“Kitab bazarında nəinki həmkarlıq yaradıblar, əksinə, yaratdıqları intriqalar nəticəsində naşirlər bir-birinə nifrət edir” – Nigar Köçərli də Mədəniyyət Nazirliyinə sitəm etdi

Nura Suri ilə fəxr edirəm. Mədəniyyət Nazirliyində baş verənlərə etiraz edir. Baxmayaraq ki, incəsənət adamıdır və müəyyən məqamlarda onlardan çox asılıdır.
Tezadlar.az  xəbər verir ki, bu sözləri “Əli və Nino” kitab mağazaları şəbəkəsinin qurucusu Nigar xanım Köçərli sosial media hesabında bildirib.
Nigar Köçərli kitab sektorunda da eyni vəziyyətin hökm sürdüyünü, lakin heç kəsin səsini çıxarmağa hünəri çatmadığını vurğulayıb. Lakin özü bu barədə yazıb:
“Təəsüf ki, kitab sektorunda daha da dəhşətli şeylər baş verir və hamı bununla bağlı susur. Mədəniyyət Nazirliyi nəinki ortalığa normal bir iş qoya bilir, əksinə, bütün var-gücüylə real iş görənlərə maneə yaradır (Bakı Beynəlxalq Sərgisində baş verənləri gördünüz). Kitab bazarında nəinki həmkarlıq yaradıblar, əksinə, yaratdıqları intriqalar nəticəsində naşirlər bir-birinə nifrət edir.
Manipulyasiya üçün bir neçə üslubları var – Nura xanım yazdığı kimi, eynən. Məsələn, ildə bir neçə dəfə xaricə beynəlxalq səfərlər olur dövlət hesabına. Cox biabırçı şəkildə təşkil olunur. Görsəydiniz, stendimiz necə sönük və maraqsızdır, kimləri aparırlar. Təbii ki, ilk növbədə özlərini – geniş tərkiblə, ən bahalı otellərdə. Sonra, məsələn, AzTV-dan yekəbaş aparıcını və digər dəxli olmayan adamları. Və ən sonda 2-3 özünü yaxşı aparan (yani, yaltaqlanan) naşirləri. Bir az özünü pis apardın, nəyəsə etiraz elədin – çıxardırlar səni siyahıdan  (Kimsə fikirləşsə ki, mən özümü nəzərdə tuturam – yox, mənim adım elə qara siyahıdadır ki, özümü Voldemort kimi hiss edirəm… 20.ildir ki, bütün xarici sərgilərə öz hesabıma gedirəm, şükürlər olsun, kiminsə əlini öpmək məcburiyyətində deyiləm).
London, Frankfurt, Bolonya, İstanbul və s. – yüzminlərlə pul səpələnir dəxlisiz deleqasiyalara, otellərə, uçuşlara, nəticədə isə ən mənasız, ən sönük stend bizimdir. Əsl biabırçılıqdır! Əzizlərim, bu cür tədbirlər ölkəni, onun mədəniyyətini tanıtmaq üçündür. Sizi bahalı restoranlarda və otellərdə gəzdirmək üçün deyil. Və əsası, ən biabırçı məqam – xarici sərgilərdə xaricilər yaxınlaşıb hansı kitaba baxsınlar? Axı bizim dünya kitab bazarında təqdim etmək üçün heç bir kitabımız yoxdur!
Gürcüstanın stendi illərdir ki, partdadır. Çox maraqlı kitabları var, yazıçıları beynəlxalq kitab bazarında artıq neçə ildir ki, tanınırlar, mükafatlar alırlar. Gürcüstanda çoxdan naşirlər və yazıçılar üçün dəstək proqramları yaradıblar, bütün dünyaya tanıdırlar. Biz isə..
Real işlərlə məşğul olun, intriqalarla yox!”, – deyə xanım Köçərli qeyd edib.
Qeyd edək ki, ötən gün müğənni Nura Suri Mədəniyyət Nazirliyi ilə bağlı maraqlı açıqlama verib.
 Sitat: “Mədəniyyət Nazirliyinin keçirdiyi bütün tədbirlərdə biz, müğənnilər, dövlət tədbiridir deyə pulsuz oxumuşuq. Əvəzində isə heç kəsə lazım olmayan diplomlar veriblər – 2004-2022-ci illər ərzində. Sonradan xəbər tutduq ki, dövlət bu tədbirlər üçün vəsait ayırırmış, lakin həmin pulları Mədəniyyət Nazirliyində çalışanlar mənimsəyirmiş… Akademik Musiqili Teatrda həm də Əliqismət bəylə bu barədə danışılmışdı (sübutlarım da var). Çəkiliş qrupu artıq çəkiliş üçün yerləri müəyyən etmişdi və biz ödənişi də etməyə hazır idik, amma nazirlikdən icazə ala bilmədik. Mənzərin məndən xoşu gəlmir deyə (Mədəniyyət Nazirliyinin Tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyeva). Mədəniyyət Nazirliyinin nəzdində olan teatr, muzey və digər qurumlarda yalnız pul ödəyib çəkiliş aparmaq mümkündür. Bundan əlavə, nazirliyə rəsmi məktub göndərib aylarla cavab gözləməli oluruq. Biz müğənnilər üçün bu, çox çətin və ədalətsiz vəziyyətdir. Amma “bəy-gəlin” çəkilişləri üçün heç bir problem yoxdur – pulunu ödə, çəkilişini et. Sonradan öyrəndik ki, bir çox tədbirlərə düşmək üçün, hətta xalq artistləri belə, Mənzər xanıma bahalı hədiyyələr və pul verirlər.
Nazirlər dəyişir, amma Mənzər xanım hələ də yerindədir. Nazirliyə bir neçə yaltaq olmayan, doğrunu deməyə cəsarəti çatan məşhurlar birlikdə rəsmi məktub da yazdıq, amma heç bir nəticə olmadı. Nə isə… Mən yenə “demoqoqluq” etməyim, onsuz da daşım ağırdır. Olduğu kimi qalsın”.
JASMİN
Xəbəri paylaş

Xəbər lenti