10 Mart 2026 / 22:21

Kənan Quliyev müharibə və idman “döyüşlərində”

Bu məqaləmdə Qarabağ müharibələrinin veteranı, Alpaqut Turan döyüş sənəti üzrə Qarabağ nümayəndəliyinin sədri, həmin döyüş sənəti üzrə Ağdam rayonunda Baş məşqçi, Dünya və Avrasiya çempionu Kənan Azay oğlu Quliyevi “Təzadlar”ın oxucularına tanıtdırmağı özümə borc bildim…

Beynəlxalq dərəcəli idman ustası, Türk savaş sənəti üzrə araşdırmaçı, Alpaqut Turan döyüş sənətinin müəllifi Vasif Namazovun Alpaqut Turan döyüş sənəti haqqında olan kitabına istinad edərək qeyd edə bilərəm ki, insanların yaranışdan əldə etdiyi mədəni nailiyyətlərdən biri də döyüş sənətidir. İbtidai insana özünü müdafiə əsas həyat ehtiyacı idi. Zaman keçdikcə isə tayfa, qəbilə müharibələri, imperiya müharibələri  hansısa bir xalqa məxsusluğunu deyə bilməyəcəyimiz savaş mədəniyyətinin formalaşmasına zəmin yaratmışdır. Məhz bunun nəticəsində XVIII əsrdən başlayaraq müxtəlif xalqların hərb döyüş sənəti sahəsindən özlərinin özünümüdafiə döyüş və idman proqramı əsasında, müxtəlif adlarla (karate, uşu, muaytay, pankration, savate, takevando və s.) döyüş sənəti formalaşmışdır. Bu istiqamətdə şərq ölkələri, xüsusilə Mərkəzi Asiyada (“Turan” adlanan coğrafi arealda) və qonşu xalqlar daha irəli gedib.

IMG WA

Prezident İlham Əliyev və Kənan Quliyevin yetirməsi Qənbər Ağayev

Beləliklə, Alpaqut döyüş sənəti Türk xalqlarının qədimdən mövcud olan döyüş sənətlərindən götürülüb və müasir döyüş sənətləri ilə sintezləşdirilmiş döyüş sənətidir (“Alp”-döyüşçü, “Qut”-qutsal, yəni “Müqəddəs Döyüşçü”).

Gəlirəm mətləb üstünə: Ağdam rayonunda Alpaqut döyüş sənətinin mahir ustası, Dünya və Avrasiya çempionu Kənan Azay oğlunun həyat və fəaliyyəti barəsindəki fikirlərimə.Yurdu sevə-sevə əsl yurddaş, vətəni sevə-sevə əsl vətəndaş olan Kənan Quliyev 6 mart 1973-cü ildə Qarabağın dilbər güşəsi olan Ağdam rayonunun Gülablı kəndində dünyaya gəlib. Orta təhsilini də Gülablı kənd orta məktəbində alıb. Heyif ki, ali təhsil almaq arzularının gerçəkləşməsinə yurd-yuvalarının erməni-rus hərbi birləşmələri tərəfindən işğalı (4 sentyabr 1992-ci il), başlanan köçkünçülük həyatı, özünün düşmənə qarşı müharibədən kənarda qalmamaq istəyi və 1991-ci ildən 1996-vı ilədək Milli Ordu sıralarında Birinci Qarabağ müharibəsində şərəfli döyüş yolu keçməsi- Baş çavuş kimi əsgər-döyüşçü olması. Kənan Quliyev ön cəbhədə 5 il torpaqlarımızın qorunması, Ağbulaq, Naxçıvanlı, Dəhraz, Təkir Miri, Yenikənd və s. kəndlərin düşməndən təmizlənməsi uğrunda ön cəbhədə döyüşmüşdür.

Kənan müəllim 44 günlük Vətən müharibəsinin də iştirakçısı olmuş, könüllü olaraq əsasən Ağdərə istiqamətində kəşfiyyat dəstələrində döyüş yolu keçmişdir. O, müharibə fəaliyyətləri dillərdə dastan olan əfsanəvi kəşfiyyatçılar Zahid Əliyevin (üç qardaşı hərbi şəhid), Səyyaf Əhmədovun (“Xanı” ləqəbli, şəhid), Şəhid Müşfiq Abbasovun, Şəhid Emin Əliyevin kəşfiyyat dəstələrində döyüşmüş, qələbədən iki ay sonra isə döyüş dostlarından ayrılmışdır.

IMG WA

Ağdam RİH-nin başçısı Vaqif Həsənov və Kənan Quliyev

Kənan Quliyev Vətən müharibəsindən sonra həyatını yenidən idman sahəsinə həsr etməyi qarşısına məqsəd qoymuş, düşmənlə döyüşlərdən, idman arenalarında rəqibləri ilə “döyüşməklə” əvəz etmişdir. Hələ orta məktəb illərindən idmana olan bağlılğı, onu bugünkü peşəkarlığına qədər ucaltmışdır. Onun bu gün əldə etdiyi nailiyyətləri əsl nümunədir, peşəkar idmançı olmaq istəyində olan hər bir yeniyetmə və gənc üçün əsl örnəkdir. Faktlara nəzər salmaqla fikrimi əsaslandırmış olaram. Belə ki, Kənan müəllimin yetirmələri olan Dünya çempionları onlarcadır: 1. Ağayev Qənbər Xanlar oğlu-San Qara Kəmər Dünya çempionu, 8 qat Respublika çempionu, Dünya və Prezident kuboklarının sahibi, idman ustalığına namizəd, hazırda məşqçidir. Onu da qeyd edim ki, bu yaxınlarda Ağdamın Kəngərli kəndinin açılışında cənab Prezident İlham Əliyevin Qənbər Ağayevlə xüsusi görüşü olmuşdur. 2. Mehdiyev Bəxtiyar Eyvaz oğlu-I San Qara Kəmər və iki qat Dünya çempionu, 5 qat respublika  və Avrasiya çempionu, hazırda məşqçidir. 3. Quluzadə Rəşad Kənan oğlu-II San Qara Kəmər ustası, 3 qat Dünya, 5 qat Respublika çempionu, Dünya və Prezident kubokunun sahibi, idman ustalığına namizəd. XI sinifdə oxuyur, arzusu Polis Akademiyasında təhsil almaqdır. 4. Sarıyev Fərid Siyavuş oğlu-I San Qara Kəmər və Dünya kubokunun sahibi, 5 qat Respublika çempionu, idman ustalığına namizəd. 5. Əsgərov Nicat Murad oğlu-I San Qara Kəmər Dünya və 3 qat Respublika  çempionu, idman ustalığına namizəd. X sinif şagirdidir. 6. Sadıqov Vahid Əlzamin oğlu- I San Qara Kəmər sahibi, Dünya və 2 qat Respublika çempionu, idman ustalığına namizəd. 7. Pirili Aslan Anar oğlu-I San Qara Kəmər sahibi, Dünya və Respublika çempionu, idman ustalığına namizəd. 8. Əmrahov Adəm Elsevər oğlu-Dünya və Respublika çempionu, idman ustalığına namizəd. Hazırda C.Naxçıvanski adına hərbi liseydə təhsil alır. 9. Qasımzadə Ramazan Hüseyn oğlu- 3 qat Dünya, 5 qat Respublika çempionu, Dünya kubokunun sahibi, idman ustalığına namizəd. 10. Kərimov Nurlan Bəxtiyar oğlu-Dünya çempionu, Qara Kəmər sahibi. Hazırda FHN-də çalışır. 11. Həsənov Pünhan Həsən oğlu- I San Qara Kəmər sahibi, Dünya çempionu. Hazırda Daxili Qoşunlarda çalışır. 12. Cabbarov Mirməhəmməd Mircavad oğlu-I San Qara Kəmər sahibi, Respublika çempionu. 13. Şirəliyev Elçin Eldəniz oğlu-I San Qara Kəmər Sahibi, Respublika çempionu, idman ustalığına namizəd.

Kənan müəllim hazırda təltifləri, mükafatları olan daha 50 nəfərə qədər yeniyetmə və gəncləri beynəlxalq və respublika yarışlarına hazırlamaqdadır.

IMG WA

Kənan Quliyev və yetirmələri

Kənan müəllimin düşmənlərimizə qarşı Birinci Qarabağ müharibəsindən başlayan, Vətən müharibəsində də davam edən döyüşləri ilə, sonra da  idman arenalarında rəqiblərinə qarşı davam edən “döyüşləri” arasında bir bənzərlik, vəhdət görürəm: Vətənpərvərlik coşğusu, Bayrağımızı ucalıqda görmək eşqi, döyüşdən döyüşə  olan inadkarlıq, əzmkarlıq və s.

Onu da qeyd edim ki, Ağdam RİH-nin başçısı Vaqif Həsənovun hər zaman istedadlı gənclərin, eləcə də rayon idmançılarının yanında olması Kənan müəllim, eləcə də onun yetirmələri üçün qələbə stimulu yaratmaya bilməz…

Ümid edirəm ki, həyatını böyük idmana həsr etmiş, Dünya və Avrasiya çempionu olan Kənan Quliyevin bundan sonra da qələbələrinin, uğurlarının davamı gələcək. Ona da ümid edirəm ki, Azərbaycan Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Milli İdman Növləri Assosasiyası Respublika Alpaqut Fedarasiyası Kənan Quliyevin qazandığı uğurların qarşılığı olaraq ona “Əməkdar məşqçi” adının verilməsi təşəbbüsündə olacaqlar.

Bütün işlərinizdə uğurlar arzulayırıq, Kənan müəllim!

Yusif Millətoğlu,

şair-publisist, AYB-nin üzvü

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!