Rusiya və Ukrayna doqquz aydan sonra ilk dəfə ABŞ vasitəçiliyi ilə Əbu-Dabidə eyni masada əyləşdilər. İlk gün dörd saatlıq danışıqlarda ərazi mübahisələri və təhlükəsizlik zəmanətləri müzakirə edildi. Rusiya xarici işlər naziri Lavrov Avropanın atəşkəs çağırışını rədd etdiklərini açıqladı.
Tezadlar.az xəbər verir ki, Rusiya və Ukrayna nümayəndə heyətləri ABŞ vasitəçiliyi ilə Əbu-Dabidə görüşüblər. Müharibəyə son qoymaq məqsədi daşıyan üçtərəfli danışıqların ilk günü təxminən dörd saat davam edib. Masada müzakirə olunan iki əsas mövzu ərazi mübahisələri və müharibədən sonrakı təhlükəsizlik zəmanətləri idi.
Lakin Moskva Avropanın atəşkəs çağırışından uzaqlaşır. Rusiya xarici işlər naziri Lavrov atəşkəsin Ukraynaya vaxt qazanmaq və hərbi itkilərini kompensasiya etmək üçün tələb olunduğunu iddia edib.
“Avropa Komissiyasının sədri Ursula fon Der Leyenin kabinet rəhbərinin dediyi kimi, davamlı atəşkəs əldə olunana qədər təhlükəsizlik arxitekturasının parametrləri müzakirə olunmayacaq. Başqa sözlə, köhnə məntiq hələ də qüvvədədir. Kiyev rejiminin tərəfdarları üçün vaxt almalı və bu vaxtdan ən azından hərbi sahədə çəkdikləri itkiləri kompensasiya etmək üçün istifadə etməliyik. Biz bunu qəbul etməyəcəyik. Bu dəfələrlə bildirilib”, – Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov həmçinin Avropa nümayəndələrinin Əbu-Dabidə Rusiya nümayəndə heyəti ilə danışıqlarda iştirakına da münasibət bildirib. O, jurnalistin sualına istehza ilə cavab verib.
Jurnalist: Demək olar ki, bütün Avropa ölkələri Əbu-Dabidə təmsil olunur. Moskva niyə avropalıların danışıqlar masasına gəlməsinə icazə vermir?
Lavrov: Onların təyyarələrini vurmağımızı təklif edirsiniz?
Jurnalist: Qətiyyən yox.
Lavrov bildirib ki, Əbu-Dabi danışıqlarında prioritet təhlükəsizlik arxitekturasının müəyyən edilməsidir. O, ABŞ-ın bu məsələ ilə bağlı təklifini qəbul etdiklərini açıqlayıb. Lavrov danışıqlara gələn avropalılara da reaksiya verib: “Avropalıların iştirakı ilə bağlı onlar Əbu-Dabiyə gəliblər. Qoy otellərində qalsınlar. Amerikalılar nümayəndə heyətimizlə danışıqlardan əvvəl ukraynalılar və avropalılarla danışıqlar aparacaqlarını bildiriblər. Görünür, onların məqsədi davamlı sülh məqsədinə uyğun olaraq onların əhval-ruhiyyəsini qaldırmaqdır”.
ELBAR







