Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Avqust 2026 / 09:15

Laçınında “Simurq” kitabxanası niyə bağlanıb?

Laçında fəaliyyət göstərən  “Simurq” kitabxanası tamamilə bağlanıb. Kitabxananın kollektivi adından tezadlar.az-a göndərilən məktubda deyilir: “Kitabxanamız bağlanır… Təəssüf hissi ilə bildiririk ki, artıq 6 aydır fəaliyyəti dayandırılmış “Simurq” kitabxanası tamamilə bağlanılır. Tanınmış dövlət xadimi Tağı Simurq Şahbazinin adını daşıyan kitabxana 4 fevral 2024-cü il tarixində Laçın şəhərində yaradılmış və qısa müddət ərzində rayonun mühüm mədəni-maarif ocaqlarından birinə çevrilmişdi.
Kitabxananın fondu Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Yazıçılar Birliyinin, M.F. Axundov adına Milli Kitabxananın, eləcə də tanınmış yazıçı, şair, tarixçi, jurnalist və ictimai fəalların könüllü ianələri hesabına formalaşdırılmışdı. Qısa müddət ərzində burada 4 000-ə yaxın kitabdan ibarət zəngin fond yaradılmışdı.
Bu kitablar sadəcə kağız üzərində yazılmış əsərlər deyil. Onların hər biri Laçının yenidən dirçələn mədəni həyatının bir parçası, oxucular üçün bilik və maarif mənbəyi, gələcək nəsillərə ötürüləcək mənəvi sərvətdir.
Laçının yenidən qurulduğu, insanların doğma şəhərinə qayıtdığı, şəhərdə yeni həyatın başladığı bir dövrdə kitabxananın fəaliyyətinin dayandırılması və tamamilə bağlanması böyük təəssüf doğurur.
Bir şəhəri yalnız yolları, binaları və küçələri yaşatmır. Şəhəri yaşadan onun yaddaşı, mədəniyyəti, kitabları və insanlarıdır.
Bu gün “Simurq” kitabxanasının qapılarının bağlanması ilə yalnız bir kitabxananın fəaliyyəti dayanmır. Laçının yenidən formalaşan mədəni həyatının mühüm bir ünvanı da itirilir.
Ümid edirik ki, minlərlə kitabın taleyi, onların gələcək nəsillər üçün qorunub saxlanılması və Laçında kitabxana ənənəsinin yaşadılması məsələsinə yenidən nəzər salınacaq.
Çünki kitabxananı bağlamaq asandır, amma bir şəhərin oxumaq və öyrənmək mədəniyyətini yenidən formalaşdırmaq illər tələb edir”.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın

"laçın" etiketi üzrə xəbərlər

Link kopyalandı!