Bu il dördüncü dəfə keçirilən IV Uşaq Kitab Festivalı yenə də minlərlə azyaşlının və valideynin böyük marağına səbəb oldu.
Uşaqlar üçün kitab sevgisinin artırılmasını və oxu vərdişlərinin inkişafını hədəfləyən tədbir paytaxtda Bakı İdman Sarayında təşkil olundu.
Ziyarətçiləri kitabların sehrli dünyasına aparan bu festivalda maraqlı oyunlar, əyləncəli saatlar, kitab müzakirələri, rəsmlər və interaktiv oyunlar, eləcə də nəşriyyat stendləri təqdim olundu. İştirakçılar Azərbaycan və dünya uşaq ədəbiyyatının sevilən əsərləri ilə tanış olmaq imkanı qazandılar.
Tədbirin diqqətçəkən məqamlarından biri də nəşriyyatların maraqlı stendlərlə çıxış etməsi oldu. Tədbirdə iştirak edən “Qədim Qala” və “Dostum” nəşriyyatları da uşaqlar üçün özlərinə məxsus, seçilmiş və özəl kitab kolleksiyalarını təqdim etdilər.
Balaca oxucular üçün daha bir sevindirici xəbər isə ondan ibarətdir ki, “Dostum” nəşriyyatının ilk buraxılışı – Rövşən Abdullaoğlunun “Baramada gizlənən oğlan” adlı kitabı 13 aprel saat 15:00 tarixində təqdim olunacaq və müəllif tərəfindən imzalanacaq.
Festivalın əsas mesajı – “Oxuyan uşaq – düşünən gələcək” – tədbirin hər bucağında hiss olunurdu. Tədbirə gələn uşaqlar yalnız kitab oxumaqla kifayətlənməyib, həm də müxtəlif yaradıcı fəaliyyətlərə qatıldılar: yazı yazmaq, şəkil çəkmək, nağıl qəhrəmanları ilə tanışlıq və s.
Festivalın təşkilatçıları bu cür tədbirlərin uşaq ədəbiyyatına marağı artırmaqla yanaşı, ailələrdə kitab oxuma mədəniyyətinin formalaşmasına dəstək verdiyini də qeyd etdilər.
Növbəti illərdə daha geniş miqyasda keçirilməsi planlaşdırılan festivalın uşaqların xatirəsində uzun müddət qalacağı şübhəsizdir.
Bura uşaqların istirahət edə biləcəyi ən gözəl və faydalı məkandır!
Əziz valideynlər, müəllimlər! Hamınızı övladlarınızla birlikdə 4-cü Uşaq Kitab Festivalına dəvət edirik!
Qeyd edək ki, festival 10, 11, 12 və 13 aprel tarixlərində davam edəcək və hər gün balaca oxucular üçün yeni sürprizlər təqdim olunacaq.
Elşad FƏRMANOĞLU,
“Təzadlar” qəzeti