Əsas məzmuna keç

Lavrov Bakıya buna görə gəlibmiş – ŞOK DETAL

?Rusiya xarici işlər naziri Sergey Lavrovun oktyabrın 15-də Bakıya səfəri və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirakı regionda siyasi və diplomatik proseslər baxımından diqqət çəkir. Bu səfərin Azərbaycan-Rusiya münasibətlərinə və regional siyasi gündəmə mümkün təsirləri maraq doğurur.
Sergey Lavrovun Bakıya səfəri və AQEM-in 7-ci sammitində iştirakı Azərbaycan-Rusiya münasibətlərinə hansı mesajları verir?
Bu barədə politoloq Rəşad Bayramov Tezadlar.az-a açıqlamasında deyib ki, Lavrovun Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci sammitində iştirakı Azərbaycan-Rusiya münasibətlərinin hazırkı mərhələsi baxımından diqqətçəkici hadisədir:
“Belə ki, səfər həm ikitərəfli əlaqələrin gələcək istiqamətləri, həm də Cənubi Qafqazda dəyişən siyasi reallıqlar fonunda Moskvanın regiona münasibəti baxımından əhəmiyyət daşıyır. AQEM kimi çoxtərəfli platformanın Bakıda keçirilməsi də Azərbaycanın regional və beynəlxalq diplomatik proseslərdəki rolunu ön plana çıxarır. Azərbaycan-Rusiya münasibətlərinin son dövrlərdə müəyyən gərginliklər və fikir ayrılıqları ilə müşayiət olunduğu bir faktdır, lakin tərəflər arasında siyasi dialoqun davam etdiyini də qeyd etmək lazımdır. Məlumdur ki, iyul ayında xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında keçirilən görüşdə ikitərəfli münasibətlər, iqtisadi-ticarət əməkdaşlığı, nəqliyyat, humanitar məsələlər və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Oktyabrın 7-də isə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı zamanı ikitərəfli əlaqələrin inkişafı və əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Bu təmaslar göstərir ki, tərəflər mövcud fikir ayrılıqlarına baxmayaraq, münasibətləri diplomatik kanallar vasitəsilə davam etdirməkdə maraqlıdırlar”.
Politoloqun sözlərinə görə, Lavrovun Bakı səfərinin əsas siyasi mesajlarından biri dialoq imkanlarının qorunması və qarşılıqlı maraqların müzakirəsi üçün platformanın mövcudluğudur:
“Rusiya Cənubi Qafqazdakı mövqelərini qorumağa çalışır, Azərbaycan isə müstəqil xarici siyasətini davam etdirərək regional əməkdaşlıq imkanlarını genişləndirməyə üstünlük verir. Bu maraqların bütün məsələlərdə üst-üstə düşməməsi təbiidir. Lakin məhz belə şəraitdə diplomatik təmaslar fikir ayrılıqlarının dərinləşməsinin qarşısını almaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Bununla belə, nazirin Bakıya gəlməsini münasibətlərdəki bütün problemlərin həlli kimi qiymətləndirmək də düzgün olmazdı. Səfərin real nəticələri tərəflərin konkret məsələlər üzrə hansı razılaşmalara nail olacağından və əvvəlki öhdəliklərin necə yerinə yetiriləcəyindən asılıdır. Qarşılıqlı etimadın bərpası üçün yalnız ümumi bəyanatlar deyil, həssas məsələlərə dair aydın mövqe, milli maraqlara hörmət və razılaşdırılmış addımlar tələb olunur. İki ölkə arasında zaman-zaman ortaya çıxan problemlər bizdən qaynaqlanmır. Odur ki, gərginliyin aradan qaldırılması və və münasibətlərin tamamilə normallaşması üçün addım atmalı olan tərəf Rusiyadır. Əgər Rusiya pblemlərin olduğu istiqamətlərdə konkret praktik addımlar atacaqsa o zaman hər hansı gərginlik də olmayacaq.
O baxımdan Lavrovun səfəri Azərbaycan-Rusiya münasibətlərində normallaşma istiqamətində əlavə diplomatik imkan yarada bilər. Lakin bu imkanın nəticəyə çevrilməsi Rusiyanın qarşılıqlı hörmətə, suverenlik prinsipinə və bərabərhüquqlu əməkdaşlığa nə dərəcədə sadiq qalmasından asılı olacaq”.

Aysel Timur

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…