Tatyana Çaladze… Bir çoxlarına tanış ad-soyad!
Haqqında ən çox danışılan və əslində yaxından tanınmayan latış əsilli jurnalist!
19 fevral 1959-cu ildə Latviyanın paytaxtı Riqa şəhərində anadan olub. Atası Yevqenini tez itirib və anasının himayəsində qalıb.Riqa Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib.
İnstitutda oxuyarkən gürcü əsilli bir oğlanla tanış olur. Ailə qururlar. Tatyana beləcə Çaladze olur və elə bu soyadla Latviya mediasında imzasını tanıdır. Bir neçə il sürən evlilik faciə ilə bitir, Tatyana Çaladzenin gürcü əri avtomobil qəzasında ölür. Bundan sonra Çaladzenin yaradıcılığı genişlənir.
“Baltiyskoe vremya”, “Atmoda” və “Latviyas layks” qəzetlərində işləyir. 1988-1989-cu illərdə”Atmoda”nın Rusiyadakı müxbiri olan, məhz bu illərdən sonra sürətlə tanınmağa başlayan Tatyana daha sonra “Baltijskoe vremya”nın da baş redaktoru olur.
Belə bir məqamda Tatyana qəflətən “Azərbaycanpərəst” olaraq 1992-ci ilin sonlarında Qarabağ müharibəsini işıqlandırmaq üçün Bakıya gəlir. Maraqlıdır ki, rahat həyatı Riqada buraxıb Azərbaycanın qanlı bölgəsinə – Qarabağa onu hansı səbəblərin gətirdiyinin fərqində olmayanlar elə ilk gündən Tatyanaya böyük imkanlar və şəraitlər yaratmağa başladılar.
Demək olar ki, Azərbaycan ordusunun hərbiçilərinin içərisinə qədər girir. Hərbi hissələrə, hətta məxfi hərbi hissələrə rahatca girib çıxa bilən Çaladze guya “Döyüşlərin gedişində iştirak edib, qəlpə yarası alıb” kimi nağıllar yaymağa başladılar.
Mətbuat Şurası jurnalistin ölümü ilə bağlı nekroloqda yazır:”1992-ci ildə məhz Qarabağ münaqişəsini işıqlandırmaq üçün doğulub boya-başa çatdığı və jurnalist kimi çalışdığı Latviyadan ölkəmizə gəlib. Müharibənin canlı şahidinə çevrilib, döyüşlərdə yaralanıb”.
Çaladzenin ölümündən sarsılmış MŞ daha sonra qeyd edir: “T.Çaladze çoxsaylı məqalələrində Qarabağ konfliktinin tarixini, erməni separatçılığının ideoloji tərəflərini geniş təsvir edib, Azərbaycanın ədalətli mövqeyinin fəal təbliğatçısı olub. Mərhumun 2014-cü ildə çapdan çıxmış “Karabaxskaya oteçestvennaya: Oni umirali çestno” kitabı bu baxımdan xüsusi qiymətləndirilir”.
Halbuki, onlar bu günə qədər “Əməkdar jurnalist” etdikləri bu xarici jurnalistin qızlıq, yəni, ata soyadını bilmirlər… İndi də heç kim bilmir.
Çaladzenin jurnalist Eynulla Fətullayev və polkovnik Üzeyir Cəfərovla məhkəmə çəkişməsi olub. Həmin vaxt polkovnik mediaya deyib: “Tatyana Çaladze müharibə veteranı adından sui-istifadə edir. Bu gün Azərbaycan Ordusunun zabit və gizirlərinin evi olmadığı halda, Müdafiə Nazirliyinin mənzil fondundan Tatyana Çaladzeyə ev, həmçinin avtomobil verilib. Biz məhkəmədə daha maraqlı faktlar açıqlayacağıq”.
Üzeyir Cəfərov 2007-ci ilin oktyabrında mediaya deyib ki, Çaladze 36-cı polis bölməsinə çağırılıb:”
Bu, onun Tatyana Çaladzeyə Müdafiə Nazirliyi tərəfindən qanunsuz olaraq veteran vəsiqəsi və ev verilməsi ilə bağlı Xətai rayon prokurorluğuna etdiyi müraciət əsasında baş verib.
Ü. Cəfərovun sözlərinə görə, T. Çaladze polis bölməsinin müstəntiqi Müqəddəs Rəsulzadə tərəfindən dindirilib: “Müraciətimlə bağlı məndən də ifadə alınıb və Müdafiə Nazirliyinə sorğu göndərilib”.
T. Çaladze isə mediaya açıqlamasında bildirib ki, polis bölməsinə çağırılmayıb: “Bu barədə birinci dəfədir ki, sizdən eşidirəm”.
Amma 36-cı polis bölməsinin müstəntiqi M.Rəsulzadə isə T.Çaladzenin bölməyə çağırıldığını təsdiqləyib.
Nəisəki, Çaladze bu çəkişmələrdən “qəhrəman ” kimi çıxıb. Çünki o vaxt onu qoruyan gizli qüvvələr vardı və həmin qüvvələr heç kimə bəlli deyildi.
Yeri gəlmişkən, bizim bəzi jurnalistlərimiz onun Azərbaycana “azyaşlı” qızı ilə gəldiyini yazırlar. Amma anlamırlar ki, qızının adını Cəmilə qoyan Çaladze Azərbaycana tək gəlib. Cəmilə bizim bir zabitin övladıdır. Təbii ki qanundan kənar. Çünki, Cəmilə 2014-cü ildə Azərbaycan Dillər Universitetinin (ingilis dili-alman dili) fakültəsinin tələbəsi olub və bala Çaladze “Tələffüz bacarığı yüksək ” qiymətləndirilən tələbələrdən biri olub.
(Tatyana Qarabağda hərtərəfli işgüzar olub)
İndi isə keçək məsələnin “ŞOK” qisminə.
2018-ci ilin dekabrında Latviya Milli Arxivi açılır və keçmiş sovet məxfi polisinin – “KQB”-nin SSRİ-nin dağıldığı vaxt aşkar edilmiş sənədlər fondunun birinci hissəsini dərc edilir. Sənədlər dərhal mediaya yayılır. Beləliklə, işə götürülən DTK agentlərinin dosyeləri, DTK əməkdaşlarının telefon kitabçaları, həmçinin Sovet Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin materialları Latviya KİV -də geniş rezonans yaradır. Təəssüf doğuran odur ki, sənədlərdə uzun illər latış xalqının xeyli fəxr ediləsi oğul və qızları, sən demə, sovet hökümətinin agentləri imiş.
linkinə daxil olsanız orada Azərbaycanın “əməkdar jurnalisti” Tatyana Çaladzenin də adını görə bilərsiniz.
“Daniela, Maigonis və Marqarita” kod adlı Tatyana Çaladze – 1959-cu ildə anadan olub, 1988-ci ildə işə DTK-ya işə götürülüb” – yazan sayt əlavə edir ki, 200 nəfərdən ibarət vahid siyahıda 3 kod adı olan bir neçə nəfərdən biri Çaladzedir.
Bəziləri xüsusi vurgulayır ki, Çaladze guya Qarabağ həqiqətlərini dünyaya çatdıran ilk xarici jurnalist olub. Amma bu belə deyil. Amerikalı jurnalist Tomas Qolts Özbəkistana uçmağı planlaşdırırdı. Amma təsadüfən Bakıya gəldi. 20 yanvar hadisələrini, Qarabağ muharibəsi, siyasi kataklizmlərin , çox maraqlı şeylərin baş verdiyini, yeni suveren dövlətin qurulmasını gördü. Kəlbəcəri son tərk edənlərdən biri olub. O, Xocalı soyqırımının azsaylı xarici şahidlərindən biri olur. Baş verənlər onun qələmindən “The Washington Post” qəzetinin səhifələrində dərc olunur.
Son olaraq, (guya) dinini dəyişib müsəlman olmuş, amma adını müsəlmanlaşdırmamış Tatyana Çaladzenin bu gün anım günüdür. O, 2 dekabr 2017-ci ildə (58 yaşında) ölüb və Yasamal rayonunda Qurd qapısı qəbiristanlığında müsəlman qaydası ilə də dəfn edilib.