Əsas məzmuna keç

Kitab oxu, pul qazan! – Sinqapur əhalidə oxumaq vərdişi yaratmaq istəyir

Sentyabr ayında Sinqapur Milli kitabxana şurası oxumağı gündəlik vərdiş halına gətirmək üçün nəzərdə tutulmuş beş illik milli kampaniya olan ReadSG-ni başlatdı. Onun səfiri ölkə Prezidenti Tarman Şanmuqaratnamdır,

Rg.ru-nun məlumatına görə, layihənin rəsmi veb saytının ana səhifəsində, istifadəçiləri Sinqapur Prezidentinin iştirak etdiyi video ilə qarşılayırlar.

Videoda deyildiyi kimi, Prezidentin əsas mesajı belədir:

“Oxumaq, sadəcə başını biliklə doldurmur, o həyatda nəyin mümkün olduğuna dair anlayışı genişləndirir”.

Layihənin mexanizmi olduqca sadədir.

Ölkənini 15 yaşdan yuxarı vətəndaşları və daimi sakinlər milli rəqəmsal şəxsiyyət sistemi olan Singpass vasitəsilə hökumət platforması olan CrowdTaskSG-də qeydiyyatdan, sonra qısa testdən keçir və yerli yeməklə əlaqəli adı olan “oxucu profili” alırlar.

Profilə əsasən sistem Milli kitabxana kataloqundan fərdi tövsiyələr yaradır.

Daha sonra iştirakçı gündə ən azı 15 dəqiqə oxuyur, bunu platformada qeyd edir və hər sessiya üçün 20 virtual sikkə alır.

1000 sikkə topladıqdan sonra onları 1 Sinqapur dollarına (təxminən 1,3286 manat) dəyişdirmək olar. Gündə yalnız bir sessiya hesablandığı üçün 1 dollar qazanmaq üçün ardıcıl 50 gün oxumaq lazımdır.

İstənilən formatda (cildli, elektron kitab və ya audiokitab) nə istəsən oxuya bilərsən.

Əsas məsələ odur ki, bu, məqalə və ya sosial media paylaşımı deyil, kitabdır.

Platforma puldan başqa oyunçulara tanış olan mexanikalardan, məsələn, təcrübə balları və səviyyələrindən istifadə edir.

Oxu dəqiqələrində xeyriyyəçilik də mümkündür. Belə ki,  xeyriyyə təşkilatlarına  ianə edilə bilən “Yaxşılıq üçün oxu” Read for Good proqramı da mövcuddur.

Bəs məktəblilər üçün PISA qlobal oxu savadlılığı reytinqində birinci yerdə olan Sinqapurun bütün bunlara nə üçün ehtiyacı var?

2024-cü ildə Milli kitabxana şurasının apardığı araşdırma göstərib ki, Sinqapurlu yetkin şəxslərin 89%-i həftədə bir dəfədən çox xəbər, onlayn məqalə, kitab və jurnal oxuyur.

Lakin kateqoriyalara görə bölündükdə mənzərə dəyişib: onların 76%-i xəbər, 65%-i onlayn məqalə və yalnız 28%-i kitab oxuyur.

Layihənin başlanması yazıçılar və mütəxəssislər arasında canlı müzakirələrə səbəb olub.

” My BFF Is an Alien” seriyasının müəllifi, uşaq yazıçısı Vivian Teonun sözlərinə görə, mükafatlandırma sistemləri yaxşı qiymətə görə kuboklara bənzəyir:

“Qısa müddətdə motivasiya verirlər, lakin diqqəti daxili məmnuniyyətə deyil, xarici mükafatlara yönəldirlər”.

O, həmçinin yeniyetmə qızlarından pul mükafatının onları hər gün oxumağa motivasiya edib-etməyəcəyini soruşub və onlar cavab veriblər ki, məsələ motivasiyada deyil, zamanlarının olub-olmaması ilə bağlıdır.

Teonun sözlərinə görə, vaxt azlığı problemi mükafatlandırma sistemi ilə həll edilə bilməz – bu, “iş mədəniyyətində və həyat tərzində dəyişiklik tələb edir”.

Layihənin təşəbbüskarı olan Sinqapur Milli kitabxana şurası qeyd edir ki, ReadSG – davranış “təkanı” vasitəsidir, gəlir mənbəyi deyil.

Həmçinin oxuma vaxtı özünühesabat vasitəsilə qeyd olunur və heç bir yoxlama planlaşdırılmır.

 

JASMİN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…