oxucularımızdan, bizimlə əməkdaşlıq edən şəxslərdən soruşdum: heç bir ölkədə Azərbaycandakı kimi dövlət qəzetlərə çibini açıq qoyub pul vermir. Dövlət bu səmərəsizliyin qarşısını almaq üçün hələki qəzetlərə həftəlik yardımı ilə kifayətləndi. Pulu kəsən Dövlət babadır, qınanan MEDİA??? Bu o deməkdir ki, qardaş, demirsən müstəqil qəzetəm, 20 ildir pul verdim, yeyib- yatdın, daha bəsdir, get işlə, başını dolandır…
Amma bir təklifim də var: bəli, qəzet arxivdir! Amma gəlin bu arxivi 20 ildir yazdıqlarımız kimi gələcəyə daşımayaq! Kim bacarır, qəzet buraxsın, amma bir dəfə demişəm, maklatura, heç kimin oxumadığı kağız parçası yox!
İkinci təklifim: MEDİA indiyədək təxminən 38 elektron mediaya yardım verirdi, indi bu sayı artırmaq və gündəlik 20 xəbər və həftəyə 1 müəllif yazısı yayımlamaq şərtinə dəyişiklik etsə yaxşıdır! Bir neçə dəfə demişəm, məqsəd Azərbaycan həqiqətlərinin dünyaya yayımlanmasından gedirsə, gəlin belə edək: kim xarici mediada Azərbaycanla bağlı bir xəbər və ya yazı yayımladarsa, həmin yayımlara ayrıca yardım verilsin! Yəni, jurnalist gücünü və vaxtını gündəlik 20 özəl xəbər axtarmağa deyil, xarici media ilə əməkdaşlığın yollarına məsrəf etsin!
Üçüncü təklifim: Dövlət baba “Azərbaycan” qəzetini Milli Məclisin orqanı kimi deyil, aylıq bülleten kimi buraxmağa qərar versin! Hər gün MM- in hazır qərarlarını, AzərTAC- ın məlumatlarını çap etmək üçün bu boyda jurnalisti və maliyyəni məsrəf etməyə dəyərmi?
Asif MƏRZİLİ

