Kiyev ABŞ-a Ukraynanı bərpa etmək üçün Rusiya aktivlərindən istifadə etməyi təklif edir

Oxunma sayı: 303

Münaqişənin həlli ilə bağlı razılaşmanın bir hissəsi olaraq, Ukrayna döyüşlərdən sonra ölkənin bərpasına kömək etmək üçün Rusiyanın dondurulmuş xarici aktivlərindən istifadə etməyi ABŞ-a təklif edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti yazır.

““The New York Times”ın əldə etdiyi plana əsasən, Ukrayna ordusunun sayında heç bir məhdudiyyət olmayacaq, təhlükəsizliyi təmin etmək üçün Ukraynada ABŞ-ın dəstəklədiyi “Avropa təhlükəsizlik kontingenti” yerləşdiriləcək və dondurulmuş Rusiya aktivləri müharibə zamanı Ukraynaya dəymiş ziyanı bərpa etmək üçün istifadə olunacaq”, – qəzet yazır.

Qəzetin fikrincə, bu üç müddəa Kremlin həyata keçirməsi qeyri-mümkün ola bilər, lakin Ukrayna planının bəzi hissələri “ortaq nöqtələrin axtarışını ehtiva edir”. Məsələn, Ukraynanın təkliflərində Rusiyaya birləşdirilən bütün ərazilərin Ukrayna tərəfindən tam şəkildə qaytarılması qeyd olunmur.

ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı planında Rusiyaya qarşı sanksiyaların ləğvi, Krımın və Moskvanın de-fakto nəzarəti altında olan dörd yeni regionun ərazilərinin de-yure tanınması, daimi atəşkəs və Rusiya ilə Ukrayna arasında dərhal danışıqlara başlaması və Kiyevin Şimali Atlantikaya qoşulmaq istəyindən əl çəkməsi nəzərdə tutulur.

E.ŞİRİNOV

Xəbəri paylaş