Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nərimanov Rayon Məhkəməsində Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun məhkəmə prosesi keçirilib.
Tezadlar.az xəbər verir ki, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.
Şahid Q.H. hadisə baş verən dövrdə anbardar işlədiyini bildirib:
“Həmin vaxt anbardar olaraq çalışırdım. Çalışdığım obyektin qabağında geniş çuxurlar əmələ gəlmişdi. Bununla bağlı dəfələrlə “Azərsu” qaynar xəttinə məlumat vermişdik. Gəlib məftillə dövrələdilər, sonra dəmir düzüb lent vurdular. Külək də hər dəfə əsəndə lentləri qoparıb atırdı. Düzdükləri dəmir oranı tam əhatə etmirdi. Narazılığımızı bildirəndə də, material yoxdur, neyləyək? Düzəltməyə çalışacağıq, deyirdilər. Həmin yer elə bir vəziyyətdə idi ki, it-pişik də keçəndə qovurduq, adamlar keçəndə qışqırırdıq ki, düşüb canlarından olacaqlar. İki-üç ay idi ki, o çöküntü elə də qalmışdı. Hadisə olan vaxta kimi düzülən məhəccər orada qalıb. Rəhmətliyin batdığı yerdə məhəccər olmayıb, qoymamışdılar”.
Digər şahid M.Ə. fəhlə olduğunu, yanvar-mart aylarında yağışlardan sonra həmin yol istiqamətində çökmə başladığını deyib:
“Bununla bağlı müdiriyyət “Azərsu” qaynar xəttinə məlumat vermişdi. Vəziyyətin təhlükəsini görüb özümüz bildiyimiz kimi düzəltməyə çalışdıq. “Azərsu” işçiləri bundan sonra gəlib çıxdılar. Bilirdik ki, ora təhlükəlidir, o istiqamətdə gəzməyə belə qorxurduq”.
Məhkəmə növbəti şahid ifadələrinin dinlənilməsi səbəbindən prosesi 28 aprel saat 14:30-a təyin edib.
Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, 2025-ci il iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb. Aparılan axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur.
Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs qismində cəlb edilən Azər Cümşüdov həbs edilməyib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.