Britaniya diplomatları Londondakı görüşdən Ukraynanı münaqişənin həllində ABŞ-a yaxınlaşmağa inandırmaq üçün istifadə ediblər.
Tezadlar.az bildirir ki, bu barədə “The Telegraph” öz mənbələrinə istinadən xəbər verir.
“Böyük Britaniya Kiyevin mövqeyini dəstəklədiyi halda, diplomatlar Londondakı görüşlərdən ukraynalıları Vaşinqtonun təqdim etdiyi təklifə yaxınlaşmağa çağırmaq üçün istifadə ediblər. Britaniya rəsmiləri Ukraynaya xəbərdarlıq ediblər ki, ABŞ yaxın günlərdə aydın irəliləyiş görməsə, danışıqlar masasına qayıtmaq ehtimalı azdır”, – nəşr yazır.
Eyni zamanda, mənbələrə görə, Böyük Britaniya, Fransa və Almaniya ABŞ prezidenti Donald Trampın tam atəşkəs haqqında razılıq əldə edilməmişdən əvvəl Krımı Rusiya ərazisi kimi tanımaq bəyanatına qarşı “birləşmiş cəbhə” yaratdılar.
Aprelin 21-də “The Wall Street Journal” Qərb rəsmilərinə istinadən yazıb ki, sülh planının bir hissəsi kimi ABŞ Ukraynaya Krımı Rusiya kimi tanımaq və NATO-ya üzv olmaqdan imtina etməyi təklif edib. Tramp həmçinin Ukrayna lideri Vladimir Zelenskini Krımı Rusiyanın mülkiyyəti kimi tanımaqdan imtina etdiyinə görə tənqid edib və bu cür ritorikanın münaqişənin həlli üzrə danışıqlara ziyan vurduğunu deyib.
E.ŞİRİNOV