Konstitusiyanın 30 illiyinə yubiley medalı təsis edilir- medalın kimlərə verilməsi nəzərdə tutulub?

Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi ilə əlaqədar yubiley medalı təsis ediləcək.

Tezadlar.az xəbər verir ki,  məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, yubiley medalı ilə Konstitusiyasının hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına, Konstitusiyasının aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, Konstitusiya ilə təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, konstitusion ideya və prinsiplərin formalaşdırılması və inkişafına töhfələr verən, habelə Azərbaycan dövləti qarşısında xüsusi xidmətləri olan şəxslər təltif ediləcəklər.

Yubiley medalı ilə yuxarıda qeyd olunan şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif ediləcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olnmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.

 

 

Xəbəri paylaş

Xəbər lenti