Aspen Təhlükəsizlik Forumu çərçivəsində Latviyanın xarici işlər naziri Baiba Braje ABŞ prezidenti Donald Trampı 50 gün gözləmək əvəzinə, dərhal Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Tezadlar.az xəbər verir ki, onun sözlərini “Politico” sitat gətirir.
Diplomatın fikrincə, bu addım Rusiyanı danışıqlar masası arxasına oturmağa məcbur edəcək və döyüş bölgəsindəki vəziyyətə təsir edəcək.
“Biz Rusiyaya təzyiq göstərməyə və onun müharibə aparmaq qabiliyyətini zəiflətməyə çalışırıq. Bu, rus xalqına aid deyil”, – Braje deyib.
İyulun 14-də Tramp Rusiya-Ukrayna münaqişəsi ilə bağlı açıqlama verib. O qeyd edib ki, Moskvadan “çox narazıdır” və ultimatum verib: Əgər 50 gün ərzində hərbi əməliyyatlar dayanmasa, ABŞ Rusiya və onun tərəfdaşlarına 100% ikinci dərəcəli rüsumlar tətbiq edəcək. Bundan əlavə, Amerika lideri Kiyevə silah tədarükü, o cümlədən “Patriot” hava hücumundan müdafiə sistemi vəd edib, lakin bunun pulunu Aİ ölkələri ödəyəcək.
E.ŞİRİNOV

