Xəbər verdiyimiz kimi, səhər tezdən Ermənistanın ikinci prezidentinin və onun kiçik oğlunun evlərində, eləcə də ailəsinə məxsus bəzi obyektlərdə axtarışlar aparılıb.
Tezadlar.az xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparıldığını “Ermənistan” blokundan olan parlament üzvü Aqnessa Xamoyan “Sputnik Armenia”ya bildirib.
Keçmiş prezidentin aparatının rəhbəri Baqrat Mikoyan da onun saxlanıldığını təsdiqləyib.
Məlumatda qeyd edilir ki, vergi orqanları Köçəryanlar ailəsinə məxsus Toyota dilerini möhürləyib.
“Orange Fitness” idman kompleksində də istintaq tədbirləri davam etdirilir.
Daha əvvəl millət vəkili Mesrop Manukyan səhər tezdən Levon Köçəryanın evində axtarışların aparıldığını bildirmişdi.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi cinayət işi üzrə istintaq çərçivəsində onlarla ünvanda axtarış və digər prosedur tədbirlərinin aparıldığını bildirib.
Qeyd edilir ki, bir gün əvvəl parlamentdə Levon Köçəryanla Baş nazir Nikol Paşinyan arasında şifahi söz mübahisə baş verib. Paşinyan millət vəkilinin bütün əmlakını müsadirə edəcəyinə və onu övladlarına və nəvələrinə ötürə bilməyəcəyini bildirib.
JASMİN







