Ermənistanda saxlanılan rusiyalı iş adamı Samvel Karapetyan Armavir Cəzaçəkmə Müəssisəsindən (ACM) ikinci məktubu yayıb və orada gələcək planlarından, o cümlədən Ermənistan hakimiyyətinin qanunsuz hərəkətləri səbəbindən həbsdə olanlara yardımdan danışıb.
Tezadlar.az xəbər verir ki, Karapetyanın onu müdafiə etmək üçün yaradılmış şura tərəfindən yayılan ikinci məktubu belə adlanır: “Mövcud qeydlər və gələcək planlar”.
“Ehtimal ki, 2021-ci il iyunun 18-dən haqqımda beynəlxalq axtarış elan edilən qonşu ölkə prezidentinin xahişi ilə 4 il sonra, elə həmin gün, iyunun 18-də Ermənistanda hakim tərəfindən həbs olundum və artıq üçüncü gündür ki, həbsxana kamerasındayam”, – iş adamının mesajında deyilir.
Karapetyan vurğulayıb ki, ailəsi və özü bütün həyatı boyu Ermənistana və erməni xalqına kömək etmək üçün əlindən gələni edib. “Hər gün dəhlizlərdə, görüş yerlərində məhbuslarla görüşərək, burada nə qədər yüksək səviyyəli gənclərin olmasına təəccüblənirəm və əminəm ki, onların da çoxu mənim kimi qanunsuz qərarlar, bəziləri isə xırda cinayətlər nəticəsində bura gəliblər. Və mühafizəçilərin olmasından qorxmadan bağırırlar ki, son ümidləri mənəm”, – iş adamı yazıb.
O bildirib ki, təmsil etdiyi hüquq müdafiə qrupunun bazasına qərəzsiz vəkillər dəvət olunacaq, onlar son 7 ildə analoji işlərə yenidən baxılmasına nail olmağa və istənilən erməninin pozulmuş hüquqları uğrunda mübarizə aparmağa hazırdırlar. “Bütün bunlar üçün vəsait ayırmağa hazıram. Tezliklə ədalət və dürüstlük bərpa olunacaq. Mübarizə aparacağıq”, – iş adamı yekunlaşdırıb.
Qeyd edək ki, çərşənbə günü Ermənistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları “Taşir” Şirkətlər Qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı saxlayıblar. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur. İş adamı təqsirini boynuna almır. İrəvan məhkəməsi onu iki ay müddətinə həbs edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl bildirib ki, Karapetyan Rusiya vətəndaşı olaraq Moskvadan bütün lazımi yardımı alacaq.
E.ŞİRİNOV